Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda dini etiqad azadlığı
dövlət tərəfindən qorunur

  61
14:33 16-08-2018
Şriftin ölçüsünü dəyiş  

Dünyada dinlərarası münasibətlərdə böhran, islamofobiya, antisemitizm baş alıb gedir

 Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda, müsəlmanlarla yanaşı xristianlar, yəhudilər, bütpərəstlər və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Xarici qonaqları daha çox təəccübləndirən isə Azərbaycan ərazisində dini və milli mənsubiyyətinə görə insanlara cəmiyyət tərəfindən radikal münasibətin göstərilməməsidir. Azərbaycan dini və milli tolerantlıq baxımından o qədər öndədir ki, hətta bir müddət əvvəl Avropanın ən inkişaf etmiş dövlətlərindən hesab etdiyimiz Fransadan deportasiya edilən qaraçılar belə, ölkəmizə gəlməyə çalışırdılar.

Bu da danılmaz faktdır ki, hazırda təkcə Fransada deyil, Avropanın bir çox ölkələrində milli və dini zəmində münaqişələr baş verir. Xüsusilə də Avropada İslam dininə və onun daşıyıcılarına qarşı arzuolunmaz münasibət, islamofobiya halları genişlənməkdədir. Avropada yaşayan mühacirlərə də xoş münasibət bəslənilmir, onlar ya ən ağır işlərə cəlb olunur, ya da deportasiya edilirlər. Azərbaycanda isə əcnəbilərə münasibət tamamilə fərqlidir.

Bu gün Bakının küçələrində, eləcə də regionlarda çinlilər, pakistanlılar və Azərbaycana pənah gətirən digər millətlərin nümayəndələri çox rahat şəkildə ticarətlə məşğul olurlar. Təbii, onlar Azərbaycan dövlətinin qanun-qaydalarına tabe olmalıdırlar. Ancaq onlara istər vətəndaşlar, istərsə də rəsmi strukturlar tərəfindən dini və milli bağlılıqlarına görə hər hansı bir mənfi münasibət göstərilmir. Əksinə, onlara və onların problemlərinə həssaslıqla yanaşılır və sadəcə olaraq onlardan qanunlara hörmətlə yanaşılması tələb olunur.

Çünki dinindən, dilindən və milli mənsubiyyətində asılı olmayaraq, ölkəmizin ərazisində olan hər bir kəs dövlətin qanunlarına hörmətlə yanaşmalıdır.

Bu da təqdirəlayiq haldır ki, ölkəmizdə mövcud dini durum, dindarların fəallaşması prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində mütəmadi təhlillər aparılır. Komitə öz fəaliyyətini də, məhz bu təhlillərin nəticələrinə əsasən qurur. Son dövrlərdə aparılan təhlillərin nəticəsi onu deməyə əsas verir ki, ölkədə dini durumda sabitlikdir. Bunu müxtəlif səbəblərlə izah etmək olar. Əsas səbəb, son illər Komitənin dini konfessiyalarla, hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyəti, qanunvericilik bazasının təkmilləşdirilməsi, zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, eyni zamanda maarifləndirmə işinin genişləndirilməsidir. İslam həmrəyliyinin təbliği, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması baxımından ən effektiv yol, bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsidir. Bu baxımdan Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb və demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, "dəyirmi masa"lar təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə həyata keçirilir. Və əldə olunan nəticələr də ürəkaçandır. Çünki ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur. Ölkə əhalisi dini radikalizm, ekstremizm və onların fəsadları, eləcə də milli-mənəvi dəyərlərimiz haqqında kifayət qədər məlumatlıdırlar. Amma təbii ki, zaman keçdikcə bu istiqamətlərdə işlərin daha da gücləndiriməsinə ehtiyac var. Ona görə ki, din həssas sahədir və dövlətin, eləcə də cəmiyyətin milli, ictimai və ideoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Buna görə də, dünyəvi dövlət olan Azərbaycanda əsrlərdən bəri mövcud olan dini etiqad azadlığının qorunması, dövlət tərəfindən ən önəmli məsələlərdən biri kimi gündəmdə saxlanılır. Bunu da qeyd etmək vacibdir ki, dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri Şamaxıda 743-cü ildə inşa edilib. Ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də, məhz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkinin yaxınlığında yerləşir. Buna görə də dövlət tərəfindən məscidlərin, pravoslav və katolik kilsələrin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırması təsadüfi bir hal deyil. Bu başqa dinlərə, konfessiyalara hörmətdən ölkəmizin tolerantlıq ənənələrinin çoxəsrlik tarixindən xəbər verir.

 Azərbaycan xristian, yəhudi, katoliklər üçün də doğma vətəndir. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaradılıb, dövlət -din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir və inkişaf etdirilir.

Bunun nəticəsidir ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına ciddi təsir göstərib.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra din ilə dövlət arasında yaranan münasibətlər xalqların milli birliyini daha da gücləndirib, Azərbaycanın uğurlu inkişafına xidmət edir. Ölkəmiz artıq dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkilində mühüm təcrübəyə malikdir. Respublikamızda vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə davam edən meyillər möhkəmlənir.

İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin. Dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun. Bütün bu proseslər elə bir zamanda baş verir ki, bizim sivil cəmiyyət adlandırdığımız Avropa ölkələrində, artıq bir çoxları multikulturalizmin iflasa uğradığını iddia edirlər. Avropanın bir çox dövlətlərində dini və milli dözümsüzlük, islamafobiya halları artır. Belə dövlətlərlə dialoq, onları ölkəmizlə tanış etmək və qaşılıqlı anlaşma şəraitində əməkdaşlıq, bizə belə gəlir ki, müsbət nəticələr verə bilər.

Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropada dini dözümsüzlük, islamafobiya hallarının artdığı ölkələrdən biri olan Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü, pastor Qorthart Günter Valteri ölkəmizə dəvət edib. Bu barədə Dövlət Komitəsi məlumat yayıb. Görüşdə komitənin sədr müavini Səyavuş Heydərov Avropada milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə tolerantlığı ilə nümunə olan Azərbaycanın multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi uğurlar barədə qonağa geniş məlumat verib. O qeyd edib ki, dünyada dinlərarası münasibətlərdə böhran yaşandığı, islamofobiya, antisemitizm kimi halların artdığı bir vaxtda, Azərbaycan dövlətinin xüsusi tarixi, mənəvi əhəmiyyəti olan müxtəlif dini ibadətgahların bərpasına və inşasına diqqət ayırması, bütün dövlətlər üçün bir nümunə olmalıdır. Dövlət-din münasibətləri istiqamətindəki siyasətin tərkib hissəsi olaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir, mütəmadi olaraq maliyyə yardımı ayrılır. Bu məlumatlardan təsirlənən Qorthart Günter Valter ölkəmizdə olduğu müddətdə tolerant mühitin əyani şahidi olduğunu dilə gətirib. O həmçinin, Azərbaycanda mövcud olan dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin bütün dünyada örnək kimi qəbul edilməsinin təsadüfi olmadığını vurğulayıb.

Bununla belə, çox təəssüflə qeyd etmək lazımdır ki, son zamanlar sosial şəbəkələr kifayət qədər aktivləşib və ən acınacaqlısı budur ki, bu aktivlik əsasən milli maraqlar, dövlətçilik əleyhinə təbliğatla müşayiət olunur. Bir müddət əvvəl xarici ölkələrdə qərarlaşanları ölkəmizə qarşı söyüş-qarğış kampaniyası aparılırdısa, indi də din pərdəsi altında antiazərbaycan təbliğatı davam etdirilir. Məsələn, müxtəlif statuslarda, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, ümumiyyətlə insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi, sadəcə, vaxtı uzatdığı və s. fikirlər səsləndirilir.

Bu insanlar yaddan çıxarırlar ki, bu cür təbliğatla Azərbaycan xalqını aldadıb təsir altına salmaq mümkün deyil. Bütün bu hədyanları danışanların özləri də bilirlər ki, Azərbaycan dini və milli tolerantlıq məkanıdır. Bu ölkədə heç zaman milli-etnik və dini ayrı-seçkilik olmayıb. Bunu ölkə ictimaiyyəti də yaxşı bilir.  Xalqımızın ümummilli lideri Heydər Əliyev dilindən, milliyyətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının həmişə həmrəy olduqlarını, ümumi Vətən naminə fəaliyyət göstərdiklərini qeyd edib.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar