Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanın multikulturalizm ideyaları
bütün dünyanı birləşdirməyə xidmət edir

  61
14:34 16-08-2018
Şriftin ölçüsünü dəyiş  

Tolerantlıq və multikulturalizm siyasəti ilə sülh və əmin-amanlığa nail olmaq mümkündür

 Azərbaycanda tolerantlığın və multikulturalizmin həyat tərzi olduğu artıq müasir dünyanın bir çox dövlətlərinə məlumdur.

Bu, bütün tarix boyu belə olub. Tarixi ənənələrə söykənən, uzun əsrlərlər böyu mövcud olan tolerantlıq mühiti nəticəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini azad və tamhüquqlu vətəndaşlar kimi hiss ediblər. Qonaqpərvər və  humanist mövqeyi ilə tanınan ölkəmizdə bütün azsaylı xalqların və etnosların nümayəndələri özlərini həyatımızın bütün sahələrdə ifadə edə bilirlər. Çünki ölkəmizdə azsaylı xalqların bütün hüquqları daim qorunub və inkişaf etdirilib. Bu prinsiplər möhkəm dayaqlar üzərində qurulub.

Bunun nəticəsidir ki, ölkəmizdə yaşayan bütün azsaylı xalqlar, etnoslar və etnik qruplar, eləcə də müxtəlif dini konfessiya nümayəndələri özlərini bu vətənin bir parçası hesab edirlər.

Multikulturalizmin və tolerantlığın həyat təzinə çevrildiyi ölkəmizdə, bütün azsaylı xalqlar və etnoslar onun hüdudlarından kənarda yaşasalar belə, qəlbləri daim Azərbaycanla döyünür. Çünki azsaylı xalqların və etnosların mədəni müxtəlifliklərinin qorunması, inkişaf etdirilməsi, harmoniya və sərbəstlik anlayışlarının inkişaf etdirilməsi, dövlətimizin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir. Tolerantlığın əsasını təşkil edən humanizm, yüksək ideyalar insanların həyatında özünün bariz nümunəsini tapır. İnsanlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq münasibətlərinin qurulması nəticəsində müxtəlif mədəniyyətlərə malik xalqlar dinc yanaşı yaşamağı bacarırlar. Bunun əsasını isə multikultural və tolerant ənənələr təşkil edir ki, Azərbaycan xalqı da həmin fenomeni öz həyat tərzinə çevirməyi bacarıb.

Öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlı olan multikulturalizm, müxtəlif mədəniyyətlərin paralel yaşamasını qəbul edən tolerant cəmiyyətin güzgüsüdür desək, yanılmarıq.

 Tolerant cəmiyyətdə müxtəlif mədəniyyətlər, milli mənsubiyyət, din və dil ayrılığı insanların bərabər yaşamasına heç bir əngəl yaratmır. Əksinə, mədəniyyətlərin qarşılıqlı zənginləşməsində və formalaşmasında körpü rolunu oynayır. Bu da insanların mədəni birliyinin yaranmasına və qarşılıqlı inteqrasiyanın inkişafına kömək edir.

Mədəni plüralizmin inkişafı da, bu dəyərlərin tərkib hissəsidir. Tolerant və multikultural cəmiyyətdə bütün vətəndaşlar öz mədəniyyətini, dilini, adət və ənənələrini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, KİV-ə malik olmaq imkanları əldə edirlər.

Multikulturalizm siyasəti eyni zamanda assimilyasiyanı inkar edən inteqrasiyaya yol açır. Ona görə də bu siyasəti təkcə siyasi elita deyil, bütün vətəndaşlar, milli, dini azlıqlar dəstəkləyirlər. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın mümkün olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın göstəricisidirsə, multikulturalizm və tolerantlıq da onu tamamlayan dəyərlər sistemidir. Yəni, sosial hadisə olan tolerantlıq və multikulturalizm siyasəti ilə sülh və əmin-amanlığa nail olmaq mümkündür. Belə ki, eyni bir məkanda yaşayan, eyni siyasi, iqtisadi və coğrafi şəraitə malik olan xalqların ədalətə çıxışını, məhz tolerantlıq və multikulturalizmlə təmin etmək olar. Multikultural dəyərlərin inkişafı bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, yəni ədalətin bərqərar olması deməkdir. Bu mənada, multikulturalizmin təkcə ölkə daxilində deyil, həm də xaricdə təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın tolerant ölkə kimi formalaşdığını, multikultural dəyərlərə böyük önəm verdiyini və bu sahədə apardığı uğurlu siyasətin dünya birliyinə nümunə olduğunu, artıq bir çox dövlət və din xadimləri də etiraf edirlər. Bu da onu deməyə əsas verir ki, qlobal səviyyədə baş verən antisemitizm və dözümsüzlük hallarının aradan qaldırılması üçün multikulturalizmin Azərbaycan modelinin tətbiq uğurlu nəticələr verə bilər. Çünki xalqımızı digərlərindən fərqləndirən əsas məqamlardan biri də, multikultural dəyərlərə yüksək qiymət verməsidir. Azərbaycan xalqı əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Bunun əyani nümunəsini xarici mətbuatda və internet resurslarında dərc olunan yazılarda da görmək mümkündür.

Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfər Səfərlinin ABŞ-da geniş auditoriyaya malik "Müsəlman dünyası bu gün" internet platformasında "Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı" başlıqlı məqaləsi dərc edilib. Məqalədə ölkədəki nümunəvi dini tolerantlıq mühitindən, milli-mənəvi dəyələrin yüksək səviyyədə qorunmasından və digər məsələlərdən bəhs edilib.

Yazıda qeyd olunur ki, Azərbaycanda heç vaxt dini və milli zəmində qarşıdurmalar baş verməyib. Əksinə, multikultural və tolerantlıq dəyərlərinin təşviqi dövlət siyasətinə çevrilib, məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da dövlət tərəfindən əsaslı təmir edilərək dindirların istifadəsinə verilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif qeyd edib ki, işğal olunmuş torpaqlarımızda mövcud olan dini-tarixi abidələr erməni işğalçıları tərəfindən məhv edilib. Bununla belə, Bakının mərkəzində bu gün də erməni kilsəsi mövcuddur. Məqalədə həmçinin, İslamın sülh dini olduğu, terroru pislədiyi, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğu xüsusi qeyd olunub.

Mərkəzi ofisi San-Fransiskoda yerləşən, ABŞ-ın "Commonwealth Club" təşkilatında isə bu ilin may ayında Azərbaycan multikulturalizmi, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunan geniş tədbir keçirilib. Bu tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sərdi Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində baş tutub. Tədbirdə yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak edib. Çıxışlardan öncə Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, Komitə tərəfindən çəkilən qısametrajlı film nümayiş etdirilib. Tədbir iştirakçıları həmçinin, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunan fotosərgi ilə də tanış olublar.

Tədbiri giriş sözü ilə açan Amerika Yəhudi Komitəsinin San-Fransisko nümayəndəliyinin direktoru Matt Kahn və qurumun Şimali Kaliforniya üzrə regional direktoru Ravvin Serena Eisenberg Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən bu önəmli tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə ediblər. Çıxış edənlər AYK ilə Azərbaycan arasında sıx dostluq əlaqələrinin qurulduğunu və hər il AYK rəhbərliyinin ölkəmizə səfər etdiyini qeyd ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin ənənələrinin mövcud olduğunu bildirib. O, Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanda müxtəlif dinlərə məxsus çox sayda ibadət evlərinin sərbəst fəaliyyət göstərdiyini qeyd edən M.Qurbanlı ölkəmizdə yaşayan dini icmalara dövlət qayğısından danışıb. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm və tolerantlığı Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəltdiyini diqqətə çatdırıb.

Daha  sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq ölkəmizdə uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərin bir çox dövlət qrumları, QHT-lər və digər təşkilatlar, təkcə xarici ölkələrdə deyil, həmçinin ölkə daxilində də bu sahədə çox böyük işlər görür, müxtəli beynəlxalq tədbirlərə ev sahibliyi edirlər. Belə tədbirlərə misal olaraq bu ilin may ayının əvvəlində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə  Bakıda  keçirilən 2-ci İMAGİNE Avropa Tolerantlıq Festivalını göstərmək olar.  Tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoq kimi mövzuları özündə əhatə edən həmin tədbirlərdə 4000 nəfər iştirak edib.

Tədbirdə Aİ-nin Azərbaycan nümayəndəliyinin fəaliyyətə başlamasının 10 illiyinin qeyd edilməsi ilə bağlı "Avropa Günü" adlı konsert proqramı maraqla qarşılanıb.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar