Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda tarix boyu etnik
və dini azlıqlar sərbəst yaşayıb

  65
19:36 20-08-2018
Şriftin ölçüsünü dəyiş  

İlham Əliyev: "Hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır..."

 Bu yazıya prezident İlham Əliyevin günümüzün reallıqların tam şəkildə əks edirən bir ifadəsi ilə başlayırıq: "Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək".

Prezident İlham Əliyevin bu tövsiyyəsindən irəli gələn tapşırıqların həlli istiqamətində addımlar atan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə bir müddət əvvəl Qobustan rayon İdman Kompleksində "Mədəni müxtəliflik tolerantlıq müstəvisində" mövzusunda konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qobustan İdman Kompleksində sərgilənən qədim xalq sənət nümunələri ilə tanış olub, yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxıb, yerli musiqiçilərin səsləndirdikləri xalq mahnılarını dinləyiblər. Konfransı Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov açaraq, tarixi köklərdən qaynaqlanan tolerantlıq və multikulturalizm dəyərlərinin Azərbaycanda həyat tərzi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq birdirib ki, bu bəşəri dəyərlər dövlətimizin istər daxili, istərsə də xarici siyasətində prioritet istiqamətlərindən biridir. Tədbir iştirakçıları dövlət başçısının Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsini ölkəmizdə multikulturalizm dəyərlərinə verilən xüsusi diqqətin nəticəsi olduğunu vurulayıblar.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımzadə, Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov və başqaları mövzu ətrafında çıxış ediblər.

Natiqlər öz çıxışlarında Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanındığı qeyd edilib, multikulturalizmin ölkəmizdə artıq alternativi olmayan həyat tərzinə çevrildiyini qeyd ediblər. Azərbaycanda 60-dan çox millətin nümayəndəsinin yaşadığı, bununla yanaşı, dini zəmində heç vaxt münaqişənin olmadığı diqqətə çatdırılıb, bu tolerant dəyərlərin digər ölkələr üçün nümunə olduğu xüsusi olaraq vurğulanıb.

Bildirilib ki, Azərbaycanda tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb, onlara öz mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün imkanlar yaradılıb. Təsadüfi deyil ki, bu, əsas qanunumuz olan Konstitusiyamızda da öz əksini tapıb. Ötən əsrin 90-cı illərində mədəniyyətlərin, sivilizasiyaların toqquşması kimi nəzəriyyələrin meydana çıxması, artıq öz təhlükəli, acı nəticəsini verməkdədir. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı multikultural siyasət bir çox dövlətlər üçün əsl nümunədir. Heç şübhəsiz ki, gec-tez tarixi ənənələrdən qaynaqlanan Azərbaycan multikulturalizmi dünya ölkələrinin fərqli mədəniyyətlərə baxışlarının müsbət mənada dəyişməsinə səbəb olacaq, beynəlxalq aləmdə uğurlu bir nümunə kimi tətbiq ediləcək.

Bunun üçün də ilk əvvəl maarifləndirmə işini gücləndirmək lazımdır.

Bu məqsədlə keçirilən Milli azlıqların IV respublika festivalı çərçivəsində "Azərbaycanda etnik-mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, milli azlıq və etnik qrupların təmsilçiləri iştirak ediblər.

Tədbirdə ilk əvvəl Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir" mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasının dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bu da məlumdur ki, Azərbaycanın hərtərəfli inkişafı ölkəmizin bütün bölgələrini əhatə edir. Çox sevindirici haldır ki, bu inkişafa biz birlikdə, ölkəmizdə yaşayan bütün xalqlarla bərabər nail olmuşuq. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi düzgün milli siyasət nəticəsində ölkəmizdə milli azlıqlara öz mədəniyyətlərini, dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür imkanlar yaradılıb. Ölkəmizin bu sahədə qazandığı uğurlar bütün beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən də yüksək qiymətləndirilir. Hətta UNESCO kimi mötəbər beynəlxalq qurum tərəfindən bu sahədəki uğurlarımız digər ölkələrə bir təcrübə kimi tövsiyə olunur. Ölkə rəhbərliyi tərəfindən azsaylı xalqların və etnik qrupların  inkişafı ilə əlaqədar müvafiq fərman və sərəncamlar imzalanıb və hazırda bu sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətdə mühüm işlər görülür.

Qeyd etmək lazımdır ki, 2011 və 2013-cü illərdə Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forum uğurla keçirildi və Azərbaycandakı etnik müxtəlifliyin ölkəmizin inkişafına, milli mədəniyyətimizin rəngarəngliyinə və dünyada tolerantlıq nümunəsi kimi tanınmasına böyük töhfələr verdi.

Tədbirdə "Azərbaycanda milli azlıqların mədəniyyətinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda çıxış edən akademik Kamal Abdulla bu sahədə görülən işlərdən söz açıb. Prezident İlham Əliyevin Azərbaycanda Bilik Fondunun təsis edilməsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair fərman və sərəncamlarının əhəmiyyətini xüsusi olaraq qeyd edən natiq bildirib ki, bu yaxınlanda  Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edib. Azsaylı xalqların nümayəndələri və digər dinlərə mənsub olan insanlarla görüşlər zamanı respublikamızda yaşayan milli azlıq və etnik qrupların adət-ənənələrinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığının şahidi olub: "Biz əsrlərdir birlikdə, qardaşlıq şəraitində yaşayırıq. Tolerantlıq, humanizm artıq biz azərbaycanlıların canına hopub", deyə akademik bildirib.

Kamal Abdulla  bundan sonra da ölkəmizdə yaşayan azsaylı xalqlarla birlik və qardaşlıq şəraitində yaşamaq üçün vacib addımların atılacağını vurğulayıb. Tədbirdə həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Mədəni hüquqlar və multikulturalizm", Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Tolerantlıq və media" mövzusunda məruzə ediblər. Çıxış edənlərin yetkil fikirləri bu olub ki, Azərbaycanda milli azlıqlar yerli əhali ilə eyni hüquqlara malikdir və onların ölkəmizin mədəni irsindən eyni dərəcədə istifadə etmələrinə hər cür şərait yaradılıb.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, özünü ilk növbədə dörd əsas məqamda göstərir. Birincisi, ölkəmizdə dini azadlıqlar təmin ediliblər. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçən, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, "Dini etiqad azadlığı haqqında" Qanuna və ölkəmizin digər normativ-hüquqi aktlarına əsaslanır.

Azərbaycanda dini azadlıqlar da bütün hüquqlarından tam şəkildə istifadə edə bilirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin ("Bərabərlik hüququ") 3-cü bəndinə əsasən, "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Konstitusiyasının 48-ci maddəsinin ("Vicdan azadlığı") 1-ci və 2-ci bəndlərində isə qeyd olunub: "Hər kəsin vicdan azadlığı vardır", "Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır". Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda din, yaxud milli-etnik assimilyasiya qanunla qadağan olunur.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar