Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı

  47
22:15 18-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 133 illiyi münasibəti ilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə anım mərasimi keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən Paralel.az-a verilən məlumata görə, tədbirdə Serbiya ictimaiyyətinin, Novi Sad şəhər meriyasının nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının təmsilçiləri, təhsil alan azərbaycanlılar və Səfirliyimizin əməkdaşları iştirak ediblər.

 

Tədbirin əvvəlində iştirakçılar tərəfindən dahi bəstəkarın ruhu bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklil qoyulub.

 

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin müşaviri Mahir Cəfərov Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat vermiş, onun mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutduğunu bildirib.

 

M.Cəfərov Şərqdə ilk operettanın yaranmasının da məhz Üzeyir bəyin adı ilə bağlı olmasını, onun 300-dən çox xalq mahnısını toplayıb notlaşdırmasını vurğulamış eləcə də marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazmasını, habelə Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycanın dövlət himninin musiqisinin ona məxsus olduğunu diqqətə çatdırıb.

 

Dahi bəstəkarın həyatını, yaradıcılığını əks etdirən buklet və broşürlər Novi Sad İncəsənət Akademiyasına və Belqrad Universitetinin musiqi fakültəsinə təqdim olunub.


Yazarlar