Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan bütün milli azlıqların
və etnosların doğma vətənidir

  94
20:12 20-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azsaylı xalqlar burada öz adət-ənənələrini qoruya və inkişaf etdirə biliblər

 Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan öz tolerantlığı ilə adını tarixə böyük hərflərlə yazdırıb. Azərbaycanın əlverişli coğrafi şəraitdə yerləşməsi, eləcə də zəngin təbiəti, hələ qədim dövrlərdən müxtəlif xalqları özünə cəlb edib. Ölkəmizi bu baxımdan tarixə düşən bir məskən kimi xarakterizə etmək olar. Çünki Azərbaycan zərdüştiliyin, Qafqazda xristianlığın ilk beşiyi, İslamın isə geniş yayıldığı bir məkandır.

Tarixi mənbələrdən də məlumdur ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların yaranıb inkişaf etdiyi bir diyardır. Etnoqrafiyamız da, bu baxımdan öz rəngarəngliyi ilə seçilir. Misal üçün, ölkəmizdə Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, molokanlar, ləzgilər, qrızlar, talışlar, kürdlər, ingiloylar, saxurlar və digər etnik qruplar yaşayırlar. Onların hamısı özünü azərbaycanlı adlandırsa da, hər bir qrupun özünəməxsus fərqli mədəniyyət, adət-ənənələri var. Bu fərqliliklər məişətdə, mətbəxdə, sənətkarlıqda, eləcə də həyatın digər müxtəlif sahələrində öz əksini tapıb. Bu da onun nəticəsidir ki, Azərbaycanda yaşayan bütün etnik qruplar dövlətimizin onlara yaratdığı imkanlardan yararlanaraq öz mədəniyyətlərini qoruyub saxlaya biliblər.

Bütün millətlərin və azsaylı xalqların əsrlərlə birgə yaşayaraq öz milli-mədəni xüsusiyyyətlərini, din və dillərini qoruyub saxlaması heç də asan məsələ deyil. Azərbaycan xalqının tolerantlığından yararlanan bu xalqların da adət-ənənələrində bir doğmalıq, yaxınlıq müşahidə edilib və bu xüsusiyyət də, ölkəmizdə mövcud olan birgəyaşayış nəticəsində əldə olunub. Bununla belə, ölkəmizdə məskunlaşan bütün azsaylı xalq özünəməxsus adətlərini, milli bayramlarını, mədəniyyətlərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə müstəqildirlər və onlar bu imkanlarından tam istifadə edirlər.

Bu adət-ənənələrin bəzisi bugünümüzə qədər gəlib çatıb. Öz adət-ənənələrini qoruyub saxlayan, ölkəmizdə mövcud olan multikultural dəyərlər, tolerant mühit nəticəsində onları yaşadan və inkişaf etdirən xalqlardan biri - ləzgilərin həyat tərzi və adətləri, mərasimləri bizmi üçün də hər zaman keçərli olub.

Qafqaz dilli xalqlardan biri olan ləzgilər kompakt şəkildə əsasən, cənub-şərqi Dağıstanda, qismən şimal-şərqi Azərbaycanda, az sayda isə dünyanın bir çox yerlərində yaşayırlar. Onların çoxu İslam dininin sünni məzhəbinə etiqad etsə də, Dağıstanın bir kəndində yaşayan ləzgilər şiə məzhəbinə etiqad edirlər.

Tarixi alban, xristian və müsəlman dövrünə bölünən ləzgilər alban dövründə çoxallahlığa sitayiş etsələr də, sonralar xristian və müsəlmanlığı qəbul ediblər. Ona görə də hər dövr onların həyatında, mədəniyyət və adətlərində öz izini qoyub. Misal üçün, alban dövrü ləzgilərə filosofluq, xristian dini əlifba, İslam dini isə onlara bir sıra yeni qaydalar verib.

Ləzgilər Azərbaycanın Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərləriində, eləcə də Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Oğuz və Qax rayonlarında  yaşayırlar. Tarixə qısa nəzər salsaq, ləzgilərin Azərbaycana eramızdan əvvəl, III-IV minillikdə Yunanıstanın Krit adasından gəliklərini müşahidə edərik. Yaşamaq üçün Qafqaz dağlarını seçən ləzgilər, bunu əvvəllər yaşadıqları yerlərdə sunamilərdən əziyyət çəkmələri səbəbiylə ediblər. Yəni onlar sunamilərdən uzaq olmaq üçün, məhz dağları seçiblər.

Maraqlı adətləri, mədəniyyətləri ilə tanınan ləzgiləri azərbaycanlılardan ayırmaq çətin olsa da, onların özünəməxsusluqlarını görmək üçün həyat tərzlərinə nəzər salmaq yetər.

Ləzgilər İslamı çətinliklə qəbul etsələr də, bəzi qaydaları hələ də tətbiq etmirlər. Məsələn, onlar islam dininin bir kişinin dörd həyat yoldaşı olması kimi qaydaları ilə razılaşmırlar. Ləzgilərdə hətta ata tərəfdən olan qohumların, xüsusən, əmiuşaqların evliliyi qadağandır.

Ləzgilərin toy adətləri də özünəməxsusluğu ilə seçilir. Doğrudur, indi bəzi adətlər keçmişdə qalıb, amma bununla belə, müəyyən adətlər var ki, indi də qorunub saxlanılır.

Deyilənə görə, qədimdə ləzgi toyları yeddi gün olub. Sonralar isə günlərin sayı üç günə endirilib. Hazırda isə əksəriyyət bir gün toy çaldırır. Oğlan evi toydan əvvəl qoç və cöngə kəsir, bu prosesdə nəslin bütün kişiləri iştirak edir. Bir nəfər gəlməzsə, heyvan kəsilə bilməz. Qohumlara verilən bu dəyər ləzgilərin bir-birinə olan hörmətinin göstəricisidir.

Ata evindən çıxan qız ocağı öpməlidir. O, başqa kənddən olan şəxslə ailə qurursa, adətə görə, toy günü oğlan evindən birinin qanı çıxmalıdır. Gəlin isə evdən çıxanda geri dönüb ata evinə baxa bilməz. Bu, qızın gözünün ata evində qalması kimi yozulur. Yəni gözü ata evində qalan qızın bəxti üzünə gülməz və nəticədə o, ata evinə qayıda bilər. Hər halda, ləzgilər bunu belə yozurlar. Bununla belə, ata evinə baxmaq üçün onun yanında güzgü olar ki, evin əksi də ora düşər. Tərk etdiyi evə o, həmin güzgüdən baxar.

Toy evinin həyətindən, yaxud evin içindən mənası olan bir əşyanı oğurlamaq da adətdir. Onu da xatırladaq ki, bu gün də ləzgi toylarında başlıq pulu mövcuddur. Oğlan evi qız evinə ərəblərdən qalma adət kimi, başlıq pulu verməlidir.

Ləzgilərdə subay qızlar saçını bir hörük hörər, ailə qurandan sonra isə iki hörük. Hansısa qadının saçı iki hörülübsə, deməli o, ailəlidir. Ləzgilərin maraqlı adətlərindən biri də, adların atadan oğula, oğuldan da sonrakı nəslə keçməsidir. Bu mənada, bir nəsildə bir neçə adamda eyni ad olur. Atanın adı isə mütləq oğulun uşaqlarından birinə qoyulmalıdır.

Ləzgilərin əl işləri də özünəməxsusdur. İsmayıllı rayonunun Qalacıq kəndində qadın və qızların hamısının sumaq toxumaq bacarığı var. Sumaq palaza bənzər örtükdür. Bu əşyanı həm məişət də, həm də revmatizm xəstəliyindən qorunmaq üçün istifadə edirlər. Ailə quran gənc qızın hamısı sumaq toxumağı bacarmalıdır.

Ümumiyyətlə, ləzgi ailələrində qadının yeri yüksəkdədir. Bununla belə, qadınlar evdə kişinin hökmranlığını qəbul edirlər. Qadın həyat yoldaşından danışanda, "uşaqların atası" deməlidir ki, bu da evdə ailə başçısına olan hörmətin əlamətidir. Analar daima ata ilə uşaqlar arasında vasitəçi rolu oynayırlar. Atanın evə gəlməsi ilə evdə sükut bərqərar olmalıdır. Ləzgi ailələrində ana uşaqları həmişə atadan çəkinmək ruhunda tərbiyə edirlər.

Qadın kişini hər işdə yüksək qiymətləndirməlidir. Uşaqları tərbiyə edən qadın olduğu üçün, onun da hörməti saxlanılır.

Ləzgi evləri ikimərtəbəli və eyvanlı olmalıdır. Bunun da mənası odur ki, insanın yaşadığı yer heyvanınkından daha hündür olmalıdır. Ləzgilər birmərtəbəli yerləri heyvanlar, ikimərtəbəli olanları isə insanlar üçün nəzərdə tuturlar. Evlər bir-birinə çox yaxın, hətta bitişik inşa edilir. Onlar pis gözdən qorunmaq üçün keçmiş əyyamlardan həyətdə at və it sümüklərini asardılar. Bu adət hələ də qalır.

Ləzgilər evlərində, divarda içində deşik olan çaxmaqdaşı asırlar. Çaxmaqdaşının üzərindəki deşiyin mənası da odur ki, səbr etmək vacibdir. Yəni o, səbrin simvoludur. Onlar düşünür ki, 200 il müddətində daşın üzərinə düşən damcılar deşik aça bilər. Eyni zamanda, bu çaxmaqdaşılar əvvəllər silah rolu oynayıb. Əlinə çaxmaqdaşını alan kəs, onun üzərindəki deşiyə baxaraq səbrli davranmalı olduğunu bilir.

Bütün qədim evlərin divarlarında xəncər olur. Tarixən döyüşkən və mübariz olan ləzgilər xəncəri nəsildən-nəslə ötürülən əşya kimi qoruyurlar. O da faktdır ki, ləzgilər qədimlərdə qəbirlərə də xəncər qoyardılar. Yəni vuruşmaq onların qanında olduğu üçün, adətə görə hər kəsin mütləq xəncəri olmalıdır.

Bu maraqlı xalqın nümayəndələri evlərində divarda keçi buynuzları da asırlar ki, bu da qədimdən qalma adətdir. Ləzgilər ailələri ac qalmadığı üçün hər il şükranlıq mənasında ya sentyabr, ya da mart ayında yeddi baş erkək keçi kəsirlər. Həmin keçilərdən birinin buynuzu da evin divarından asılır. Hər il yenisi kəsiləndə əvvəlki buynuz əvəzlənir. Keçini də, məhz müdriklik əlaməti kimi, saqqalının olmasına görə seçiblər. Həm də, onun südü ən təmiz süd sayılır.

Ləzgilərin maraqlı inancları da mövcuddur. Belə ki, Xaçmazın ləzgilər yaşayan Dədəli kəndində insanlar istiot, ağ və qırmızı turp əkmirlər. Onlar acı dad verən qidaları əkməkdən ehtiyat edirlər. Bazarda kimsə kilolarla turp alsa, deyirlər ki, o adam mütləq dədəlidəndir. Onlar belə acı tərəvəzləri özləri əkməsələr də, qida kimi istifadə edirlər.

Dağ mühitində yaşayan ləzgilərin mətbəxi də özünəməxsusluğu ilə seçilir. Onlar adətən açıq havada işlədikləri üçün yeməkləri də dağ mühitinə uyğundur. Ləzgilərin "tsıkan" adlı əvəzolunmaz milli yeməkləri var. Onlar mətbəxdə daha çox ət və buğdadan istifadə edirlər. Eləcə də, Azərbaycan türklərinin mətbəxi ilə üst-üstə düşən plov, düşbərə, xəngəl yeməklərini də sevirlər.

Ləzgilər içki içmirlər, meyvə nektarı hazırlayır, "çat" adlanan içkidən istifadə edirlər. Qaranlıq yerdə saxladıqları buğda cücərəndə ondan doşaba oxşar məhsul hazırlayırlar. Ləzgilər daima barter üsulundan istifadə edərək yaşayıblar. Onlar kənd təsərrüfatında işləyir, hətta dağlıq yerləri də əkib-becərirlər. Qalayçılıq isə onların lap qədimdən doğma sənətləri olub. Ləzgi qalayçıları indi də öz məşhurluqlarını saxlayırlar.

Əsgər getməyən oğlana qız verməyən ləzgilərin, milli geyimləri də fərqlidir. Doğrudur, bu geyimləri keçən əsrdən bəri yalnız məxsusi günlərdə, rəqslərdə geyinən ləzgilərin paltarının üstündə yeddi kazır-patron yeri olur. Onun da altısında barıt, birində duz olur. Duz ədalət rəmzidir, yəni nə qədər qalsa da xarab olmaz. Döyüşdə isə ləzgi gecə növbəsində ayıq-sayıq olmaq üçün həmişə üstündə olan xəncəri ilə barmağını kəsər, duz tökər və səhərə qədər yatmaz.

Geyimlərinə gəlincə, ləzgilərin keçmişdə gödək kürk və enli, uzun "kaval" adlanan geyimləri də olub. Onlar, qadınlı-kişili hamısı bəzəkli corab geyərdilər. Ağ köynəklə qara şalvar, papaq və kürklərdən ibarət ləzgi geyimi isə ümumqafqaz tipindədir.

Beləliklə, bu gün Azərbaycan yerli aborigen tayfa birləşmələri və xalqları ilə yanaşı, öz taleyini bu torpağa bağlayan milli azlıqların, etnik qrupların da doğma vətənidir. Onlar göründüyü kimi, öz mədəniyyətlərini, dillərini və milli xüsusiyyətlərini, adət-ənənələrini rahat şəkildə qoruyub-saxlaya və inkişaf etdirə biliblər. Bu isə Azərbaycanın ərazisində yaşayan istənilən millətə multikultural və tolerant münasibətin nəticəsidir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar