Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ölkəmizdə 115-dən çox
xalq və etnik qrup yaşayır

  110
18:09 30-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan xalqının tolerant münasibəti azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsini aradan qaldırıb

 1926-cı ilin ümumittifaq siyahıyaalınmasının yekunlarınına görə, Azərbaycanda məskunlaşan xalqların sayı 95 olub. 1989-cu ildə SSRİ-də aparılan sonuncu ümumittifaq əhali siyahıyaalınması məlumatlarına əsasən isə Azərbaycanda yaşayan millətlərin, xalqların və etnik qrupların sayı əvvəlki illərə nisbətən nəinki azalıb, əksinə, xeyli artaraq 115-ə çatıb.

1999-cu ildə keçirilən müstəqil Azərbaycan Respublikası əhalisinin ilk milli siyahıyaalınması məlumatlarına görə, Azərbaycan əhalisinin milli tərkibi azərbaycanlılarla yanaşı onlarla digər millət və xalqlardan ibarət olub. 2009-cu il siyahıyaalınmasına görə ölkə  əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edib. Dövlətimiz milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-yədək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Ölkəmizin ərazisində məskunlaşan azsaylı xalqların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Eyni zamanda təlim yalnız rus dilində olan 19 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil, 345 beynəlmilləl orta məktəb fəaliyyət göstərir. Respublikamızda 380-dən artıq dini icmanın mövcud olması və onlara eyni münasibətin göstərilməsi də, Azərbaycanı dünya miqyasında tolerant ölkə kimi bir daha təsdiqləyir. YUNESKO-nun 2005-ci ildə qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət- ənənələrinin və dilinin qorunub saxlanılması üçün lazım olan butun işlər görülür. Əsrlər boyu Azərbaycanda çoxsaylı etnosların nümayəndələri yerli etnos olan azəri türkləri ilə yanaşı yaşayıb. Azərbaycan xalqının bu tolerant münasibəti azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsini aradan qaldırıb. Maraqlı faktlardan biri də odur ki, Azərbaycanda bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb, çünki Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə diqqət və qayğı göstərir. Azərbaycan dövləti burada yaşayan xalqların və etnik qrupların maddi və bədii mədəniyyət nümunələrinin, milli məişətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də çox böyük işlər görür. Ölkəmizdə prezident İlham Əliyevin təşəbbüsü ilə etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə iki ildən bir azsaylı xalqların incəsənəti festivalı keçirilir. Azsaylı xalqların adət- ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər xarici dillərə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə etmək imkanlarına malikdirlər. Onların hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzləri var. Eyni zamanda milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında talış folklor qrupları öz çıxışları ilə diqqət çəkirlər. Dövlət radiosu tərəfindən mütəmadi olaraq, kürd, ləzgi, talış, gürcü və rus dillərində verilişlər hazırlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakıda rus, kürd, ləzgi və talış dillərində qəzetlər nəşr olunur.

Bunu da qeyd etmək vacibdir ki, mədəniyyətin ən mühüm şərtlərindən biri mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyasda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oryentasiyalarının fərqliliyindən irəli gəlir.

Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılması dahi alman mütəfəkkiri İ.Herderin adı ilə bağlıdır. O, özünün "Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar" (1784-1791) əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi səciyələndirib.

Etnologiyada geniş yayılan fikrə görə, "mədəni birlik" dedikdə, müəyyən etnosu təşkil edən hər hansı bir toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir. Eyni zamanda mədəniyyət dedikdə, bütövlükdə cəmiyyət nəzərdə tutulur.

Mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı çox mühüm rol oynayır. Bu səviyyələrin fərqləndirilməsi həm də "mədəni müxtəliflik" anlayışı məzmununu başa düşməyə kömək edir.

Mədəniyyətin differensiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.

Bu və ya digər amilin rolu və əhəmiyyəti, əsasən, nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən, müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu, yalnız mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülüb.

Lakin qeyd etmək lazımdır ki, etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti də daxilən ziddiyyətli prosesdir. Mədəniyyətdən bəhrələnmə inteqrasiya proseslərinə təkan verməklə bərabər, həm də etnik spesifikanın mühafizəsinə yönəlik özünüdərk şüurunda götür-qoy edilir.

"Etnik insan birliyinin" səviyyəsi millətin formalaşması ilə yoxa çıxmır. Əksinə, millətlərin əksəriyyəti üçün etnik mənsubiyyət - "milli hiss" fenomeninin mənbələrindən biridir. İnsanlar özlərini, əsasən - mənşə, tarix və dil kimi kollektiv birlik və ümumilik hissi sayəsində fərqləndirirlər.

Məlumdur ki, Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan dövlətinə, tarixinə, coğrafiyasına onların sürəkli sadiqliyi və mənsubluğu, bünövrədən bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən qaynaqlanıb. Azərbaycanın və "azərbaycançılığın" əzəməti bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də "azərbaycançılığın" ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız, xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq keçirənlərin də olduğunu görürük.

Ölkəmizdə dövlət tərəfindən multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirliməsi, bu narahatlıqların aradan qaldırılmasına xidmət edir. Ölkəmizdə mütəmadi olaraq keçirilən festivallar, konfranslar, sərgilər də insanların birgəyaşayışının təbliği baxımından böyük əhəmiyyət daşıyır. Belə sərgilirdən birinin "Bir ailədə" adlanması da təsadüfi deyil. Çünki Azərbaycan ta qədim zamanlardan müxtəlif mədəniyyətlərin bir ailə kimi birləşdiyi məkan kimi tanınıb. Ümummilli lider Heydər Əliyev də dəfələrlə çıxışlarında qeyd edib ki, hər bir ölkə nə qədər müxtəlif mədəniyyətləri özündə birləşdirsə, bir o qədər zəngindir. Çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir. "Bir ailədə" sərgisində də biz Azərbaycan ərazisində yaşayan milli azlıqların həyat tərzi və adətləri ilə tanış oluruq. Görürük ki, bu xalqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir.

Dövlətimizin başçısı, prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunub. Bu münasibətlə respublikamızda çoxsaylı tədbirlər təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə azsaylı xalqların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır. Ölkəmizin artıq üç dəfə ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin bu ilin aprelində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerant ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.

Tədbir iştirakçıları sərgidə Azərbaycanda yaşayan udin, tat, ləzgi, ingiloy, avar, gürcü, rus, saxur, talış və digər xalqların mədəni irsini özündə əks etdirən maraqı ekponatlarla tanış olublar.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar