Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Prezident doğru yolu göstərdi

  163
12:41 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Baş redaktor, “Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

 

Bu yolla getməyən özündən küssün!

 Azərbaycanda baş verən müsbət dəyişikliklərin beynəlxalq aləmin diqqət mərkəzində olması təsadüfi deyil. Çünki ölkəmiz sürətlə dəyişir. Bu dəyişikliklər bütün sahələrdə ardıcıl baş verir və hər kəs tərəfindən aydın hiss olunur. Yuxarıdakı iki cümlədən ibarət olan qeydlərim 9 oktyabrda cənab Prezidentin Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr olunmuş toplantısında da səsləndi. Bəli, hər birimiz ölkəmizin sürətlə inkişaf etməsini və qısa zamanda qüdrətli dövlətə çevrildiyinin şahidləriyik. İqtisadi, siyasi, mədəni, hərbi, sosial və cəmiyyəti təşkil edən digər sahələrdə baş verənlər hər kəsi sevindirir və ruhlandırır. Toplantıda cənab prezident tərəfindən sadalanan uğurlarımız haqlı olaraq dostlarımızı sevidirir, düşmənlərimizi isə, təbii olaraq kədərləndirir. Xristian və islam sivilizasiyaları arasında uzun illərdir gedən qaydasız mübarizənin pik həddinə çatdığı məqamda ölkəmizin hər bir din, hər bir millət üçün rahat məkana çevrilməsi dövlətimizin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu gün müəslman, xristian, bütpərəst, və başqa dinə mənsub olan insanların məmnun və məsud yaşadığ rahat məkandır Azərbaycan! Milli, dini, irqi və insanları bir-birindən fərqləndirən digər başqa xüsusiyyətlər görə, heç bir insana fərq qoyulmayan tolerant müsəlman ölkəsidir Azərbaycan!

Islamafobiyadan qorxunc və təhlükəli obraz yaratmağa çalışanların cəhdləri ölkəmizin apardığı rasional siyasət nəticəsində darmadağın olur. Bu isə, düşmənlərimizi və onların havadarlarını qəzəbləndirir.

Nazirlər Kabinetinin toplantısında ölkəmizin qazandığı uğurlarla yanaşı, yol verilmiş nöqsan və qüsurlardan, rüşvətxorluqdan, korrupsiyadan, məmur özbaşınalığından da bəhs olunması, açıq demək lazımdır ki, insanların diqqətini cəlb edib və cəmiyyətin bütün təbəqələrində ciddi müzakirəyə səbəb olub. Cənab Prezidentin rüşvətxor, korrupsioner, həddini aşan məmurlar haqqında kəskin tənqidi fikirlər səsləndirməsi, hətta bu tip məmurları vicdansız, imansız və ləyaqətsiz adlandırması xalqda cənab Prezidentə olan rəğbət və hörməti, tükənməz inamı daha da gücləndirdi. Qaçqınlara ev verilməsi prosesində həddini aşaraq, qaçqın olmayan insanlardan pul alıb, həmin adamlara ev verən məmurları hədəf seçən ölkə rəhbəri çox haqlı olaraq, həmin məmurları oğurluqda və şərəfsizlikdə suçladı və bu cür hərəkətə yol vermiş məmurların cəzasız qalmayacağını xüsusi olaraq vurğuladı.

Çox təəssüf ki, ölkə Prezidenti rüşvətxorluq və korrupsiya kimi, insan ləyaqətini alçaldan halları daim tənqid etsə də, bu cür məmurlar tutduqları vəzifədən uzaqlaşdırılsa da, hətta bəziləri həbs olunub məhbəsə atılsa da, bu xəstəliyə yoluxmuş ünsürlərin sayı azalmır ki, azalmır. Nağıl qəhrəmanı qırxbaşlı əjdaha kimi, başlar kəsildiyi yerdən daha qırx baş çıxaran rüşvətxorlar giləmeyvə qurdları kimi, qoz qabığının içərisinə də yol tapmağı bacarmaqda çox mahir və istedadlıdırlar. Ölkə başçısı son altı ayda kadr islahatları ilə çox ciddi şəkildə məşğuldur və elə gün olmur ki, hansısa vəzifəli şəxsin işdən azad olunması barədə xəbərlə tanış olmayaq. Lakin nə bəladırsa, görülən ciddi tədbirlər, hətta bəzi hallarda həbslər belə, digər vəzifə sahiblərinin əlini rüşvətdən çəkib, halal çörək yeməklə kifayətlənməsinə səbəb olmur ki, olmur! Başa düşmək olmur; ölkə başçısı daha nələr etməlidir, hansı radikal tədbirlərə əl atmaıdır ki, məlunlar rüşvət və korrupsiyadan əl çəkib, doğru, halal yolla yaşamağı seçsinlər?!..

İlk baxışda insanda elə təsəvvür yaranır ki, sanki Azərbaycanın sürətlə inkişaf etməsi, dünayda ən qabaqcıl mövqe qazanması rüşvətxor məmurların qəzəbinə səsbəb olur və ölkə inkişaf etdikcə, onlar daha da çox əl-qol açmaqla, ölkəmizin uğurlarını çirkaba batırmağa çalışırlar! Təzaddır, təzad!!! Axı, məmur haçanacan simasızlıqla, vicdansızlıqla və ləyaqətsizliklə məşğul olmalıdır. Haram qazanc əldə etmək ehtirasının həddi-hüdudu görəsən, heç yoxdurmu!? İnanın səmimi sözümdür insan bəzi məmurların harın, gəvəzə hərəkətlərinin yaratdığı eybəcər mənzərəni seyr etdikcə, bu cür əxlaqsız və vicdansız məmurlarla eyni mühitdə yaşadığına təəssüflənməyə bilmir. VİCDAN insanı Allahın yaratdığı bütün varlıqlardan fərqləndirən ən ali keyfiyyətdir və dünyada mövcud olan bütün QANUNlar ona köklənib! Lakin bəşəriyyət yarandığı ilk andan etibarən insan, məhz elə bəzi insanların etdiyi Vicdansızlıqla üz-üzə qalıb. Tamah, nəfs, eyş-işrət, dünya malına vurğunluq insanı ŞEYTANIN quluna çevirib, deyəsən...

Mətləbdən uzaqlaşmayaq, qayıdaq Nazirlər Kabinetinin toplantısında cənab Prezidentin rüşvətxor və korupsioner məmurlar haqqındakı fikirlərinə. Bəli, cənab Prezident bundan əvvəlki müşavirələrdə də məmurları ciddi tənqid etmişdi və onlara xəbərdarlıq etmişdi ki, tənqiddən nəticə çıxarsınlar. Lakin bir çoxları həmin xəbərdarlıqdan doğru nəticə çıxarmadığına görə, tutduqları vəzifələrlə xudahafizləşməli oldular. Onların adlarını sadalmaq istəmirəm, çünki hər kəs onların adını əzbər bilir.

Prezident çıxışında ayrı-ayrı sahələrdə davam edən qanunazidd hallara toxunaraq bir daha xəbərdarlıq edib: “Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün.»

Dövlət başçısı diqqəti başqa bir sahəyə- qanunsuz tikililərə yönəldir və deyir: « ... Əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.»

Ölkə rəhbəri cəmiyyətin ən ağrılı yerlərindən biri olan köçkünlərin mənzillə təminatındakı naqisliklərə kəskin etirazını bildirir: «Biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək.»

İnsanlar həyatda iki qrup insanı heç zaman unutmur, daim xatırlayırlar; dostu və düşməni. Vəzifədən çıxarılmış məmurlar əlbəttə, xalqın dostu deyildilər, imkanları var idi, amma dost ola bimədilər, düşmən oldular və haqlı olaraq vəzifədən qovuldular. Yeri gəlmişkən, onu qeyd edim ki, sorğu keçirib, nəticədə cəmiyyət üçün çox maraqlı bir faktla qarşılaşmışıq. Keçirdiyimiz sorğu nəticəsində məlum olub ki, ölkəmiz müstəqillik qazanandan sonra nazir işləyib, vəzifədən çıxmış məmurlar barədə rəy öyrənmək üçün «ən yaxşı nazir kimi, kimin adını çəkə bilərsiniz?- sualı ilə sorğu keçirmişik və min nəfərdən çox insanın rəyi öyrənilib. Sorğuda qoyulmuş həmin suala cavab olaraq yalnız bir nəfərin- mərhum Vəfa Quluzadənin adı bir neçə anketdə çəkilib!..

Bu fakt xalqımızın xidmətində dayanmalı olan digər aşağı kateqoriyadan olan - icra başçısları, polis rəisləri, prokurorlar və başqaları haqqında xalqın çox mənfi rəydə olduğunu açıq şəkildə ortaya qoyur!..

Bəli, Azərbaycanın sürətlə inkişafı, onun dünya ölkələri arasında nüfuz sahibinə çevrilməsi hər birimizin fəxr və qürur mənbəyidir! Ölkəmizin artan nüfuzunun və sürətli inkişafının müəllifi və memarı isə cənab ölkə Prezidentidir! Azərbaycanın ayağından asılmış qara daş isə, erməni dığalarıdır, xaricə qaçıb, oradan ölkəmizin ünvanına qara yaxanlardır, ölkəmizdə rüşvətxorluq və korrupsiya ilə məşğul olub, haramla sərvət qazanan xalqımızın güzəranının yaxşılaşmasına imkan verməyən bəzi üzdəniraq qudurğan məmurlardır. Məhz dünənki toplantıda da cənab Prezidentimiz söylədiyi nitqində bir xeyli də onlardan, onların ölkəmizə və xalqımıza vurduğu ziyanlardan bəhs etdi və bir daha onlara əyri yoldan qayıdıb, doğru yolla getməyin yolunu göstərdi! Güman edirəm ki, əyrini düzəltməyin yeganə düz yolu əyrini kəsməkdən keçir...

Mən Prezidentimizin əyri yol seçənlərə göstərdiyi düz yol haqqında bu qədər yazıb borcumu yerinə yetirdim. Bundan sonrası qalır kimin tövbə edib, o doğru yolu seçməsinə.

 

Yazarlar