Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Multikulturalizm kitabları Azərbaycan
dəyərlərinin mükəmməl təqdimatçısıdır

  32
20:43 09-10-2018
Şriftin ölçüsünü dəyiş  

Bu kitabların ingilis və rus dilinə tərcümə edilməsi Azərbaycanın multikultural vizit kartı hesab olunur

 Bizə hələ uşaqlıqdan belə bir fikir aşılanırdı ki, "Kitab bilik mənbəyidir". Müasir zamanda bu bir qədər qəribə səslənə bilər, lakin fakt odur ki,  bu gün də insanlar müəyyən bilikləri əldə etmək üçün kitablara müraciət edirlər. Bu kitablar vasitəsi ilə ölkəmizdə mövcud olan multikultural dəyərlərin tarixi öyrənilir və təşviq olunur. Bu kitablar bizə öyrədir ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Multikulturalizm nisbətən yeni bir termin olsa da, xalqımızın milli özünəməxsusluğundan qaynaqlana bir anlayış kimi, Azərbaycanda dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.

Multikulturalizm dəyərlərinin Azərbaycan modelinin təbliği və təşviqi  hazırda ölkəmizdə aktual xarakter daşıyır. Bu modeli ölkə daxilində və xaricdə təqdim və təbliğ etmək üçün bizim də ciddi kitablara ehtiyacımız var. Çünki belə kitabların multikulturalizmi təbliği baxımından da çox böyük əhəmiyyəti var. Multikulturalizmin Azərbaycan modeli tarixi-milli dəyərlər, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarətdir. Dünyada sülhün bərqərar olması üçün də multikulturalizmin Azərbaycan modelinin tətbiqi vacibdir. Baxmayaraq ki, Azərbaycandakı multikulturalizm bu gün bütün dünyaya nümunə kimi təqdim olunur, onun daha geniş şəkildə təbliğinə hələ də ehtiyac duyulur. Bu baxımdan  ölkəmizdə nəşr olunan kitablar multikulturalizmin Azərbaycan modelinin  təqdimatında əhəmiyyətli rol oynaya bilər.

Məsələn, "Azadinform" İnformasiya Agentliyinin baş redaktoru, tarixçi, jurnalist Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikulturalizm" kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə çap edilib. Birgəyaşayışın Azərbaycan modeli kitabda faktlar və sənədlər əsasında araşdırılıb. Həmçinin, tolerantlığın milli mentalitetimizə xas keyfiyyət olduğu çoxsaylı qaynaqlara istinadla sübuta yetirilib. Milli azlıqların indiyə qədər tədqiq edilməyən və yaxud, araşdırmaya az cəlb olunan tərəflərinin öyrənilməsi sözügedən araşdırmada əsas məqsəd kimi qarşıya qoyulub. Müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısı tədqiqatda daha geniş təqiq edilib. Həmin araşdırmada milli azlıq anlayışının xarakteristikası və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilib. Birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib.

N.Niftiyevin "Azərbaycanda multikulturalizm və birgəyaşayış" kitabından sonra, 2017-ci ildə multikulturalizm mövzusunda "Multikulturalizm və mətbuat" adlı ikinci kitabı çap edilib. Son yüz ildə milli azlıqların mətbuat tarixinin ilk dəfə araşdırıldığı bu kitabda siyasi mədəniyyət, xalqların mediada qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlər, onlarla davranış qaydaları, adət və ənənələrinə münasibətin məcmusu ifadə olunub. Kitabda Azərbaycan, talış, ləzgi, gürcü, kürd, alman, yəhudi, polyak, udi, tat dilləri ilə yanaşı, ingilis, fransız və rus dilində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər də yer alıb. Bu yazılarla ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumi nəzər salınıb. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı qeyd olunub.

Kitabda Azərbaycanın mətbuat tarixinin çağdaş günümüzədək yüksək səviyyədə araşdırıldığı qeyd olunsa da, milli azlıqların və etnik qrupların KİV vasitələri ilə bağlı eyni həqiqətləri söylənilmədiyi də öz əksini tapıb. Qeyd edilib ki, bugünədək mövzunun aktuallığı nəzərə alınmayıb. İstər paytaxt, istərsə də multikultural subyektlərin kompakt yaşadığı bölgələrdə nəşr olunan qəzetlərin tarixi, müraciət etdiyi mövzular diqqətdən kənarda qalıb. Azərbaycan mətbuat tarixində multikulturalizm - milli azlıqların nəşrləri bəzi kiçik istisnalarla daha çox XIX-XX əsr mətbuatımızın tərkib hissəsi kimi öyrənilib. Bu nəşrdə isə mətbuat tariximizdə multikulturalizmə qısa ekskurs olunsa da, daha çox çağdaş Azərbaycan mətbuatında multikultural ənənələr diqqətlə öyrənilib və bu sahəni tənzimləyən beynəlxalq sənədlərdən nümunələr verilib. Həmçinin, dünya təcrübəsindən bəzi seçmələr də təqdim olunub.

Kitabda "Azərbaycan mətbuatı tarixində multikulturalizm", "Çağdaş Azərbaycan mətbuatında multikulturalizm", "Mediada multikulturalizm: Azərbaycanda yaşayan xalqların mətbuatı", "Beynəlxalq sənədlər və dünya təcrübəsindən bəzi seçmələr" bölmələri yer alıb.

Göründüyü kimi, multikulturalizmin təbliğində kitabların da rolu danılmazdır.

Multikulturalizmin Azərbaycan nümunəsinin beynəlxalq təcrübədə təsnif edilməsi də, görüləcək işlərin siyahısındadır. Bu istiqamətdə Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən, multikulturalizm dəyərlərinə həsr olunan, 2018-ci ilin yanvarında baş tutan dəyirmi masa da yaddaqalan olub.

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi"ndə baş tutan tədbirdə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə müsbət səviyyədə olduğu bildirilib. Gürcüstanın regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğu qeyd edilib. Azərbaycanla Gürcüstan hazırda müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edirlər.

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi"nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov bildirib ki, cəmiyyətdə kitaba marağın yüksəldilməsi üçün ciddi layihələrə imza atılıb. Kitab mədəniyyəti ocağına çevrilən mərkəz, geniş çeşidli ədəbiyyatın yayılmasından əlavə, tanınan yazıçılarla, görkəməli elm və mədəniyyət xadimləri ilə görüşləri, kitab təqdimatlarını yüksək səviyyədə təşkil edir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər üzrə şöbənin bölmə müdiri Qafar Əliyev Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına və multikulturalizm dəyərlərinə həsr olunan dəyirmi masanı yüksək qiymətləndirib. O qeyd edib ki, bu əlaqələrin kökü tarixə söykənir. Heç bir qüvvə bu əlaqələrin inkişafına mane ola bilməz.

Həmçinin qeyd edilib ki, müzakirə olunan dəyərlər müasirlərimiz tərəfindən də qorunur və onlara hörmətlə yanaşılır. Gürcü dilinə tərcümə edilən kitablarımızın, o cümlədən, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun "Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi" kitabının gürcü dilinə tərcüməsi iki xalq arasında kitab mədəniyyətinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Siyasi elmlər doktoru, professor Elman Nəsirli qeyd edib ki, Gürcüstanla mədəni əlaqələrimiz yüksək səviyyədədir. Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları konteksində qiymət verməsi də sevindirici haldır. O, multikulturalizmin Azərbaycan nümunəsinin üstün və fərqli cəhətlərindən geniş söz açıb.

Şirxan Adıgözəlov kitabının qısa zamanda gürcü dilinə tərcüməsinin iki ölkə arasında mədəni əlaqənin çox yaxşı olduğundan irəli gəldiyini diqqətə çatdırıb. Beynəlxalq aləmdə etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, etnik problemlərin az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşıb. Dünya ölkələri, o cümlədən, gürcülər də bu modeli öyrənməkdədirlər.

Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti Semvoy Kupadze Azərbaycanla Gürcüstan arasında böyük layihələrin, neft-qaz, nəqliyyat sahəsində əməkdaşlığın, mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından əlaqələrin olduğunu vurğulayıb. Gürcüstan EA-nın prezidenti Ş.Adıgözəlovun tədqiqat əsərini yüksək dəyərləndirib və öz ölkəsinin kitab araşdırmaçıları üçün bu sahədə qiymətli mənbə olduğunu qeyd edib. Dəyirmi masanın bütün iştirakçıları -  deputatlar, elmi ictimaiyyətin nümayəndələri, ziyalılar, yazıçılar, tədqiqatçılar çıxış edərək Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, bu dəyərləri özündə ehtiva edən multikulturalizm barədə maraqlı fikirlər səsləndiriblər.

Bakı Beynəlxalq Multikulturalzm Mərkəzi tərəfindən tərtib və nəşr olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı isə Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət

müstəvisində öyrənmək üçün mükəmməl mənbədir. Ən qədim zamanlardan başlayaraq, keçən əsrin əvvəllərinə qədər böyük bir dövrün folklor abidələrinin və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu kitabda mütəfəkkirlərimizin insanların birgəyaşayışı, etnik mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, həmrəylik haqqındakı çağırışları öz əksini tapıb. Bu kitab ədəbiyyatımızın bütün əsrlər boyu humanizm mövqeyində dayandığını, insanpərvərlik, ədalət carçısı, birlik-bərabərlik ideyalarının təbliğatçısı olduğunu aydın şəkildə göstərir. Görkəmli alimlər və ədəbiyyatşünaslar həmin nəşri Azərbaycan ədəbiyyatının multikultural dəyərlər mənzərəsinin uğurlu göstəricisi, bu sahədə sanballı mənbə kimi səciyyələndiriblər. 

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar