Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan Zərdüştlük dininin vətəni, Qafqazda
xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkandır

  90
19:12 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanda azəri türkləri ilə bərabər bir çox xalqların nümayəndələri də mehriban qardaşlıq şəraitində yaşayırlar

 Azərbaycanda multikulturalizmin və tolerantlığın yüksək səviyyədə təşəkkül tapmasının əsas səbəbi kimi, burada ta qədim zamanlardan müxtəlif dini konfissiyaların, azsaylı xalqların və etnosların birgəyaşayışını qeyd etmək olar. Bütün bu müxtəlifliklərə baxmayaraq, Azərbaycanda heç bir zaman dini və yaxud etnik zəmində qarşıdurmalar, narazılıqlar baş verməyib. Bu da Azərbaycan xalqının tolerantlığından, başqalarına qarşı dözümlülüyündən, xüsusi mental xüsusiyyətlərindən, xarakterindən irəli gəlir.

Bu xarekterin formalaşmasında ölkəmizin yerləşdiyi coğrafi mövqe də az rol oynamayıb. Avropa və Asiya qitələrinin qovuşağında yerləşən Azərbaycan bir çox sivilizasiyaların diqqətini özünə  cəlb edir.

Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olub.

Digər bir səbəb isə istər qədimdə, istərsə də müasir dövrdə Azərbaycanın öz yüksək tolerantlığı ilə seçilən bir bölgə olmasından qaynaqlanır. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi ölkə kimi bütün dünyada tanınır. Tarixi mənbələri araşdırdığımız zaman Azərbaycanın etnik tərkibinin daim genişləndiyini müşahidə edirik.

Azərbaycan bu gün də öz etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər bir çox xalqların nümayəndələri mehriban qardaşlıq şəraitində yaşayırlar. Onların arasında dağ yəhudiləri,  tatlar, talışlar, kürdlər, malakanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar da var ki, onların ölkəmizin ərazisində məskunlaşma tarixləri çox qədimdir. Bu etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini bu günümüzə qədər də qoruyub saxlaya biliblər. Bu mədəniyyət onların məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapır. Bu gün biz həmin qrupların bəziləri haqqında oxucularımıza məlumat vermək istəyirik.

Beləliklə, yəhudilər Azərbaycanda yaşayan ən qədim xalqlardan biridir.

Azərbaycan ərazisində məskunlaşan yəhudilər əsasən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir.

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunub. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Lakin tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılıb və Midiyada məskunlaşdırılan İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirən insanlar olublar. Elə Midiyada məskunlaşdıqları zaman onlar tatlarla qaynayıb qarışıblar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.

Talışlar ölkəmizin cənub-şərqində, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında, eləcə də İranın şimalında yaşayan xalqdır. Onlar İran dil ailəsinə mənsub talış dilində danışırlar. Talışların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.

Ölkəmizin ərazisində məskunlaşan digər azsayla xalqlardan biri də kürdlərdir. Onlar hazırda Naxçıvan MR-nın Sədərək rayonunda rayon mərkəzində, Culfa rayonunun Teyvaz kəndində və Şərur rayonunun Dərəkənd kəndində yaşayırlar. Erməni işğalına qədər isə kürdlər Laçın, Kəlbəcər, Qubadlı rayonlarında kompakt şəkildə yaşayıblar. Kürdlər İran dil ailəsinə məxsus kürd dilində danışırlar. Azərbaycan ərazisində məskunlaşan kürdlər əsasən islam dininə etiqad edirlər.

 Azərbaycanda yaşayan irandilli xalqlardan biri də tatlardır.

Tatlar Azərbaycanın əsasən Quba, Xızı və Xaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqdır. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşan tatlar buraya köçürülən qədim iranlıların nəslindəndirlər və onlar, heç şübhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrindən hesab olunurlar. 

Ölkəmizin şimal-qərbində kompak şəkildə məskunlaşan xalqlardan biri də avarlardır. Çox qədim zamanlardan Azərbaycan ərazisində yaşayan avarların ölkəmizin ərazisində məskunlaşma tarixi dəqiq məlum deyil.

Avarlar əsasən Zaqatala və Balakən rayonlarında yaşayırlar. Şimali Qafqaz dil ailəsinə məxsus olan avar dilində danışırlar.

Azərbaycanlılarla çox sıx qaynayıb-qarışan avarlar Azərbaycanı öz doğma vətənləri hesab edirlər. Avarlar islam dininə etiqad edirlər.

Xınalıqlılar isə Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinləri sayılırlar. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonundadır.

Rutullar da etnik qrup olaraq Azərbaycanda və Rusiyada məsunlaşıblar. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlayıb. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı bilirlər (əsasən də azərbaycan və rus dillərini).

Azərbaycan ərazisində məsukunlaşan ən böyük etnik qrup olan ləzgilər də Qafqaz xalqları qrupuna aiddirlər və əsasən, Dağıstan və Azərbaycanda yaşayırlar. Azərbaycanda Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Ləzgilər Azərbaycan əhalisinin 2,2%-ni təşkil edirlər.

Ölkəmizin ərazisində məskunlaşan ən azsaylı xalqlardan hesab olunan malakanlar əsasən Bakı, Sumqayıt şəhərlərində və Şamaxı, İsmayıllı, Gədəbəy, Quba və Ağdərə rayonlarında yaşayırlar.

İlk malakan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlib. Onları buraya Rusiyadan, pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün ediblər.

Azərbaycanda məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gələn malakanların nəslinin davamçıları yaşayır.

İngiloylar əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul ediblər. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyəti tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik və heyvandarlıqdır.

Ölkəmizin ərazisində məskunlaşan digə bir etnik qrup qaraçılardır.

Qaraçılar köçəri xalqlar olduqlarından Hind-Avropa mənşəlidirlər və bütün Avrasiya materikində rast gəlinirlər.

Azərbaycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərində yaşayırlar. Balakəndəki qaraçılar farsdillidirlər. Bundan başqa, qaraçılar Şamaxı, Yevlax rayonlarında və Borçalıda yaşayırlar.

Qaraçılar tarixən köçəri həyat tərzi sürüblər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olublar .

Assuriyalılar da Azərbaycanda yaşayan etnik qruplardan biridir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşan assuriyalılarla bağlıdır. Hazırda Azərbaycanın Zaqatala zonasında kiçik bir etnik qrup kimi məskunlaşıblar.

Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biri də udilərdir(udinlər). Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıblar. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayon mərkəzində yaşayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qavqazın qədim sakinlərindən hesab olunurlar, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər və bu günə kimi də özlərinin dini inancların qoruyub saxlayırlar.

Yuxarıda qeyd etdiklərimiz ölkəmizin ərazisində məskunlaşan azsayla xalqların və etinik qrupların az bir hissəsidir. Elə bunun özü də kifayət edər ki, Azərbaycanın etnik xəritəsini təsəvvür edək. Bu, həm də Azərbaycan xalqının tolerintlığının, azsaylı xalqlara və etnoslara xoş münasibətinin göstəricisidir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar