Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vətəndaşlıq hissini itirmək faciədir

 

  234
16:13 20-06-2018
Şriftin ölçüsünü dəyiş  

 

Ölkəmizin əleyhinə çıxmağın bir adı var - düşmənçilik

 

Müstəqillik uğrunda canlarını fəda etmiş milyonları xatırladıqca, istər-istəməz, yaşadığımız indiki Azərbaycan dövlətinin heç də asanlıqla qurulmadığını bir daha dərindən dərk etmək hər birimizin müqəddəs borcudur. Saysız - hesabsız insanlarımız bu günkü müstəqil dövlətimizin qurulması naminə həyatlarını fəda ediblər. Həyatda hər nələri olubsa, hamısını bilə-bilə, düşünülmüş halda müstəqilliyə qurban veriblər, amma onların heç biri uğrunda həlak olduqları bu müstəqil dövlətin bəhrəsindən istifadə etməyiblər. Sadəcə, vətən uğrunda həlak olduqlarına görə, rühlarının istirahəti üçün Şəhidlik Zirvəsinə ucalıblar. Bütün hallarda həmin adları bəlli olan və olmayan Şəhidlərə bizlərin can borcu var, onları daim anmaq, yad edib, ruhları qarşısında baş əymək borcu!

Müasir dövrdə fəaliyyətdə olan hər bir dövlətin ən böyük sərvəti həmin dövlətin vətəndaşlarıdır. Azərbaycan dövlətinin də ən qiymətli sərvəti təbii ki, ölkəmizin bu vətən üçün hər şeyini fəda etmiş və edən vətəndaşlarıdır. Az qala, hər gün şəhid veririk, soyumuzdan soy, sıramızdan ərən oğullar itiririk. Göz yaşları axıdan analar, atalar, dul qalan gənc xanımlar, atasız qalan körpələr, ağlar qalan qardaş-bacılar, bir sözlə, əzizini itirən hər kəs sonda “Vətən sağ olsun!”- deyir. Bu, əlbəttə, belə də olmalıdır. “Torpaq-uğrunda ölən varsa, VƏTƏNdir!” – deyimi heç də təsadüfən deyilməyib! Bu kəlam illərin sınağından çıxmış, tarixin imtahanlarından keçmiş və kəlam haqqı qazanmış haqq sözüdür. Lakin...

Azərbaycan cəmiyyətinə diqqətlə nəzər yetirəndə, cəmiyyətin - ölkəni başdan-başa şəxsi mülkiyyəti kimi istismar edən, vətəni, torpağı düşməndən qorumaq üçün övladları bir yana dursun, heç toyuğunu belə itirməyən, xalqa məxsus olan dövlətin rahat kürsüsündə əyləşib, səhərdən axşamacan bütün vasitələrlə xalqı talamaqla məşğul olan məmurlardan və varlılardan, digəri isə, Vətən üçün daim qurban verən, məmurların soyğun və talan obyektinə çevrilmiş, insan kimi, normal yaşamaq haqqından tamamən məhrum olunmuş sadə, kasıb insanlardan ibarət olan iki hissəyə bölündüyü kənardan seçilir! Belə bir ədalətsiz bölgünün mövcud olduğu amorf cəmiyyətdə nəyinsə, normal olması, əlbəttə, mümkün deyil. Bu cür amorf, ziddiyyətlərin kəskin olduğu cəmiyyətlərdə vətəndaşın və dövlətin qorunub saxlanmasının özü olduqca çətin məsələdir! Belə cəmiyyətlərdə, adətən, qanunlar işləmir. Çünki dövlətin yüksək kürsülərini xalqın rəyi və dəstəyi ilə deyil, müxtəlif dolayı vasitələrlə ələ keçirmiş məmurların xalqdan çəkinərək, işləyəcəyini düşünmək yanlışdır. Məmurlar yalnız cənab Prezident tərəfindən təyin olunduqlarına görə, ondan çəkinirlər. Son zamanlar ölkədə müşahidə olunan mənfi halların çoxalması isə göstərir ki, məmurlar Prezidentin ciddi xəbərdarlıqlarına baxmayaraaq, yenə də çirkin əməllərdən geri çəkilmirlər.

Dünya təcrübəsindən də mlumdur ki, istənilən ölkədə güclü prezident hakimiyyəti mövcud olsa da, həmin ölkədə idarəetmədə xalqın gücündən istifadə edilməsə, ictimai nəzarət sistemi tam gücləndirmədən uğurlu daxili idarəetməyə nail olmaq mümkün deyil. Hadisələrin gedişi də göstərir ki, cənab Prezident xalqın firavan həyat yaşamasını təmin etmək naminə bütün səylərini sərf edir, məmurların fəaliyyətini ciddi nəzarətə götürür və onları cəzalandırır, cəzadan nəticə çıxarmayanları tutduqları vəzifələrdən azad edir və bu prosesə xüsusi diqqət yetirir. Prezident tərəfindən görülən bu cür ciddi tədbirlərin təsiri təbii ki, hər yerdə hiss olunsa da, yenə də öz əvvəlki pis xislətindən geri çəkilməyən məmurlar var və bunlar ölkədə vətəndaşların hüzur içində, rahat yaşamasına əngəl olmaqda israrlıdırlar. Düşünürəm ki, bu da hər şeydən əvvəl, həmin məmurlarda Vətəndaşlıq hissinin çatışmazlığı ilə bağlıdır. Əgər məmur özünü bu ölkənin  vətəndaşı kimi yaxşı dərk etmiş olsa, o zaman özünün, ailəsinin, qohum-əqrabasının qayğısına qalmaqla yanaşı, kürsüsünü zəbt etdiyi bu ölkənin sadə insanlarının da qayğısına qalmağa da özünü borclu hesab edər. Amma nə yazıq ki, məmurlarımız bu cür müqəddəs və humanist hisslərdən tam uzaqdırlar.

Dövlətimizin ziddinə gedərək, hakimiyyətə zərbə vurmaq istəyən xaricdə yaşayan bəzi üzdəniraq insanların sayı youtubda getdikcə çoxalır. Bu cür ölkədən xaricə köç etmiş insanların ölkəmizin əleyhinə çıxış etmələrinin bir səbəbi onların düşmənlərin əlində oyuncağa çevrilməsidirsə, başqa bir səbəb isə ölkəmizdə insanların normal yaşamasına imkan verməyən rüşvətxor məmurlardır. Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkədə hər gün yeni iş yerlərinin açılmasını nəzərə alsaq, əslində, işsizlik problemi olmamalıdır. Amma vətəndaşlıq hissini itirmiş, gündəlik fəaliyyətini yalnız şəxsi qazanc əldə etmək üçün sərf edən məmurların zərərli əməyinin nəticəsidir ki, ölkədə açılmış yeni iş yerləri qəsdən gizlədilir, süni işsizlik mühiti yaradılır və vətəndaşlar iş dalınca xaricə üz tutmağa məcbur olur və xarici düşmənlərimiz də insanların bu incikliyindən istfadə edərək, onlardan ölkəmizə qarşı istifadə edirlər. Bəli, yuxarıda qeyd etdiyim kimi, əgər sadə insanlara ölkədə yaşamaq və işləmək üçün normal şərait yaradılmırsa, iş axataran insanlar işverənlər tərəfindən rədd edilirsə, bu cür insanlar yaşamaq üçün xaricə üz tutmaqdan başqa, ayrı əlacı tapmırsa, o zaman bunlar nə etməlidirlər?

Azərbaycanda müharibənin hər an başlaya biləcəyi düşmənlə üzbəüz olan səngərlərdə dayanan əsgərlərin sırasında bir nəfər də olsun, məmur övladı yoxdursa, övladı səngərdə olan əsgərin valideyni isə, iş tapa bilmirsə və yaxud çətin şəraitdə yaşamağa məcbur edilirsə, bu cür süni yaradılmış ədalətsizliyin məsuliyyəti məmurların üzərinə düşmürmü?! Yaxşı, bu məmləkətin vəzifə kürsülərindən beşəlli yapışıb, ərəb şeyxləri kimi, zəngin həyat yaşayan məmurlardan öz vətəndaşlıq borcunu yerinə yetirməyi tələb etməli olan yüksək vəzifəli şəxslərin özərinin vətəndaşlıq mövqeyi bəs, hanı? Kim nə deyir, desin, mən ölkədə dövlətin yüksək vəzifəsini tutub, bu cür yaramazlıqlara yol verən məmurlarla həmin məmurların günahı üzndən xarici ölkələrə çörək ardınca gedib, düşmən əlində ölkəmizə qarşı alətə çevrilmiş adamlar arasında heç bir fərq görmürəm!

Sonda bir daha təkrar qeyd edirəm ki, dünyada itirdiyin istənilən şeyi tapmaq mümkündü. Amma vətəndaşlıq hissini itirmiş insanın, kim və hansı səviyyəli insan olmasından asılı olmayaraq, təkrar olaraq vətəndaşlıq hissini bərpa etməsi mümkün deyil! Bax, Azərbaycan dövlətinin düşdüyü bütün çətinliklərin böyük əksəriyyətinin kökündə, ilk növbədə, məmurların vətəndaşlıq hissilərini lazımınca dərk etməmələri dayanır! Vətəndaşlıq hissini itirmək isə hər bir insanın ən böyük faciəsidir! Gəlin, faciələrimizin mənbəyi olan Vətəndaşlıq hissini itirilməmək üçün VƏTƏNDAŞ olaq!

Yazarlar