Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda hər bir xalqın
mədəniyyətinə böyük sayğı var

  65
20:12 11-09-2018
Şriftin ölçüsünü dəyiş  

Prezidenti İlham Əliyev: "Yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə
sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm"

 

Mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub və bu ənənə hazırkı dönəmdə də davam etdirilməkdədir. Ta qədim zamanlardan Azərbaycan Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, eləcə də əksinə keçid almasında körpü rolunu oynayıb. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığın özü irəli sürüb. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır.

Tarixin bütün dövrlərində özünün rəngarəng milli və dini tərkibli ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin çox qədim etnik-milli mənbələri var. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. bu müxtəlifliyin vəhdətini müəyyənləşdirir.

Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal, tolerant münasibət bəslənib. Azərbaycan dövləti daim ardıcıl və düşünülmüş milli siyasət yeridərək, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, milliyətindən asılı olmayaraq, Azərbaycanda məskunlaşan bütün xalqların hər zaman mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Bu səbəbdən də Azərbaycandakı tolerant və çoxmədəniyyətli mühit dünyanın bütün siyasi və mədəni mərkəzlərinin diqqətini cəlb etməkdədir. Bu baxımdan Bakıda keçirilməsi bir ənənəyə çevrilən humanitar forumlara, konfranslara və digər tədbirlərə dünyanın super-gücləri sayılan ölkələrin mədəniyyət mərkəzləri nümayəndələrinin böyük maraq göstərməsi də anlaşılandır. Vaxtaşırı keçirilən bu forumların və dünyanın tananmış humanitar təşkilatların nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin əsas və yeganə səbəbi ölkəmizdə mövcud olan tolerant və multikultural mühitin yaranma formulasını müəyyən etməkdən ibarətdir. Yəqin ki, Azərbaycana səfər edən hər bir nümayəndə bu formulanı özü anladığı dərəcədə və formada başa düşür və gələcək fəaliyyəti üçün bundan bəhrələnə bilir. Lakin elə insanlar da var ki, onlar Azərbaycanda möcüzə axtarır və bu mühitin yaranmasında hansısa sehirli bir qüvvənin iştirakına inanır. Əslində isə bu Azərbaycan vətəndaşları üçün adi bir həyat tərzidir və burada möcüzə axtarmaq heç kimin ağlına belə gəlmir. Məsələyə bir qədər diqqətlə yanaşdıqda isə qarşımızda yeni bir mənzərə açılır. Məsələn, bu günlərdə Azərbaycanda yaşayan azsaylı xalqlardan biri olan yəhudilər yeni il bayramlarını qeyd etməyə hazırlaşırlar. Bildiyiniz kimi, hər bir xalq yeni il bayramını öz mədəniyyətlərindən, inanclarından doğan fəlsəfəyə əsaslanaraq ilin müxtəlif vaxtlarında keçirilər. Bu səbəbdən də Azərbaycan ərazisində ildə bir neçə dəfə yeni il bayramı qeyd edilir, yəni ölkəmizdə hər bir xalq yeni ili öz mədəniyyətlərinə uyğun şəkildə qeyd edirlər. Məsələn, İslam dininin şiə təriqəti bu bayramı, Məhərrəm aynın ilk gününü matəmlə qarşılayır. Bununla belə, ölkəmizdə onlara da heç bir qadağa yoxdur. Bunu da hamının Azərbaycanda axtardığı tolerantlıq formulasının bir elementi kimi qeyd etmək olar. Yuxarıda qeyd etdiyimiz kimi, yəhudilər sentiyabırın 13-də, yəhudi təqviminə əsasən payızın ilk günündə yeni ili qeyd edirlər. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan yəhudilərinə, hər il olduğu kimi, geniş təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda oxuyuruq: "Yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm".

Məktubda qeyd olunur ki, biz xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndiririk. Ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıblar.

Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Yüz illərdir Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilib: Prezidentin məktubunda deyilir;

"Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, demokratik dövlət quruculuğu prosesinə öz layiqli töhfələrini verirlər.

Əziz dostlar!

Hər il təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniliyin, mənəvi saflığın, xoş müjdələrin və həmrəyliyin təcəssümüdür. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə ruzi-bərəkət arzulayıram".

Bəli, Azərbaycandakı tolerantlıq mühitini yaradan formulanın bir elementi kimi dövlət başçısının azsaylı xalqların mədəniyyətinə diqqətini qeyd etmək olar. Bu, bizə bəlkə də bir protokol qaydası olaraq təsir bağışlaya bilər, amma bu təbrikin həm yerli kontingent olan azərbaycanlılara, yəhudilərə və hər iki xalqın bir-birlərinə, o cümlədən də digər xalqlara münasibətini müəyyənləşdirən bir element rolunu oynayır. Əgər dövlət başçısı yanvar ayında bütün ölkə vətəndaşlarını, mart ayında Azərbaycan xalqını və bunun ardınca, ayrı-seçkilik qoymadan, hər bir xalqı yeni il və digər bayramlar münasibəti ilə təbrik edirsə, bu addımın özü bütün Azərbaycan vətəndaşları üçün bir dərs, bir nümunədir. Əgər araşdırsaq, Azərbaycan dövlətinin və onun başçısının siyasətində onlarla belə elementlər tapa bilərik. Bütün bu elementlər isə toplanaraq Azərbaycan multikulturalizminin ümumi formulasını yaradır.

Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür birliklər, təşkilatlar yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Bununla yanaşı, onlarla ictimai təşkilat, mədəni birlik, hətta mətbu orqanları göstərə bilirik ki, onlara azsaylı xalqların nümayəndələri rəhbərlik edir. Ən maraqlısı odur ki, bu  təşkilatlarda azərbaycanlılar da təmsil olunurlar. Burada bir məqamı xüçusilə qeyd edək ki, rəhbəri qeyri-azərbaycanlı olan təşkilatlarda çatışan azərbaycanlının özünə belə bir sual verməsi ağlına belə gəlmir: "Nə üçün bizim rəhbərimiz ləzgidir?". Çünki statistik azərbaycanlıda bu suala hazır cavab var - hərə öz qabiliyyətinə görə bir məqama sahibdir. Bir çox Avropa ölkələrində isə belə hallar aborgen xalq üçün qəbuledilməzdir. Məsələn, belə problemləri Avropada daha çox Almaniya yaşayır. Baxmayaraq ki, Almaniya hökuməti bu tendensiyanın qarşısını almaq, ölkədə tolerant mühit formalaşdırmaq üçün çoxsaylı tədbirlər keçirir, maarifləndirmə işi aparır, bir sıra meqa-layihələr reallaşdırır. Bununla belə, hələ də ölkədə fəaliyyət göstərən ictimai, kommersiya, qarışıq və dövlət qrumlarının 90 % çoxuna alman mənşəli insanlar rəhbərlik edir, qeyri-millətin rəhbərlik etdiyi qrumlarda isə tez-tez milli zəmində qarşıdurmalar qeydə alınır.

Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.

Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Bu, regionun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda məskunlaşan milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in "mədəni müxtəlifliyə" dair proqramlarında fəal iştirak edir. Mədəniyyət Nazirliyi həm də "Azərbaycan mədəni müxtəlifliyi" layihəsini həyata keçirir.

Müxtəlifliyin vəhdəti etnik, milli və ya dini fərqlərin aradan qaldırılması demək deyil. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayna, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. Bütün bu xalqların nümayəndələrinə Azərbaycan hökuməti öz vətəndaşı kimi baxır və onların mədəniyyətinə hörmətlə yanaşır. Bu xalqa və etnik qrupa öz mədəniyyətlərini nümayiş etdirmək, onu hamıya göstərmək və inkişaf etdirmək üçün hər cür şərait yaradılır, dövlət qayğısı göstərilir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar