Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Multikulturalizmin əsl mahiyyəti
müxtəliflikdə harmoniya yaratmaqdır

  81
19:09 24-09-2018
Şriftin ölçüsünü dəyiş  

Multikulturalizmin inkişaf etdirilməsi dini və etnik münaqişələrin aradan
qaldırılması, ölkələrarası sülh münasibətlərinin təmin olunması deməkdir

  Qloballaşan dünyamızda baş verən proseslərə nəzər salsaq görərik ki, son dövrlərdə İslamofobiya, Ksenofobiya və s. bu kimi mənfi hallar geniş vüsət almaqdadır. Din pərdəsi altında törədilən, xüsusilə İslamla əlaqələndirilən terror aktlarının qarşısının alınması, İslamı, bütünlüklə dinlərin əsl mahiyyətini insanlara anlatmaq üçün multikulturalizm və tolerantlığın geniş təbliğinə böyük zərurət var. Son dövrlərdə Azərbaycanın məqsədyönlü şəkildə həyata keçirdiyi multikulturalizim və tolerantlıq siyasəti də, məhz bu zərurətdən irəli gəlir. Dövlətimizin qarşıya qoyduğu məqsədlərdən biri də müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın artırılmasına kömək etməkdir. Azərbaycan eyni zamanda inkluziv cəmiyyətin yaradılması, qarşılıqlı anlaşmanın təmin edilməsində də yaxından iştirak edir. Məlumdur ki, müxtəlif din və etnik birliklərin birgə fəaliyyət göstərməsi üçün lazım olan bu məsələlərin birbaşa tolerant yanaşma olmadan reallaşması mümkün deyil.

Əsl mahiyyəti müxtəliflikdə harmoniya yaratmaq olan multikulturalizmin beynəlxalq aləmə təsiri Azərbaycanın timsalında bir daha özünü təsdiqləyir. Bu da məlumdur ki, multikulturalizmin inkişaf etdirilməsi dini və mədəniyyətlərarası münaqişələrin aradan qaldırılması, eyni zamanda  ölkələrarası sülh münasibətlərinin təmin olunması deməkdir.

Bu gün Şərq-Qərb qarşıdurmasının əsl mahiyyəti dini və etnik müxtəlifliyin mövcudluğu və bu müxtəlifliklər arasındakı münasibətləri tənzimləyən mexanizmin olunmamasıdır. Multikulturalizm, məhz belə bir şəraitdə işə düşür və bu kimi gərginlikləri aradan qaldıra biləcək yeganə gücdür.

 Azərbaycan da multikultural dəyərləri və bu prinsipləri həyata keçirən multikulturalizm siyasətini beynəlxalq müstəvidə müxtəlif sivilizasiya və mədəniyyətlərə malik ölkələr arasında təbliğ etməklə həm dünyada özünəməxsus yerə sahib olmağa, həm də ölkələrarası dialoqun inkişaf etdirilməsinə çalışır. Bu həm də öz milli maraqlarını qoruyaraq region və dünya ölkələrinə qarşı balanslaşdırılmış xarici siyasət kursu həyata keçirən Azərbaycanın başlıca prinsiplərindən biridir. Bu siyasət ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların nümayəndələrinə bərabər şəraitdə yanaşmaq imkanı yaratmaq və bu ənənəni dünya müstəvisinə çıxarmaq yolu ilə həyata keçirilir. Ölkəmizin eyni zamanda ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Antiterror Koalisiyasının fəal üzvü olaraq terrorizmə qarşı mübarizəyə öz töhfəsini verməsi, dünyada sülhün bərqərar olması məsələsinə nə dərəcədə həssaslıqla yanaşdığını bir daha sübut etmiş oldu.

Sovet rejiminin süqutu ərəfəsində erməni separatizmi və terroru ilə üzləşən Azərbaycan, bu bəlanın nə olduğunu tam şəkildə öz üzərində hiss edib.

Dünya mətbuatında Azərbaycanla, xüsusilə Azərbaycanın multikulturalizm modeli ilə bağlı yüksək təəssürat formalaşdıran bir çox məqalələrin dərc olunması da, onun haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır. "Jewish", "Dailycaller", "Ər-Riyad", "Spectator", "River Flash" və.s nüfuzlu qəzet, jurnal və internet portallarında Azərbaycanla bağlı dərc edilən məqalələr buna bariz nümunədir. Azərbaycanda fəaliyyətdə olan səfirlərin, ölkəmizə səfər edən turistlərin qarşılaşdığı multikultural mənzərə qarşısında öz müsbət emosiyalarını bölüşməsi, Azərbaycanın beynəlxalq imicinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, Azərbaycan haqqında öz təəssuratların bölüşən Amerikanın Azərbaycandakı keçmiş səfiri Enn Dersi deyib: "Azərbaycan dünyaya neft-qaz ixrac edən ölkə kimi tanınır, lakin Azərbaycanda fəaliyyət göstərdiyim dövrdə gördüyüm mühiti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan dünyayan tolerantlıq və multikulturalizm də ixrac edə bilər".

Azərbaycanın multikulturalizmin və tolerantlığın təbliği baxımında son illər gördüyü işlər də, onu deməyə əsas verir ki, keçmiş səfiri Enn Dersi öz fikirlərində tam haqlıdır.

Multikulturalizmi dünyada təbliğ etmək missiyasını öz üzərinə götürən  Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldıra bilib.

Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur.

Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi isə onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin xalqımızın həyat tərzinə çevrilməsini haqlı olaraq mühüm üstünlük hesab edir: "Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür". Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzi olmasını Azərbaycanın böyük nailiyyəti hesab edərək bu iki faktorun ölkədə müsbət ab-hava yaratdığını xüsusi qeyd edıb.

"Multikultural təhlükəsizlik" terminini ilk dəfə ədəbiyyata daxil edən AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdullayev bu termini milli təhlükəsizlik sisteminin mühüm bir komponenti kimi qələmə verərək onu etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi xarakterizə edir. Ksenofobiya, antisemitizm, islamofobiya, radikalizm meyillərinin artdığı dünyanın əksər dövlətlərindən, hətta multikulturalizm siyasətinin dövlət siyasəti kimi meydana gəldiyi Qərb ölkələrindən fərqli olaraq Azərbaycan öz multikultural təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə müvəffəq olub. 

Ölkəmizin multikulturalizm sahəsində böyük nailiyyətlər qazandığını əcnəbi qonaqlar da xüsusi qeyd edirlər. Öz təəssüratlarını ölkələrində dərc olunan müxtəlif nəşrlərdə əks edərək, Azərbaycanda əlverişli multikulturalizm və tolerantlıq mühitinin bərqərar olduğunu qeyd edirlər. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət 50 nəfərlik heyətin rəhbəri ravvin David Volpe Amerikada çıxan "Time" jurnalında dərc etdirdiyi "Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir" adlı məqaləsində Azərbaycandakı multikulturalizm və tolerantlıq mühiti haqqında bunları yazır: "Bir həftə öncə Qüds şəhərində bir İsrail diplomatı bizimlə görüşdə bu sözləri dedi ki, mən İsveçdə başımda kepa ilə gəzməyə ehtiyat edirəm, amma Azərbaycanda yox. Bakı küçələrində bir həftəyə yaxın kepa ilə gəzdim, nəzakət və mehribanlıqdan başqa bir qarşılıq görmədim. Bu, dünyada çox az rast gəlinən qeyri-adi bir nailiyyətdir".

Başqa bir əcnəbi qonağımız isə "The Jerusalem Post" qəzetində dərc olunan "Azərbaycan İsrailə olan ümidimi necə bərpa etdi?" adlı məqaləsində yazır: "Azərbaycana ayaq basana qədər qədim tarixi olan bu xalq və bu gənc dövlət barədə heç nə bilmirdik. Bir həftə sonra isə biz Azərbaycanı bu məğrur ölkəyə, onun səxavətli hökumətinə və gözəl insanlarına böyük məhəbbət hissi ilə tərk etdik". Bu da o deməkdir ki, Azərbaycan özünün multikulturalizm siyasəti vasitəsilə ölkə daxilində olan etnik, irqi, dini və mədəni müxtəliflikləri tənzimləyərək bu müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına nail ola bilib. Ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi əsas nailiyyətləri görmək istəməyən, ona münasibətdə ikili standartlar siyasətini yürüdən bəzi Qərb dövlətləri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: "Azərbaycandan yüzilliklər boyu formalaşan tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydilər, pis olmazdı".

Bəzi qərb dövlətlərinə nümunə kimi Prezident İlham Əliyevin dəstəyi ilə Regional hərəkat olaraq yaradılan "Bakı prosesi" ni də göstərə bilərik. Bildiyiniz kimi, cari ilin sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclası öz işinə başlayıb.

Tədbirdə "Antisemitizmlə mübarizə; dini və ya etiqadi zəmində, o cümlədən xristianlara, müsəlmanlara və digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə" mövzusuna həsr olunmuş 6-cı işçi sessiyası keçirilib. Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarına "Bakı prosesi" haqqında geniş məlumat verib. O, "Bakı prosesi"nin tarixi, məqsədləri və iştirakçıları barədə danışıb, bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin prosesin 10 illiyinin ölkəmizdə geniş qeyd edildiyini bildirib. O qeyd edib ki, bir hərəkat kimi mədəniyyətlərarası dialoqun inkişafına yönələn "Bakı prosesi"nin əsası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qoyulub və artıq 10 ildir ki aktiv fəaliyyət göstərir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar