Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Bəylər, bu Vətənə necə qıydınız!"  

  64
17:40 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Fazil Mustafa,
Milli Məclisin üzvü


Əzizlərim, nə qonşu ölkənin casus şəbəkəsinin təhqir və təhdidlərindən, nə də onlara qoşulmuş öz danabaşlarımızın küstah davranışından usanmaq, yorulmaq olmaz. Qəribədir, çıxışında bu insanlara deyirsən ki, əsas problem kiminsə erməni əsilli olmasından çox, qəddar, ədalətsiz, vətəndaşı incidən məmurlarla bağlıdır, vəzifələrdə da dürüst insanlar irəli çəkilməlidirlər ki, yerlərdə insanlara zülm etməsin, əvəzində sürü şəklində bir dirijor çubuğu ilə yönləndirilənlər, çıxışını izləmədən, mənasını anlamadan yenə də qayıdıb söyür ki, əcəb edir mənə zülm edir, təki erməni olmasın, özümüzünkü hər şey edə bilər. Xeyrinə olan fikrə görə də anlamadan söyən danabaşları insana çevirmək yönündə mübarizəmizin çətinliyini hər birimiz anlamalıyıq. Bunlar belə bir cəmiyyətə demokratiya vermək olmaz, deyənlərin arqumentlərini hər gün daha da gücləndirir. Azacıq azadlıq əldə edən kimi, özünü döyəcək, yorulacaq, gəlib səni döyəcək, peyğəmbərin qadınından başlayıb ən yaxın mübarizə dostlarını söyəcək, sonra da mövzusu tükənəndə gəlib səni, məni söyəcək. Müdaxilə olunmazsa, bu pozulmuş mexanizm durmaz ki... Azərbaycan dövlətinin quranlar məhz bunların müqavimətini qırdıqdan sonra böyük bir missiyanı tamamlaya biliblər. Tağıyev illərlə bunların müqavimətini qıraraq qızların təhsil alması üçün məktəb açıb. Sizlərə asan gəlməsin, təhsil səviyyəsi aşağı düşdükcə əlinə kitab əvəzinə zəncir götürənlərin sayı artmaqdadır. Digər yandan da ərəb ölkələrindən gələn daha radikal cərəyanlar da təhlükənin başqa bir tərəfi kimi qabarmağa davam edir. Öz içlərindən də islahatçı düşüncədə olanlar qorxudan səslərini çıxara bilmirlər. Hər birinin arxasında da konkret dövlətlərin ideoloji aparatları, pulları durur. Təsəvvür edin ki, dostlarımız Moskvada Xocalı təədbirinə görə yüz adamı bir yerə toparlaya bilmirlər, başqa bir dövlətin mollası özünü döyməyə minlərlə azərbaycanlını meydana çıxara bilir. Durum yalnız Azərbaycanda vahim deyil ki? Bəzən də qorxa-qorxa adama pıçıldayırlar ki, bilirsiniz bunların arxasında hansı güclər durur? Cəhənnəm olsun bütün güclər, bu Vətən torpağı bizimdir, sənindir, mənimdir, yad ideologiyaların təsiri altına düşmüş xurafatçı həmvətənlərimizdən istifadə edərək həmin güclərin bu dövlətimizi qaranlığa gömməsinə imkan verə bilmərik və verməyəcəyik də!!! Erməninin də arxasında ABŞ durur, Rusiya durur, Fransa durur, İran durur, nə edək, böyük güclər arxasında durur deyə, bu məmləkəti qorxudan onlara təhvil verib getməliyikmi? 
Yüzlərlə düşünən və aydın insanın duyğularına tərcüman olmağa çalışdıqca məlum cahil sürüsünün təhqirlərinə, söyüşlərinə məruz qalıram, ancaq təsəllim budur ki, addım-addım sadə vətəndaşlarımıza, dövlət yekililərinə xurafatın, radikalizmin nə dərəcədə təhlükəli səviyyəyə çatdığını göstərə bilirəm. Minlərlə insandan aldığım dəstək də insanların təhlükəyə biganə qalmadığını göstərir. Əgər susqun davransaq, hərəmiz öz evimizin içində baş girləməyə davam etsək artıq iş-işdən keçəndən sonra Nazim Hikmətin məşhur şeirindəki ritorik sualı övladlarımız mütləq ittiham qaydasında bizə verəcəklər: "Bəylər, bu Vətənə necə qıydınız!"


Yazarlar