Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İlhamə Quliyevanın doğum günüdür: “Məni görəndə maç-muç öpürdü, görməyəndə söyürdü” – XATİRƏ

  19
09:15 17-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan tarixinə, mədəniyyətinə adını əbədi yazdıran sənətkarlarımız arasında mərhum xalq artisti İlhamə Quliyeva da var. Bu gün onun doğum  günüdür.

Xalq artisti  17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

İ.Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən sənətkarın evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmişdi. O, 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.

 

Paralel.az saytı  mərhum xalq artistini yada salmaq üçün onun yaxın qohumu müğənni  Əli Mirəliyevlə həmsöhbət olub.

 

“Azərbaycanda İlhamə Quliyevanı əvəz edən müğənni yoxdur”

 

Ə.Mirəliyev deyib ki,  İlhamə Quliyeva  onun  yaddaşında çox əvəzsiz müğənni kimi qalıb:

“İlhamənin özünəməxsus oxumağı, sözləri tələffüz etməyi var idi.  Ən əsası,  İlhamə baş səsi ilə deyil, sinə səsi ilə,   yumşaq oxuyurdu.  Onun bütün cizgilərində böyük sənət yolu, illərin əziyyəti var. İlhamənin yeri hər zaman başqa olacaq. Necə ki, Şövkət Ələbkərovanın, Gülağa Məmmədovun  yeri boşdur, həmçinin  İlhamə Quliyevanın  yeri elədir və uzun illər bu belə qalacaq. Bəlkə  gələcək nəsil İlhaməyə oxşar  ifalar edən birini görə bilər, amma bu, tam mümkün deyil. İndi Azərbaycanda İlhamə Quliyevanı əvəz edən müğənni qətiyyən yoxdur. Bilirsiniz, kimdəsə biri var, biri yoxdur, nələrsə çatışmır.  Flora Kərimova estrada janrında oturuşduğu kimi İlhamə də  mahnı janrında oturuşub. Flora estradanın,  İlhamə  də mahnı  janrının anasıdır. Bunlar ayrı-ayrı şeylərdir. Qızılgül, bənövşə, lalə - güllərin  fərqli ətirləri var. Bax,  hər gülün öz ətri olan kimi İlhamə Quliyeva ilə Flora Kərimovanın ətirləri başqadır və özlərinəməxsusdur”.

 

“İlhamə Quliyeva adi insan kimi yaşayıb”

 

Əli Mirəliyev deyir ki, İlhamə Quliyeva hamı kimi sıradan insan olub:

 

“Hərdən acı söz deyirdi, hərdən xətrimə dəyirdi, hərdən çox istəyirdi ya da öpürdü məni.  Hamımız azərbaycanlıyıq da.  Yəni İlhamə Quliyeva adi insan kimi yaşayıb, onda qeyri-adi nə var idi ki? Qeyri-adiliyi oxumağı idi. Amma xasiyyəti tamamilə  müsəlman azərbaycanlılar kimi... Məni görəndə maç-muç öpürdü, görməyəndə söyürdü.  Azərbaycanlılarda həmişə belə xasiyyət olub. Əksəriyyət işi düşəndə  zəng edir, baxmayaraq ki, ölmüsən-qalmısan, xəbəri yoxdur.  Biz beləyik də... Dəyişə bilmərik. Hərdən deyirlər, biz Avropaya inteqrasiya oluruq. Xeyr! Orda azərbaycanlılara yer yoxdur”.

 

“İlhamənin mahnılarına  toxunmaq olmaz”

 

Müsahibimiz  qeyd edib ki, İlhamə Quliyeva  tez-tez onun yuxularına gəlir:

 

“Biz qızımla  hər həftənin cümə günləri qəbir üstündəyik. İlhamənin yanına gedib onunla söhbət edirik. Onun bizə giley-güzarı çoxdur. O, qızıma inanırdı. Bilirsiniz, İlhamə Quliyevanı qızım saxlayırdı. Qaynatam İsmayıl kişi İlhamənin doğma dayısıdır. İlhamə sanki bizlə söhbət edir, yuxumuza gəlir. O həmişə deyir ki, mənim evimi niyə darmadağın buraxdınız. Həm bacılarını nəzərdə tutur, həm də Orxanın ( red: oğlu , Orxan Nadirov)  tərəfini.  Sanki qızıma qışqıraraq deyir: “Sən onların  evimə girməsinə niyə icazə verdin? Mənim onlardan zəhləm gedirdi. Kasıb-kusublar evimin sahibi olsun,  onlar yox!”. İlhamənin qəbri od tutub yanır. Axı o, birdən öldü. Biz heç inanmırdıq ki, İlhamə ölə bilər. Gecə oynayıb, deyib-gülmüşdük, səhər isə ölüm xəbərini aldıq. Televiziyada İlhamə Quliyevanın mahnılarına qulaq asanda pis oluram. Kimsə mahnılarını oxuyur,  özümü pis hiss edirəm. Onlar oxuya bilmirlər. Lazım deyil, İlhamənin mahnılarına  toxunmaq olmaz.  Mahnıları gözdən salırlar. Ona qarşı ən böyük hörmət mahnılarını oxumamaqdır”.

 

İlhamə Quliyeva ilə son söhbət...

 

“Sonuncu dəfə mənə dedikləri belə oldu: “Evimə heç kimi buraxmayın!  Anamın evi muzey olsun. Pullarım filan yerdədir”.  İlhamə brilliantlarını qızıma verdi və  seyfə qoyub ağzını qıfıllamağı tapşırdı. Biz də elə edib otağın qapısını bağladıq, qızım açarı mənə verdi. Sonra Orxan gəlib açarı tələb etdi ki, yasını təşkil eləsin. Qırğın-müsibət ordan başladı. Bacıları, dava-şava... Biz qızımla qırağa çəkildik. Bilirsiniz, bu haqda çox danışmışam. Yada salanda əsəbiləşirəm. Çünki İlhamə illər boyu əziyyət çəkdi, yuxusuz gecələr keçirdi. O özünə böyük bir musiqi tarixi yazdı və salnaməyə  qol çəkdi. Mən də öləcəm, amma İlhamənin ölümü  xalqın musiqisinə  ciddi zərbə oldu. Eynilə mənə də... Həm qohum, həm də  sənətkar kimi həyatdan getdi”.


Yazarlar