Rəhbər vəzifə tutanlar xalqa yaxın olmalıdırlar

 

Rəhbər vəzifə tutanlar xalqa yaxın olmalıdırlar
 
 

                           TAPDIQ ABBAS

                             Baş redaktor
                         “Əməkdar mədəniyyət işçisi"
                          Pedaqoji fəlsəfə doktoru
                          Qarabağ müharibə veteranı

 

Bəziləri özlərini “balaca padşah” kimi aparır

 

 Bəziləri özlərini “balaca padşah” kimi aparır Azərbaycan balaca dövlət olsa da, zəngin təbiəti, tükənməz sərvətləri, əlverişli coğrafiyası, zəhmətkeş və qonaqpərvər insanları ilə seçilir. Məhz yuxarıda qeyd etdiyim zənginliklərə görə, ölkəmiz tarix boyu işğalçıların fasiləsiz olaraq hədəfinə çevrilib. Bunun nəticəsidir ki, əhalisi və ərazisi çox olub, oğuz (azəri) türkləri qədər bir neçə yerə parçalanmış dünyada ikinci xalq və dövlət yoxdur. Beş minillik dövlətçilik tarixinə sahib olan Azərbaycan, XV əsrdə Yaxın Şərqdə ən böyük türk imperiyasına malik olub. Tarixə Azərbaycan Səfəvilər dövləti kimi düşüb və regionda ən böyük dövlət olaraq yüz ildən çox fəaliyyət göstərib. Bu sətirləri qeyd etməklə, heç də tarixi keçmişimiz barədə geniş şərh yazmaq fikirində deyiləm. Sadəcə, məqsədim millətimizin oğuz türkü olaraq, dövlətçilik ənənələrinin qədim tarixə malik olduğunu yada salıram. Türk millətinin ən cəngavər, ədalətli və döyüşkən kəsimi olan oğuzların (azərilər) dünyanın təkamül və inkişaf tarixində özünəməxsus yeri olduğunu yada salıram. Bu şanlı tarix zaman-zaman ruslar və farslar tərəfindən məqsədli olaraq saxtalaşdırılsa da, lakin onlar ölkəmizi öz daxillərində əritmək kimi, çirkin məqsədlərinə nail olmağa çalışsalar da, bacara bilmədilər. XV əsrdə Azərbaycanın malik olduğu dörd yüz min kvadrat kilometr ərazidən bu gün müstəqil dövlətimizə cəmi 66 min kvadrat kilometr (erməni işğalında olan torpaqlar bura daxil deyil) ərazi qalsa da, düşmənlərimiz Azərbaycan dövlətini tarixin səhnəsindən silə bilmədilər! Lakin onu da unutmayaq ki, ruslar və farslar hələ də Azərbaycanı işğal etmək üçün fürsət axtarırlar və çirkin məqəsdlərinə çatmaq naminə hər cür alçaqlığa əl atmağa hazırdırlar. Bu yaxınlarda Gəncədə belə bir şərəfsiz cəhdə əl atdılar, lakin yenə də məqəsdlərinə nail ola bilmədilər. Gəncədə baş vermiş qanlı terror hadisələrinin ətraflı təhlili bir daha təsdiq etdi ki, bu hadisələrin hazırlanıb həyata keçirilməsi Rusiya və İranın xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb. Bu hadisənin Gəncədə təşkil ounmasının əsas səbəblərini təhlil edərkən isə, hadisənin həyata keçirilməsinin bir neçə məqamına toxunmağı vacib sayıram. Əvvəla, Gəncə ölkəmizin ikinci böyük şəhəridir və düşmənlərin burada belə bir terror hadisəsini planlaşdırmalarının əsas məqsədi, hər şeydən əvvəl, son illər dünya ictimaiyyətində ölkəmizin sabitliyi ilə bağlı yaranmış qəti rəyi zədələnməkdən, Azərbaycanda sabitliyin heç də möhkəm olmadığını, istənilən zaman bu ölkədə çox təhlükəli ciddi hadisələrin baş verməsinin mümkünlüyü düşüncəsini yaratmaqdır. Əslində, Mingəçevir İES-də baş vermiş çökmə hadisəsini də texniki nasazlıqdan daha çox Gəncədə baş vemiş terror hadisəsinin başlanğıcı və düşmən dövlətlərin diversiya qruplarının məqsədyönlü planlaşdırdıqları fəaliyyəti kimi qiymətləndirmək daha doğrudur. Yəni, nə qədər qonşu, dost dövlət kimi təsəvvür və təqdim etməyə cəhd etsək də, Rusiya və İran Azərbaycanın Qərblə, Avropa ilə iqtisadi inteqrasiyaya can atmasına bütün vasitələrlə maneə olmağı özlərinin başlıca vəzifələri hesab edirlər. Ona görə də Rusiya və İranla nə qədər mehriban qonşu olsaq da, bu dövlətlərin səmimiyyətinə inanmaq ağılsızlıqdan başqa bir şey deyil. Bu iki dövlətlə mehriban qonşuluğumuzu davam etdirməklə bərabər, sayıqlığımızı heç vaxt itirməməliyik. Xarici düşmənlərin ölkəmizə gizli müdaxiləsini bir an olsun belə, yaddan çıxarmaq yolverilməzdir. Bu cür qanlı hadisələrin ölkəmizdə baş verməsinin təşkilatçılarından biri xarici düşmən dövlətlərdirsə, bu arzuolunmaz hadisənin baş verməsinin digər günahkarları isə rüşvətxor, korrupsioner, həddini aşan, yaramaz hərəkətləri ilə xalqı dövlətdən narazı salan məmurlardır. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün tədbirlərdə, toplantılarda və müşavirələrdə məmurları ciddi tənqid etməsi, rüşvətxorluq və korrupsiya kimi, çirkin əməllərə son qoyulmalarını tələb etməsi heç də təsadüfi deyil. Prezidentin çıxışlarını dinləyib, onun məmurlar qarşısında rüşvətxorluq, korrupsiya və xalqla münasibətlərin qurulması barədə qoyduğu tələblərin yerinə yetirilməsi hələ də tam hiss olunmur. Sanki məmurlar iş prinsiplərini dəyişmək istəmirlər. İllər ötür, hər şey dəyişir, tələblər dəyişib. Amma vəzifəsində qalmaqda davam edən bəzi uzunömürlü məmurlar hələ də ilişib on illər bundan əvvəlki səviyyədə qalıblar. Yəni, bunları qeyd etməkdə əsas fikirimizin məğzi odur ki, xalqa heç bir şey verə bilmirsənsə, eybi yoxdur, amma heç olmasa, təhqir etmə, xalqla söyüş, təhqir ritorikası ilə danışma, insanlarla ünsiyyət qurarkən, nəzakətli davran, axı, hər bir məmur dövləti, ölkə prezidentini təmsil etdiyini unutmamalıdır! Kimliyindən asılı olmayaraq, insanın oldürülməsinə sevinmək dini, hüquqi və insanlıq baxımdan doğru hərəkətdeyil, təqdir etmək və insan öldürülməsini təbliğ etmək isə cinayətdir. Təəssüf ki, cəmiyyətimizin sosial şəbəkələrdə əks olunmuş rəyi ilə tanış olanda, orada da bu cür xoşagəlməz hallarla qarşılaşırıq. Məmur ölümünə sevinmək, qarğış etmək kimi, insanlığa zidd olan çağırışlara haqq qazandırmaq tərbiyəsizlikdir, cinayətdir. Bu cür hallar qətiyyətlə pislənilir və həmişə pislənilməlidir. Lakin sosial şəbəkələrdə məmurlara qarşı başlayan bu cür mənfi proseslərin səbəbləri mütləq araşdırılmalı və dövləti təmsil edən məmurların xalqla münasibətlərinin normallaşması üçün ciddi tədbirlər görülməlidir. Məhz xalqla məmurlar arasında yaranmış kəskin sosial münasibət, hər şeydən öncə, ölkəmizin düşmənlərinə hava və su kimi lazımdır. Bəli, düşmənlərə ilk növbədə xalqın narazılığına nail olmaq lazımdır. Bu narazılığın necə bir partlayışa səbəb ola biləcəyini yalnız kranı açıq qoyub qazı evə doldurmaqla müqaisə etmək olar. Yəni bir kibrit çəkib yandırmaq və ya işıq lampasını qoşmaq yetər ki, həmin evdə faciəyə səbəb olan böyük bir partlayış baş versin. Ona görə də xalqla, onun iradəsi ilə doğru davranmaq indi həmişəkindən daha çox lazımdır ki, ən azı, düşmənlərimiz bundan ölkəmizə qarşı istifadə edə bilməsin. Ölkə Prezidenti cənab İlham Əliyevin dünyada ölkəmiz adına həyata keçirdiyi uğurlu siyasət islam və türk dünyasına qarşı çıxış edənləri hədsiz dərəcədə narahat etdiyini, Azərbaycanın dünya ölkələri arasında özünəlayiq yer tutmasının türk və islam düşmənlərini ciddi şəkildə qayğılandırdığını və bunu bizlərə elə belə keçəcəklərini düşünmək və diqqətdən qaçırmaq, arxayınçılığa yol vermək olmaz. Hər bir məmur dərk etməlidir ki, bu ölkənin yeganə dayağı, sahibi Xalqdır və onunla ev sahibi kimi davranmaq lazımdır, onu öz evini yandırmağa sövq etməkdən çəkinmək lazımdır! Başa düşürük ki, həll çətin olan xeyli problemlər mövcuddur. Lakin bu problemləri bəhanə gətirərək, xalqa vaxt ayırıb onun problemlərini dinləməmək birbaşa düşmənə xidmətdir. Müşahidələr onu göstərir ki, bəzi icra başçıları ölkədə baş verən qanlı Gəncə hadisələrindən hələ də düzgün nəticə çıxarmayıblar. Yenə də söyüş, təhqir, rüşvət, korrupsiya notuna köklənmiş halda davam edənlər var. Beyləqanda, Ağcabədidə, Şamaxıda, Bərdədə çalışan icra başçıları görəsən, rayon ictimaiyyəti ilə düşmənçilik səviyyəsinə endiklərindən xəbərləri varmı?! Ölkə Prezidentinin tapşırıqlarını qulaqardına vurub, çirkin əməllərini davam etdirənlər tamahlarının qurbanı olacaqlarına deyəsən, hələ də inanmırlar, amma sonra gec olacaq, ay özlərini “balaca padşah” kimi aparıb, xalqa zülm edənlər, ayılın!

0.012189149856567