Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Təhsildə yeni hədəflərə doğru - Nazir YAZIR  

  18
15:40 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilən təhsil XXI əsrin mühüm reallıqlarını özündə təcəssüm etdirir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatın güclü və vətəndaşların rifah səviyyəsinin yüksək olmasına zəmin yaradır.

Ötən tədris ilində də Dövlət Strategiyasında təhsil sisteminin inkişafını şərtləndirən 5 mühüm istiqamət üzrə bir sıra mühüm hədəflərə çatmaq yönündə ciddi addımlar atılıb. Təhsilin əhatəliliyi, bərabər imkanlar, şəffaflıq, səmərəlilik 2017-2018-ci tədris ilinin əsas keyfiyyət göstəriciləridir.

 Regionlarda təhsilin müsbət inkişaf dinamikası

 Regionlarda təhsilin inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Yeni tədris ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Meysəri kənd tam orta məktəbinin yeni binasının və İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışlarında iştirak ediblər.

Son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Təhsil Nazirliyi cari il ərzində regionlarda təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirib. Nəticədə təhsilin inkişaf dinamikasında regionların göstəriciləri əhəmiyyətli dərəcədə artıb ki, bu da ötən tədris ilinin mühüm nəticələrindən hesab oluna bilər. Nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilməkdədir.

Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlər müsbət nəticələr verib. Ötən tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxu ucqar bölgələrdə fəaliyyətə başlayıb. Hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stumullaşdırma tədbirləri tətbiq olunur. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu tədbirlər isə ümumilikdə regionlarda təhsilin inkişafına mühüm təkan verib.

 Müəllim peşəsinin nüfuzu artır

 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.

Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunur.

Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi də sevindirici haldır. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu, həm də müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticəsidir.

2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardısa, builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Gənclər həm də ona görə müəllim olmaq istəyirlər ki, bu peşənin nüfuzu ilbəil artır. Ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, müəllimlərin işə qəbulunun şəffaf təşkili bu peşənin cazibədarlığını artırmaqla yanaşı, həm də müəllim olmaq missiyasının yeni üfüqlərini müəyyən edib.

 Məktəbəqədər təhsilin əhatəliliyi genişlənir

 Təhsilin keyfiyyətinə və insanların uzun müddətdə rifahına təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Bu mənada məktəbəqədər hazırlıq təhsilin gələcəyini müəyyən edən mühüm faktorlardan biri hesab olunur. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. 2014-cü il fevralın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən müşavirədə "Məktəbəqədər müəssisələrin inkişafı” proqramı təqdim olunub. Bundan sonra ölkəmizin müxtəlif regionlarında məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilməyə başlanılıb. Vəziyyətin dəyişməsi üçün Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra vacib addımlar atılıb. 5 yaşlıların məktəbəhazırlığına dair xüsusi məzmun hazırlanıb.

2016-cı ildə hökumətin bununla bağlı xüsusi qərarı əsasında bu iş dövlət hesabına təşkil olunub. Nəticədə bir neçə il əvvəl bu sahədə başqa ölkələrdən çox geridə qalan Azərbaycanda sıçrayış xarakterli dinamika müşahidə olunub. Ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə 2017-2018-ci tədris ilində məktəbəqədər təhsilin əhatəliliyi xeyli genişləndirilib.

2017-ci ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə qədər yüksəlib, heç bir zaman məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Bu vacib dəyişiklik nəticəsində həm təhsilin keyfiyyəti, həm də bərabər imkanlar baxımından müsbət nəticələr əldə olunub. 2018-2019-cu dərs ilində həmin göstəricinin 70 faizdən artıq olması, 2020-ci ilədək isə 90 faizə çatdırılması nəzərdə tutulur. Bu isə məktəbəhazırlığın səviyyəsinə görə beynəlxalq standartlara yaxınlaşmaq deməkdir. Həmin istiqamətdə digər hədəf isə keyfiyyətin yaxşılaşdırılmasıdır. Bu məqsədlə Təhsil İnstitutunun UNICEF-lə birgə layihəsi çərçivəsində məktəbəqədər təhsilin keyfiyyət standartları hazırlanıb.

Mühüm yeniliklərdən biri də budur ki, 2018-2019-cu tədris ilində "Sağlam təhsil-sağlam millət” layihəsinin məktəbəhazırlıq qruplarında tətbiqinə də başlanılacaq.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir.

 Birinci siniflərə elektron qəbulda vətəndaş məmnunluğu

 Təhsildə keyfiyyət ilinin ən mühüm göstəricilərindən biri də ölkəmizdə I siniflərə qəbulun sadələşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təhsil Nazirliyi vətəndaş məmnuniyyətinə nail olmaq və şəffaflığı təmin etmək üçün artıq 4 ildir ki, Bakı şəhərində məktəbə qəbulu elektron sistem vasitəsilə aparır. Təhsil Nazirliyinin 5 fevral 2018-ci il tarixli müvafiq əmrinə uyğun olaraq, 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilir.

"Təhsil haqqında” qanuna edilən dəyişikliyə uyğun olaraq, ilin sonunadək 6 yaşı tamam olan uşaqlar məktəbə müsabiqəsiz qəbul olunacaqlar. Sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olmuş uşaqlar valideynlərin müraciətləri əsasında məktəblərə qəbul edilə biləcəklər. Bu vaxta kimi həmin kateqoriyadan olan uşaqlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunurdular.

 Yeni dərs ilində kurikulumlar XI sinifdə tətbiq ediləcək

 Məzmun istiqamətində ən mühüm nailiyyət ondan ibarətdir ki, 2008-ci ildən başlayaraq ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi prosesi başa çatmaqdadır. Artıq növbəti 2018-2019-cu dərs ilində yeni kurikulumlar XI sinifdə tətbiq ediləcək. Bu, uzun və çətin proses çərçivəsində hər bir fənn üzrə yeni məzmun standartları hazırlanıb, yeni məktəbdaxili qiymətləndirmə mexanizmi yaradılıb və tətbiq edilib. Eyni zamanda, yüzlərlə nüsxədə yeni dərslik və müəllimlər üçün vəsait, yeni məktəbdaxili qiymətləndirmə sistemi hazırlanıb. 2016-cı ildə keçirilmiş PIRLS tədqiqatının nəticələri göstərib ki, yeni kurikulumlarla təhsil almış şagirdlər ənənəvi proqramlarla təhsil almış şagirdlərdən üstün nəticə göstərib. PIRLS tədqiqatının nəticələrinə görə, Azərbaycanın nəticələri 2011-ci ildə aparılan tədqiqatlarla müqayisədə 462 baldan 472 bala yüksəlib. Burada yüksək və mükəmməl nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb.

Bundan başqa, ölkəmiz bu il keçiriləcək PISA, 2019-cu ildə isə TIMSS beynəlxalq qiymətləndirməsində də iştirak edəcək. Bu isə şagird nailiyyətlərinə təsir edən amillərin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edəcək. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar da Təhsil Nazirliyinin maraq dairəsindədir.

 Peşə təhsilinə maraq artır

 İqtisadiyyatın müasir şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması mühüm əhəmiyyət kəsb edir. Ötən tədris ilində ilk dəfə olaraq bu sahənin inkişafına böyük təkan verən "Peşə təhsili haqqında” qanun qəbul olunub. "Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın, "Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb. Peşə təhsili müəssisələri üzrə 1350 mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib.

2018-ci il fevralın 27-də Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə” təhsil mərkəzi yaradılıb. 800-dən artıq ümumtəhsil, 200-dən çox ixtisas fənn müəllimləri və ustalar ölkəmizdə, ölkədən kənarda keçirilən seminarlarda, o cümlədən pedaqogika, didaktika, kurikulumun hazırlanması və tədrisi üzrə təlimlərdə iştirak ediblər. Ötən tədris ilində peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib, peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb.

2018-ci il yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi olub. Mərkəzin 2019-2020-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

Peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində layihələr həyata keçirilib. Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində quraşdırılması üçün Çin Xalq Respublikasından 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri ölkəmizə gətirilib.

Mühüm nəticələrdən biri budur ki, Avropa İttifaqının 2018-ci il üçün Azərbaycan üzrə tərtib etdiyi biznes mühiti hesabatında Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılmasını, habelə peşə təhsili və təlimin müsbət nəticələrini qeyd ediblər.

2018-2019-cu tədris ili üzrə "ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, Təhsil Nazirliyi və "ASAN xidmət”in birgə həyata keçirdiyi "ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin əhəmiyyətli şəkildə genişlənməsinin şahidi olacağıq.

 Uğurlu qəbul kampaniyası

 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən dövlət imtahanlarının nəticələri də uğurlu olub. Cari ildə keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticəsinə əsasən I-V ixtisas qrupları üzrə 40.806 abituriyent tələbə adını qazanıb. Qəbul imtahanlarında 3.127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Bu göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 29 abituriyent 700 bal toplayib. Ötən il bu göstərici 15 nəfər olub.

Son beş ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir. Bu dövrdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 20,8 faiz artıb.

 "Təhsil haqqında” qanuna dəyişikliklər

 2018-ci tədris ilində təhsil sahəsində ən mühüm yeniliklərdən biri "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı oldu. Məlum olduğu kimi, 2013-cü ildə qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesində bir çox yeniliklər, islahatlar tətbiq etmək zərurəti yaranıb. Həmin hədəflərə nail olunması istiqamətində tədbirlər həyata keçirmək üçün qanunda dəyişiklik edilməsi zərurətə çevrilib. Təhsil Nazirliyi dəyişikliklə bağlı təşəbbüs göstərərkən həmin zərurəti nəzərə alıb. Hər bir dəyişiklik öncə araşdırılıb. Araşdırmaların nəticələri geniş təhlil olunub. Yalnız bundan sonra qərara alınıb ki, "Təhsil haqqında” qanuna yeni yanaşmalar əsasında dəyişikliklər edilsin. Dəyişikliklər əvvəlcə Milli Məclisdə müzakirə olunub. Müzakirələr iyunun 12-də qanunun qəbul olunması ilə başa çatıb. İyulun 5-də Prezident İlham Əliyev qanunun tətbiqi haqqında fərman imzalayıb. Ümumilikdə qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliklər yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Belə ki, "Təhsil haqqında” qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib. Dəyişikliklər şərti olaraq iki qrupa bölünür. Texniki xarakterli dəyişikliklər uyğunluğun əldə edilməsi baxımından önəmlidir. Bir sıra normativ hüquqi aktlarda qəbul edilən dəyişikliklərlə təhsil haqqında qanun arasında uyğunluğun təmin edilməsi məqsədi daşıyır. İkinci qrupa aid edilən dəyişikliklər isə məzmun dəyişikliyini özündə ehtiva edir. Məsələ ondadır ki, təhsil sisteminin məqsədi sadəcə rəqəmlərlə ölçülə bilməz. Təhsil Nazirliyi olaraq hesab edirik ki, fəaliyyətimizdə prioritet məsələ şagirdlərdə vətənpərvərlik, milli-mənəvi dəyərlər, fəal vətəndaş mövqeyi, şagirdlərin yaradıcılıq və idman sahəsində istedadının aşkara çıxarılması və inkişaf etdirilməsi, onların sağlamlığıdır. Qiymətləndirmə və dərs yükü məsələləri də bizim üçün önəmli məsələlərdir. Bunları nəzərə alıb özümüz üçün konkret və spesifik hədəflər müəyyən etmişik. Həm məktəblərin, həm də yerli təhsili idarəetmə orqanlarının fəaliyyətində bu prioritetlər öz əksini tapacaq.

"Təhsil haqqında” qanuna edilmiş bir sıra dəyişikliklər üzrə yeni qaydalar cari tədris ilindən tətbiq ediləcək.

 Qəbul imtahanlarında yeniliklər olacaq

 Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar. Yeni məzmun yeni qiymətləndirmə tələb edir. Məhz bu səbəbdən də bu il tam orta təhsili başa buran məzunlarımız buraxılış imtahanlarını yeni formatda verəcəklər. Əlavə olaraq ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq. İmtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həll etmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil ediləcək. Biz beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də görürük ki, bu bacarıqlar şagirdlərimizdə daha aşağı səviyyədə formalaşıb. Hal-hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqədə imtahanların yeni formatı istiqamətində əməkdaşlıq edirik. Qısa olaraq yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir.

 Yeni tədris ilində yeni hədəflər

 Qeyd edilməlidir ki, 2017-2018-ci dərs ilində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumu təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin dəstəyi və qayğısının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib. Buna görə də Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub. Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri -müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. Həmçinin bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib. Bu da təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşı kimi formalaşmasını təhsil müəssisələri qarşısında prioritet istiqamət olaraq müəyyənləşdirir.

"Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcəkdir.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

 


Yazarlar