Xalqla məmurların münasibəti çox gərgindir

 Xalqla məmurların münasibəti çox gərgindir
 

TAPDIQ ABBAS
Qəzetin baş redaktoru,
"Əməkdar mədəniyyət işçisi"
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

 

Rüşvətxor və xalqı təhqir edən məmurlar vəzifədən alınmalıdırlar

Azərbaycanda baş verən son iki hadisə - ölkənin enerji sisteminin iki gün dalbadal çökməsi və Gəncə şəhərinin icra başçısının sui-qəsdə məruz qalması cəmiyyəti və hökuməti çox güclü şəkildə sınağa çəkdi. Hər iki hadisə, ilk növbədə, cəmiyyətdə hökumətə gizli bəslənilən etirazı, narazılığı bir anda sosial şəbəkələrə daşıdı. Sosial şəbəkələr də, sanki havanın yüksək temperaturuna dözmədi və enerji böhranı ətrafında cəmiyyətin gərilmiş əsəbləri Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edilməsi  fonunda cəmiyyət-məmur münasibətlərində movcud olan örtülü narazılıq və qəzəb kükrədi və münasibətlərə sarsıdıcı zərbə vurdu. Rüşvətxor, korrupsioner, bütün əxlaq normalarını aşan məmurlara qarşı xalqda toplanmış etiraz və nifrət enerjisi Elmar Vəliyevin şəxsində mımurlara qarşı kükrədi. İnsanlığa zidd, qəbul edilməsi mümkün olmayan terror hadisəsinin məmurların hücüm və təhqir hədəfinə çevrilmiş sadə xalq kütləsi tərəfindən rəğbətlə qarşılanması çox təhlükəli tendensiya kimi təzahür etdi. Hətta terror aktını həyata keçirmiş cinayətkar Yunis Səfərovun sosial şəbəkələrdə "milli qəhrəman" kimi təqdim edilməsini ölkəmizdə vətəndaş qarşıdurmasının son həddə çatdığını göstərən amil də saymaq olar.
Gözlənilmədən baş vermiş hər iki xoşagəlməz hadisə həm xalqı, həm də hökuməti sınağa çəkməklə bərabər, eyni zamanda, dövlətimizin imicinə, nüfuzuna çox böyük zərbə vurdu. Ölkənin enerji sisteminin Mingəçevir İES-də tək bir generatorun sıradan çıxması ilə tamamilə çökməsini heç kim, hətta düşmənlərimiz belə, ağıllarına gətirə bilməzdi. Ölkənin enerji sisteminin çökməsi ilə xalqın əksəriyyətini rüşvətxor məmurların təşkil etməsinə şübhə olmayan hökumətə  azacıq olan inam və etimad da çökdü desək, heç də səhv etmərik.
Ölkə prezidentinin enerji böhranı ilə bağlı yaratdığı komissiyanın televiziya ilə nümayiş etdirilən iclasında cavabdeh vəzifəli şəxslərin, xüsusi ilə enerji böhranının baş verməsinə birbaşa məsul olan "Azərenerji" ASC-nin sədri Etibar Priverdiyevin gözlənildiyinin əksinə olaraq, prezident tərəfindən iclasda çox yumuşaq şəkildə "sən utanmalısan!" ifadəsi ilə "cəzalandırılması" xalqın qəzəbinin azalmasına yox, əksinə, bir qədər də güclənməsinə səbəb oldu. Xalqın prezidentdən umacağı, gözləntisi çox böyük idi, o, E. Priverdiyevin ən ağır cəzalanmasını gözləyirdi, amma bunu görmədi və incidi...
İki gün ard-arda xalqa enerji böhranı həyacanı yaşadan Etibar Priverdiyevin çox yüngül şəkildə məzəmmət olunması ilə xalq barışmadı. Ölkəni çox təhlükəli duruma salmış cavabdeh məmurun bu cür asanlıqla "sudan quru" çıxması dərhal xalqın qəzbini hakimiyyətin üzərinə yönəltdi. Xalq bu hadisədən sonra tək E. Priverdiyevi yox, baş vermiş enerji böhranına görə, həm də hakimiyyəti daha çox günahkar saydı.
Ümumiyyətlə, baş vermiş bu iki hadisə və buna bənzər digər xoşagəlməz mənfi hadisələrin təhlilinin yekunları ölkəmizdə xalq-məmur münasibətlərinin olduqca kəskin şəkildə gərgin olduğunu və bunun dövlətimiz üçün heç də yaxşı əlamət olmadığını deməyə əsas verir.
Nüfuzlu beynəlxalq ekspertlərin rəyinə görə, yaxın zamanlarda ölkədə mövcud olan məmur özbaşınalığına son qoymaq üçün ciddi ölçü götürülməzsə, Azərbaycanda xoşagəlməz hadisələrin baş verməsi ardıcıl, qaçılmaz xarakter alacaq, bundan faydalanan daxili və xarici düşmən qüvvələrin ölkəni qarışdırması və sabitliyi pozmaları üçün münbit şərait yaranacaq. Ona görə də hakimiyyət ölkədə xalq-məmur münasibətlərində mövcud olan gərginliyi ortadan götürmək istiqamətində ən zəruri tədbirləri həyata keçirilməkdə gecikməyə yol verməməlidir.

0.02236795425415