Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Terror və radikalizm
dözümsüzlükdən qaynaqlanır

  125
18:38 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan həmişə dünyada tolerantlığa nümunə ölkə kimi göstərilir

 Artıq bütün dünyaya məlumdur ki, hazırda baş verən müxtəlif növ qarşıdurmaların, radikalizmin, miqrasiya problemlərinin həllinin bir yolu var, multikulturalizm və tolerantlıq dəyərlərinin qorunması və inkişaf etdirilməsi.

Çünki bütün terror və radikalizm halları ilk növbədə dözümsüzlükdən, başqalarına qarşı antipatiyanın güclənməsindən qaynaqlanır. Buna səbəb isə dünyanın inkişaf etmiş dövlətlərinin demokratiya və insan haqları pərdəsi altında həyata keçirdikləri ikili standartlardır. Daha çox müsəlmən dövlətlərinə qarşı sərgilənən bu yanaşma, həmin dövlətlərdə radikalizmin güclənməsinə rəvac verir. Burada tarixin bütün dönəmlərində özünün digər dinlərə və xalqlara qarşı tolerant münasibəti ilə seçilən Azərbaycan da istisna deyil. Ən azında dünya dövlətlərinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə münasibətində bunu açıq şəkildə görə bilərik. Lakin bütün bu yanaşmalara baxmayaraq, Azərbaycan dövləti və xalqı özünün həyat tərzinə çevrilmiş tolerantlıq dəyərlərini bu gün də qoruyub saxlayır, inkişaf etdirir və bütün dünyaya yaymaq istiqamətində uğurlu fəaliyyət göstərir. Bunun nəticəsidir ki, son illər ölkəmizdə radikal dini cərəyanların fəaliyyəti yox dərəcəsinə qədər azalıb. Lakin, bu o demək deyil ki, həmin cərəyənlar və onlara dəstək verən bəzi qurumlar öz fəaliyyətlərindən tam şəkildə geri çəkiliblər. Buna görə də, vacibdir ki, belə hallara qarşı mübarizə hər zaman davam etdirilsin. Bu da məlumdur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər zaman radikalizm və ekstremizm hallarının qarşısını almaq istiqamətində önəmli işlər görür. Ötən ilin sonunda Qusar rayonunda "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən regional seminar-müşavirədə Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirdə  Komitənin sədr müavini Səyavuş Heydərov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul şəxsləri, DQİDK-nın Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının yerli strukturlarının rəhbərləri, bölgənin din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Seminar-müşavirədə çıxış edən DQİDK sədr müavini Səyavuş Heydərov bildirib ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi qüvvələrlə mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması üçün  tədbirlərin görülməsi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindən biridir və istiqamətdə mühüm işlər görülür.

Məlumdur ki, bu gün Azərbaycanda dini durum sabitdir. Ümumiyyətlə, Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış halları olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar demək olar ki, yoxdurlar. Azərbaycanın qanunları da buna imkan vermir. Ölkəmizdə tarixin bütün dönəmlərində qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Bunun nəticəsidir ki, Azərbaycanın adı həmişə dünyada tolerantlığa nümunə ölkə kimi göstərilir. Bu gün dünyanın inkişaf etmiş dövlətləri də Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinin hər yerdə yaymasında maraqlıdırlar. Bu da məlumdur ki, dini maarifləndirmə radikallıqla mübarizənin ən əsas metodlarından biridir və bu sahədə görülən işlər ölkəmizdə radikalizmə meyilli qrupların sayının azalmasında mühüm rol oynayıb. Ölkə gəncləri arasında radikalizmi yaymağa cəhd edən radikal kökləri təmizləmək üçün həmin qüvvələrə alternativ olaraq, milli-mənəvi dəyərlərimizə əsaslanan model üzərində qurulmuş təbliğat-təşviqat işləri də, özünün müsbət nəticələrini verir. Bu model yetişən gənc nəslin öz dəyərlərinə sadiq qalması, milli kimliyinə hörmətlə yanaşması və yad mühitdən qaynaqlanan radikal ünsürlərdən qorunması məqsədinə xidmət edir. Bu gün həmin modelin sistemli şəkildə tətbiqi radikalizm meyillərinin zəiflədilməsi, eyni zamanda, gələcəkdə baş verə biləcək mənfi halların qarşısının alınmasında mühüm rol oynayır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkəmizdə baş alıb gedən xaosa, dini və milli zəmində qarşıdurmalara, radikalizmə və separatizmə sipar çəkildi və bununla da ölkəmizdə multikulturalizmin və tolerantlığın əsasları möhkəmləndirildi. Ulu öndərin banisi olduğu multikulturalizm, dinimizə, adət-ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması, dini ekstremizmə qarşı mübarizənin məqsədlərini və əsas prinsiplərini daha da gücləndirdi.

Bu qanun dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə imkan verdi. Qanundan irəli gələn məsələlər Daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrildi və bu sahədə həyata keçirilən profilaktik və inzibati tədbirlər nəticəsində bir sıra radikalizmə meyilli qruplar aşkarlandı və onların fəaliyyətlərinə son qoyuldu. Dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu nəzərə alsaq, ona qarşı müştərək mübarizənin vacibliyi də, heç kimdə şübhə doğurmaz.

Çünki, milli- mənəvi dəyərlər hər bir ölkənin özünə məxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan vermək olmaz.

Buna görə də, milli-mənəvi dəyərlərimizi, cəmiyyətimizi, dövlətimizi zərərli dini cərəyanlardan, radikalizm və ekstremizmdən qorumaq, bu sahədə fəaliyyətin səmərəliliyini artırmaq, müsbət nəticələr əldə etmək məqsədilə əlaqəli şəkildə vahid təbliğat aparmaq zəruridir. Dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsi də vacib şərtlərdən biridir.

Bunu nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması tərəfindən "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində "İslam həmrəyliyi və gənclərin radikal təsirlərdən qorunması" mövzusunda maarifləndirici tədbir keçirib.

Dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərin səmərəliliyinin artırılması üçün dini icmalar öz fəaliyyətlərini gücləndirməli və iş prinsiplərini elə qurmalıdırlar ki, radikal dini cərəyan mənsubları zərərli dini təbliğata imkan tapmasınlar, gənclər onların arxasınca getməsinlər.

Dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları elə təbliğ olunmalıdır ki, cəmiyyət radikalların fəaliyyətinə ümumiyyətlə imkan verməsin.

Tədbirin sonunda çıxış edənlər bildiriblər ki, bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi radikalizm meyillərinin qarşısının alınmasında, gənclərin dini baxışlarının düzgün istiqamətləndirilməsində böyük rol oynayır. Ona görə də belə tədbirlərin sayı artırılmalı, keyfiyyəti yüksəldilməlidir.

Dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlər çərçivəsində daha bir tədbir Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya 2018-ci ilin iş planına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi, Rayon Gənclər və İdman İdarəsi ilə birgə Bakı Texniki Kollecdə keçirilib. Tələbə-gənclərin iştirakı ilə keçirilən "Gəncləri radikal meyillərdən qoruyaq!" adlı maarifləndirici tədbir də, iştirakçılar tərəfində maraqla qarşılanıb. Tədbir iştirakçıları dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində rayon komissiyası tərəfindən il ərzində həyata keçiriləcək işlər və tədbirlər haqqında məlumat verərək, bu sahədə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin intensivliyinin daha da artırılmasının zəruriliyini önə çəkiblər. Qeyd olunub ki, dünyada radikal meyillərin - radikalizm və ekstremizmin yayıldığı bir dövrdə gənclərin onlardan qorunması üçün maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun üçün də radikalizm qarşı mübarizə metodları və gəncləri həmin təsirlərdən qorunmaq üçün müvafiq tövsiyələr hazırlanmalıdır.

Tədbirin sonunda çıxış edənlər yekdilliklə qeyd ediblər ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var və bu işlər ardıcıl olaraq davam etdirilməli, gənclər radikal meyillərdən qorunmalıdır. Çünki bu meyillərin təsirinə düşən hər bir insanın həyatı və yaşam tərzi faciədir, hamı çalışmalıdır ki, gənclər belə faciələrə düçar olmasınlar, xalqımıza layiq əsl vətəndaş kimi formalaşsınlar.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar