Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nəfəsimiz kəsilir

  37
19:30 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

 

Yox, istini demirik. İstiyə-soyuğa birtəhər dözmək olar. Söhbət doğrudan da nəfəsimizdən gedir.

Bakı böyüyür, gözəlləşir, göz oxşayır. Amma bəzi fürsətçilər bu gözəlliyə balta çalır, şəhərin ciyərlərini - ağaclarını doğrayıb-tökür. Artıq prezident də bu problemi vurğuladı. Ağaclıqları, parklardakı yaşıllıqları göz görə-görə məhv edən qulyabanılar var.

Neçə vaxtdır ki, telekanallarda da göstərirlər - təbiət düşmənləri açıq qətliama keçiblər. Ağacların dibinə hansısa kimyəvi maddə tökməklə onu qurutmaq, kəsilməsinə səbəb yaratmaq üçün gecələr bu naqis əməllərini həyata keçirirlər. Nə üçün? 5-10 manat qazanmaq üçün! Bunlar bizim, hamımızın, hətta öz uşaqlarının gələcəyini beləcə məhv edirlər. Şəhəri betona döndərmək, yaşıllıqlarda bir köşk, bir kafe, bir ticarət obyekti açmaq üçün dərindən-qabıqdan çıxırlar.

Əgər heç olmasa dənizə üz tutmaq, orada nəfəs almaq istəsək… Bu da müşküldür. Dənizin xeyli hissəsi sahil boyunca iri, hündür hasarlara alınıb. Bir neçə açıq yer var ki, oranı da… pullu eləyiblər. Ayaq basdınmı, xərac verməlisən. Elə bil gömrük postundan keçirsən. Qanuni, qanunsuz dəniz işbazlar tərəfindən əsir alınıb. Elə biz də. Nə biz Xəzərə yetişə bilirik, nə Xəzər bizə. Bir-birimizə həsrət qalmışıq.

Bu hələ harasıdır? Turistlərin, yəqin elə bizim də üz tutduğumuz meşələr də əlimizdən alınıb. Kimin kefi haranı istəyir, oranı qamarlayır və Allahın meşəsində bir hovur dincəlmək istəyəndən pul alırlar. Özü də yüksək məbləğdə. Qanunsuz olaraq. Quldurcasına, oğurluq yolla. Hamının gözü qarşısında.

Yəni polisin, sahə rəisinin, Ekologiya və Təbii Sərətlər Nazirliyinin ərazi üzrə əməkdaşlarının, bələdiyyənin, icra hakimiyyətin, prokurorun… gözləri qarşısında. Niyə dinmirlər? Yoxsa torbada pişik var? Yəqin ki, var. Yoxsa bu həyasızlığa, bu qanunsuzluğa nəyə görə göz yumurlar?

Bax belə! Nəfəsimiz kəsilir. Nəfəsimizi kəsirlər göz önündə, hamı baxa-baxa. Bir ciddi yanaşan, qarşısını alan yoxdur. Əgər yoxdursa o qədər idarə, təşkilat nəyə lazımdır? Nəyə görə onlar bizim ödədiyimiz vergilər hesabına yaranan büdcədən maaş almalıdırlar? Nəfəsimizi kəsmək üçün?

Bu yazı da heç kəsin qarşısını almayacaq. Amma biz sözümüzü deməliyik. Bu istilaçıları sözlə döyməliyik. Bir SOS siqnalı səslənməlidir ki, millətin nəfəsinin kəsildiyini eşitsinlər, bilsinlər.

Bax belə! Şəhərdə, dənizdə, meşələrdə… “xozeyinlər” peyda olub. Görmürsünüzmü, ay dövlət adamları?! Nəfəsiniz necə? Hələlik gəlib-gedir?

Elə isə dərindən nəfəs alın. Sabah hava olmaya bilər…

Hidayət Elvüsal


Yazarlar