Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əbülfəs Qarayevdən “Azərbaycan” qəzetinə TƏBRİK

  18
19:00 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

Sentyabrın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin redaksiyasına gələrək qəzetin fəaliyyətə başlamasının 100 illiyi münasibətilə kollektivi təbrik etdi.

 

Paralel.az xəbər verir ki, tədbirdə çıxış edən qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov mətbuat orqanının fəaliyyətinə qısa nəzər saldı. Qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində “Azərbaycan” qəzetinin də böyük rolu var. Qəzetin 1920-ci ilə qədərki saylarında Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı geniş əks olunub: “İlk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə Azərbaycan dilində nəşr olunan qəzet azərbaycançılıq məfkurəsinin təbliğinə böyük önəm verib. 1918-1920-ci illər ərzində qəzetdə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı haqqında məlumatlar dərc edilib. Mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini də geniş işıqlandırıb”.

Baş redaktor bildirdi ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar. Qəzetin ilk redaktoru Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli idi. Qəzetin səhifələrində Üzeyir bəyin Azərbaycanın tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə aid 100-dən çox məqaləsi dərc olunub.

Vurğulandı ki, C.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.İbrahimin həyatı faciəli olub. X.İbrahim 30-cu illər repressiyasında güllələnib, məzarı da bəlli deyil. Bəxtiyar Sadıqov onun İçərişəhərdə yaşadığı evə xatirə lövhəsinin vurulmasını təklif etdi. Bəxtiyar Sadıqov sonda bildirdi ki, müstəqil dövlətimizin quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən mətbu orqan Xalq Cümhuriyyəti zamanında dərc olunan “Azərbaycan” qəzetinin varisidir.

Görüşdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin ölkəmizin mətbuat tarixində tutduğu önəmli mövqedən danışdı, kollektivi əlamətdar yubiley münasibətilə təbrik etdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan “Azərbaycan” qəzeti milli dövlətçilik məfkurəsinin möhkəmləndirilməsində, xalqımızın azadlıq ideallarının, mədəniyyətinin, irsinin yaşadılması və təbliğində müstəsna rol oynayıb. Bu qəzetin işıq üzü görməsi Bakının bolşevik-daşnak işğalından azad edilməsi, müstəqil Azərbaycanın öz paytaxtına qovuşması ilə eyni günə təsadüf edir. İndi həmin şanlı tarixin təntənəli şəkildə qeyd olunması üçün paytaxtımızda böyük hazırlıq işləri görülür”.

Nazir qeyd etdi ki, dahi Üzeyir Hacıbəylinin və məsləkdaşlarının yorulmaz fəaliyyəti sayəsində nəşr olunan qəzet Xalq Cümhuriyyətinin özünütəsdiqində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib: “Cümhuriyyət tarixinin öyrənilməsində 1918-1920-ci illərdə bu qəzetdə dərc olunmuş materialların əhəmiyyətli yeri var. Cümhuriyyətin süqutundan sonra “Azərbaycan” qəzeti eyni aqibəti yaşasa da, sovet ideologiyası ziyalılarımızın azərbaycançılıq ideologiyasının təbliğ edilməsinin qarşısını ala bilmədi. Onların əksəriyyəti mühacirətdə bu məfkurənin təbliğini davam etdirdilər. Bu gün biz həmin tarixi xatırlamaqla bərabər, milli ruhlu ziyalılarımızı da minnətdarlıqla yada salırıq”. Əbülfəs Qarayev bildirdi ki, XX əsrin sonunda ölkəmiz yenidən istiqlaliyyət qazandıqdan sonra “Azərbaycan” qəzeti də fəaliyyətini bərpa edərək milli mətbuat ənənələrini uğurla davam etdirdi, müstəqilliyimizə öz layiqli töhfələrini verdi: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi dövlətçilik kursu, davamlı və dinamik inkişaf strategiyası “Azərbaycan” qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.

“Azərbaycan” qəzetinin ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı proseslərə hər zaman fəal jurnalistika və vətəndaşlıq mövqeyindən yanaşması xüsusilə təqdirəlayiqdir. Qəzet dövrün taleyüklü məsələləri ilə bağlı dövlətçilik mənafelərinə, milli-mənəvi dəyərlərə xüsusi diqqəti ilə seçilir və bütün bunların sayəsində çağdaş mətbuatımızda özünəməxsus mövqeyə malikdir”.

Vurğulandı ki, “Azərbaycan” qəzeti həmçinin mədəniyyətimizin inkişafı və təbliğini də daim diqqətdə saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə reallaşan mədəniyyət layihələri qəzetdə geniş əksini tapır. Azərbaycanda uğurla gerçəkləşən beynəlxalq festivalların, digər irimiqyaslı mədəni tədbirlərin qəzetdə dolğun şəkildə işıqlandırılması da məmnunluq doğurur.

Nazir Əbülfəs Qarayev çıxışının sonunda bir daha qəzetin kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.


Yazarlar