Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan multikulturalizmini region
gəncləri arasında təbliğ etməyə ehtiyac var

  26
18:11 04-09-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlətimiz bəşəri birgəyaşayışın, multikulturalizmin və tolerintlığın inkişafına xidmət edir  

 Qloballaşan dünyamızda baş verən bütün qarşıdurmaların, dövlətlər, dinlər və millətlərarası anlaşılmazlıqların kökündə bəzilərinin hegemonluq iddiaları, dözümsüzlük və öz ambisiyalarını başqalarına qəbul etdirmək istəkləri durur desək yanılmarıq. Bütün bu faktorların aradan qaldırılmasının isə ancaq bir yolu var, multikulturalizmi və tolerantlığı qorumaq və inkişaf etdirmək. Bunun da əsas yolu maarifləndirmədən və təbliğatdan keçir.

Azərbaycan dövləti son 10-15 ildə bu sahdə çox böyük uğurlara imza atıb və yüksək nəticələrə nail olub. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam həmrəyli ili" elan edilməsi də bu uğurların əldə olunmasında mühüm rol oynayıb. Belə ki, bu sərəncamlardan irəli gələn məsələlərin həlli çərçivəsində təbliğat, təşviqat və maarifləndirmə işləri geniş vüsət alıb. İstər ölkə daxinlində, istəsə də xarici ölkələrdə aparılan təbliğat işlərinin keyfiyəti yüksəlib, səmərəsi artıb. 

Belə tədbirlərdən birini də hələ 2016-cı ildə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) həmin il Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərində keçirib. "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" mövzusunda keçirilən konfransda tədbir iştirakçıları ilk əvvəl Azərbaycanın dövlət himninin sədaları altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin prorektoru Gəncənin Azərbaycanın ictimai-siyasi, mədəni həyatında oynadığı roldan danışaraq qeyd edib ki, tarixin müxtəlif dövrlərində Gəncədə ayrı-ayrı etnik qrupların və dinlərin nümayəndələri dinc qonşuluq şəraitində yaşayıb, yadelli işğalçılara qarşı birgə mübarizə aparıblar və bu gün də Gəncənin gənc nəsli xalqımızın multikultural dəyərlərinə sadiqdirlər.

Layihə barədə məlumat verən İctimai Birliyin sədri Çingiz Bayramov Azərbaycanda multikulturalizmin və tolerantlığın təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib. O qeyd edib ki, gəncləri yad və radikal sektaların təsirindən qorumaq üçün ideoloji maarifçilik işini gücləndirməyə, o cümlədən, azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizmini region gəncləri arasında təbliğ etməyə ehtiyac var. Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi bu ideologiyanın Azərbaycanda dərin tarixi köklərə malik olduğunu göstərir və bizim təşkilat da, bu işdə dövlətə dəstək verməyə çalışır. Tədbirdə qeyd olunub ki, bu kimi tədbirlərin Azərbaycanın digər rayonlarında da keçirilməsi vacibdir. Çünki Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri yaşayırla və onların da böyük əksəriyyəti müxtəlif bölgələrdə məskunlaşıblar. Müasir Azərbaycan gəncliyinin də vəzifəsi ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini inkişaf etdirərək, ölkəmizdəki sağlam mənəvi mühitin qorunmasına töhfə verməkdir.

Gənclərdən söz düşmüşkən qeyd etmək yerinə düşər ki, bu tip tədbirlərdən biri də, Bakı Dövlət Universiteti(BDU) tələbə həmkarlar ittifaqı komitəsi və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə keçirilib. "Mədəniyyətin inkişafı və təbliğində tələbələrin rolunun artırılmasına dəstək: Yaponiya mədəniyyəti və multikulturalizmin Azərbaycan modeli" mövzusunda  keçirilən tədbirdə tələbə həmkarlar ittifaqı komitəsi sədrinin müavini Etibar Əhmədov Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı universitetdə görülən işlər barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Aşida Kenci bildirib ki, təmsil etdiyi ölkədə də müxtəlif dinlər var və orada 219,939 dini qurum qeydə alınıb. Azərbaycanda güclü multikulturalizmin ənənələrinin mövcud olduğunu deyən A.Kenci qeyd edib ki, ölkədə 30-dan çox millətin və etnik qrupun nümayəndələri yaşayırlar, 746 dini qurum fəaliyyət göstərir ki, bu da təqdirəlayiq haldır.

Universitetin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli BDU-nun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova rəhbərlik etdiyi şəbəkə haqqında məlumat verərək qeyd edib ki, şəbəkənin yaradılmasının məqsədi Azərbaycanın multikulturalizm modelini və mövcud multikulturalizm modellərini tədqiq etmək, elmi təhlillər aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, müxtəlif ölkələrə aid mədəniyyətləri araşdırmaq və təşviq etməkdir.

Azərbaycan multikulturalizminin təbliği sahəsində görülən işlər təkcə ali məktəblər və qeyri-hökumət təşkilatları(QHT) vasitəsi ilə keçirilən tədbirlərlə məhdudlaşmır. Bu sahədə Azərbaycan dövlətinin çox geniş şəkildə həyata keçirdiyi beynəlxalq tədbirlər də, bəşəri birgəyaşayışın, multikulturalizmin və tolerintlığın inkişafına xidmət edir.  

Keçən il Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel sessiya "Mədəniyyətlərarası dialoqun e-resurslar vasitəsilə təbliği üçün yeni perspektivlər: UNESCO nəşrləri və e-platformasının istifadəyə verilməsi" mövzusuna həsr olunmuşdu.

Panel sessiya Abucada UNESCO-nun multisektoral regional ofisində ictimai və humanitar elmlər üzrə proqram mütəxəssisi Huqu Çarnienin moderatorluğu ilə keçib. UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Nashif sessiyanın mövzusu haqqında məlumat verib.

Qeyd olunub ki, təqdim ediləcək veb-saytda (ingilis versiyası: www.muslimarablegacy.net və fransız versiyası: http://www.heritagearabomusulman.net) yerləşdirilmiş akademik material müsəlman-ərəb irsi ilə Qərb dünyası arasındakı əlaqələrdən bəhs edir. Bu veb-sayt hərtərəfli olmaqdan daha çox, "töhfə vermək üçün çağırışlar"dan ibarət təməl daşıdır.

Təbirdə həmçinin bildirilib ki, onlayn rəqəmsal kitabxana xüsusilə sülh və tolerantlıq dəyərlərinin formalaşdırılmasında ərəb-müsəlman sivilizasiyasının rolunu və bu irsin müasir Avropanın, nəticə etibarı ilə də çağdaş dünyanın inkişafına necə töhfələr verdiyini diqqət mərkəzində saxlayır.

Layihənin icrası vaxtında atılan çox mühüm addımdır və ziyarətçilərə həm mədəniyyətlər, həm də onların qarşılıqlı asılılığı haqqında dəqiq məlumatlar verir. Daha sonra UNESCO-nun xoşməramlı səfiri Aleksandra Oçirovanın məruzəsi dinlənilib. UNESCO tərəfindən məşhur elm və mədəniyyət obyektləri haqqında "Qərb dünyasında müsəlman-ərəb mirası" adlı onlayn rəqəmsal kitabxana sistemindən danışan A.Oçirova qeyd edib ki, bu kitabxana Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Sülh və Dialoq Mədəniyyəti Proqramı çərçivəsində maliyyələşdirilir. Rəqəmsal kitabxana ərəb-İslam dünyasının elmi, fəlsəfi, ədəbi və bədii antologiyası və onun Qərbin düşüncə və mədəniyyətinin yenilənməsinə töhfəsi əsasında yaradılıb.

Diqqətə çatdırılıb ki, antologiyada 100-dən çox məqalə yer alıb. "İyirmi tanınmış tədqiqatçı tərəfindən hazırlanan mədəniyyətlərarası sorğu kitabçası "Elm və texnologiya - tibb", "İncəsənət və ədəbiyyat", "Fəlsəfə", "Mütəxəssislər" və "Bilik mənbələri" mövzularını əhatə edir.

Bu ilin iyun ayında Heydər Əliyev Fondu və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci illiyinə həsr olunan "Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi" mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb. O, ənənəvi olaraq keçirilən konfransın ilk dəfə 10 il əvvəl Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu bildirib. Multikulturalizmin dövlət siyasətinə çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən alim vurğulayıb ki, dahi liderin zəngin irsi dünya filosoflarını da bir araya gətirib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından beynəlxalq konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu deyən AMEA-nın vitse-prezidenti ölkəmizdə çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif dinlər və irqlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü bildirib. Vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir.

Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdülsalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, professor Aleksandr Çumakov da tədbirdə çıxış edərək mədəniyyətlərin dialoqunda fəlsəfənin xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, mədəniyyətlərin dialoq rejimində qarşılıqlı təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. Fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq üçün intellektual zəmin yaradır.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar