Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dini radikalizmlə mübarizədə cəmiyyətin bütün
təbəqələrinin, xüsusən də qadınların rolu böyükdür

 

  41
20:58 10-10-2018
Şriftin ölçüsünü dəyiş  

 

Ölkəmizdə dini tolerantlıq yüksək səviyyədədir və radikal-dini
qruplaşmaların fəaliyyəti üçün şərait mövcud deyil

 

Azərbaycan Respublikası hüquqi, dünyəvi və demokratik dəyərlərə sadiq dövlət olaraq, ölkədə dini tolerantlığın saxlanılmasına və möhkəmləndirilməsinə daima dəstək verir. Düzdür, ölkəmizdə din dövlətdən ayrıdır və ayrıca fəaliyyət göstərir, eyni zamanda vətəndaşların vicdan azadlığı hüququ var. Amma dünyada gedən proseslər göstərir ki, bizim sərhədlərimiz daxilindəki azadlıqlardan sui-istifadə etməyə çalışan kifayət qədər qüvvələr var. Sözsüz ki, bu qüvvələrin idarəetmə mərkəzləri bizim sərhədlərimizin hüdudları xaricindədir. Belə qüvvələr kifayət qədər ustalıqla maskalanaraq ölkəmizdə fəaliyyət göstərən dini icmaların içərisinə nüfuz edərək öz ağalarının sifarişlərini yerinə yetirə bilirlər. Belə qüvvələri digərlərindən fərqləndirmək və onlara qarşı mübarizə üçün peşəkarcasına çalışmaq lazım gəlir. Belə peşəkar mübarizəni, təkcə cəmiyyətin üzərinə atmaq düzgün olmazdı. Bəlkə də nə vaxtsa, cəmiyyət bu işin öhdəsindən təkbaşına gələcək, amma indiki şəraitdə Azərbaycan cəmiyyəti bu işin yükünü çəkəcək səviyyəyə qədər inkişaf etməyib. Bu səbəbdən də dövlət tərəfindən diqqətə, qayğıya və tənzimləməyə ciddi ehtiyac var.

Azərbaycan cəmiyyəti zaman-zaman xarici missionerlərin din pərdəsi altında həyata keçirdikləri fəaliyyətlərindən zərər çəkir. Bir neçə il əvvəl vahhabilərin ölkəmizdə genişlənən fəaliyyəti, dövlətin, eləcə də cəmiyyətin onlara tolerant münasibəti nəticəsində neçə ailə başsız, valideyinlər övladsız qaldı, yüzlərlə gəncimizin həyatı puç oldu. O zaman vahhabilərin dini təbliğatına uyaraq Suriyaya gedən gənclərimizin böyük əksəriyyətinin sonrakı taleyi barədə heç bir məlumat yoxdur. O vaxt vahhabilər cəmiyyəti zəbt eləməyə çalışırdılar. Bu gün başqa bir dini təriqət ölkəmizi münbit məkan hesab edə bilər. Ona görə də ölkənin, cəmiyyətin və xalqın təhlükəsizliyi məsələsini "dini tolerantlığa" qurban vermək olmaz. Bu baxımdan Azərbaycan hökumətinin yürütdüyü dini siyasət təqdirəlayiqdir. Bu gün ölkəmizdə vicdan azadlığını məhdudlaşdıracaq heç bir qadağa mövcud deyil, hər kəs dinini seçib, biət etdiyi dinə ibadətini həyata keçirməkdə sərbəstdir. Amma bəlli olanda ki, hər hansı bir təriqət din pərdəsi altında kimlərinsə siyasi mənafelərinə xidmət edir, o zaman buna hüquqi qiymət verilir.

Hökumətin din istiqamətdə siyasəti, yalnız nəzarətdən ibarət deyil, bu istiqamətdə həm də ciddi təbliğat işləri aparılır, cəmiyyətin dini baxımdan maarifləndirilməsi prosesi gücləndirilir. Hökumətin dini siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkənin bütün bölgələrində növbəlilik əsasında tədbirlər keçirir, əhalinin radikal dini qruplaşmaların təbliğatından özlərini necə qorumaları barədə maarifləndirmə işləri aparır. Bu proses, təkcə DQİDK-nın üzərinə düşmür, bu işlə digər dövlət qurumları - rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti institutları da məşğul olurlar. Bütün bu kompleks işlərin nəticəsidir ki, ölkəmizdə həm dini tolerantlıq yüksək səviyyədədir, həm də radikal-dini qruplaşmaların fəaliyyəti üçün münbit şərait mövcud deyil. Belə bir "qızıl orta" kursunun davam etdirilməsi, cəmiyyəti elə inkişaf mərhələsinə qədər aparıb çıxara bilər ki, artıq radikal-dini qruplaşmaların susdurulması üçün hüquq-mühafizə orqanlarının müdaxiləsinə belə, ehtiyac qalmaz. Bildiyimiz kimi, hüquq-mühafizə orqanlarının müdaxiləsi, yalnız o zaman baş verir ki, radikal-dini qruplaşmalar cəmiyyətin bir hissəsini öz təsiri altına alaraq, onları qruplaşmanın əsirinə çevrirlər. Yüksək səviyyədə maariflənmiş cəmiyyət isə heç vaxt radikal-dini qruplaşmanı qəbul etmir, onun ideyalarının əsirinə çevrilmir. Belə cəmiyyət nümayəndələri mükəmməl bilgiyə malik olduqlarından onları heç bir dini idealoğiya ilə aldadıb tora salmaq mümkün olmur. Bu baxımdan Azərbaycan cəmiyyəti çox sürətlə inkişaf edir, proses irəlilədikcə, həm də ölkədəki dini tolerantlığa öz töhfəsini verir. Ölkəmizə səfər edən qeyri-islam dininə mənsub qonaqlar belə, bu tolerantlıq mühitindən məmnunluq ifadə edirlər.

Məsələn, bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin Beynəlxalq missiyası departamentinin direktor müavini Çarlz Lambert ilə görüşüb.

Görüş zamanı DQİDK-nın sədri qonağı ölkəmizdəki dövlət-din münasibətləri və multikultural mühit barədə məlumatlandırıb. Bildirib ki, demokratik, dünyəvi və hüquqi dövlət olan Azərbaycanda din dövlətdən ayrı olsa da, bu sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.

 Səmimi qəbula görə təşəkkürünü bildirən Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi Çarlz Lambert hər gəlişində Bakının daha da inkişaf etməsinin şahidi olduğunu bildirib.

Ölkəmizdəki dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının fəaliyyəti üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib. Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə  daha bir tədbir Gəncədə keçirilib. "Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu" mövzusunda keçirilən ikigünlük regional konfransda DQİDK-nın rəsmi nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev açaraq bildirib ki, ölkəmizdə yüksək səviyyədə mövcud olan dövlət-din münasibətləri, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma mühiti dövlətin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir və dövlət tərəfindən daim dini sahəyə böyük diqqət və qayğı göstərilir. Şöbə müdiri çıxışında, eyni zamanda dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən  maarifləndirmə işinin əhəmiyyətinə toxunub.

Daha sonra "Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları və onunla mübarizə" adlı təqdimatla çıxış edən Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bu gün bəşəriyyətin ən böyük probleminə çevrilən radikalizm, ekstremizm meyilləri haqqında məlumat verərək bildirib ki, Allah tərəfindən göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir. Bu gün çox təəssüfləndirici haldır ki, İslam dininin adı ekstremizmlə, radikalizmlə birlikdə çəkilir. Sülh, barış, mərhəmət dini olan İslamın adı terrorizmlə eyniləşdirilir. Müsəlmanların İslam dinini nüfuzdan salmaq istəyən qüvvələrin alətinə çevrilməsi də insanları çox narahat edir.

E.Kərimova həmçinin radikalizmin qurbanına çevrilməmək üçün İslamın əsl mahiyyətini öyrənməyin, islami dəyərləri olduğu kimi mənimsəməyin vacibliyini qeyd edərək, vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə və xurafata qarşı mübarizədə önəmli vasitədir. Bu gün radikalizmlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusən qadınların rolu böyük əhəmiyyət daşıyır. Azərbaycan qadını tarixən cəmiyyətdəki yüksək rolu ilə fərqlənib, milli adət-ənənələr əsasında tərbiyə alan Azərbaycan qadınının cəmiyyətdə rolunun daha da yüksəldilməsi, millilik və müasirliyin vəhdətində öz mövqeyini gücləndirməsi də çox vacib amillərdən biridir. Əgər biz sağlam düşüncəli gəncliyin, sağlam cəmiyyətin formalaşmasını istəyiriksə, qadınlarımız da gələcəyin təminatçıları, qurucuları olaraq təhsilli, zəngin dünyagörüşlü, güclü, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər olmalıdırlar.

Bu da danılmaz faktdır ki, Azərbaycan qadınları cəmiyyətdəki yerlərini və və vəzifələrin də çox gözəl bilirlər və bu gün ölkəmizdə aparılan genişmiqyaslı maarifləndirmə işinə onların verdiyi töhfələr də çox böyükdür.

 Onu da qeyd etmək lazımdır ki, son illər internetdə, xüsusən sosial şəbəkələrdə radikal dini cərəyanların apardığı dini təbliğatın məqsədi, metodları ətraflı öyrənilməli və onlara qarşı qanunun yol verdiyi imkanlardan istifadə edərək ciddi mübarizə aparılmalıdır. Çünki sosial şəbəkələr, internet insanların həyatında artıq sosial reallıqdır və orada baş verənlər qarşısıalınmaz prosesə çevrilib. Sosial şəbəkə istifadəçiləri dinlə bağlı məlumatlar əldə edərkən, onun mənbəyinə, mahiyyətinə, mövzunun ehtiva etdiyi mənalara diqqət etməlidirlər. Çünki dinlə bağlı düzgün olmayan, həqiqəti əks etdirməyən məlumatlar insanları, xüsusən gəncləri yanlış yönləndi, radikal dini cərəyanların, qrupların təsiri altına sala bilər. Buna görə də, məktəblilərin, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə ciddi nəzarət edilməli, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməlidir. Əks təqdirdə, fürsət gözləyən bədxahlara meydan açmış olarıq.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar