Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İslam tolerantlığı ilk olaraq
dünyaya bəyan edən dindir

  205
19:11 11-06-2018
Şriftin ölçüsünü dəyiş  

"Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır..."

 Bildiyiniz kimi, bu gün bizim demokratiya, insan haqlarının qorunması, söz və mətbuat azadlığının ən yüksək səviyyədə bərqərar olduğunu düşündüyümüz bir çox Qərb dövlətləri, bütün bunların əsasını təşkil edən multikulturalizmin iflasa uğradığını iddia etməklə, bir növ bəşəriyyətdə birgəyaşayışın, tolerantlığın mümkün olmadığını ortaya qoymağa can atırlar.

Və çox maraqlıdır ki, bu dövlətlər multikulturalizmin iflasa uğramasında müsəlmanları, daha dəqiq desək, İslam dinini əsas səbəb kimi göstərməyə cəhd edirlər. Bu səbəbdən də, biz bu gün İslam dinin sözün həqiqi mənasında tolerant və dözümlülük dini olduğunu sübut edən həqiqətləri İslamın əsas kitabı olan Qurani-Kərimin dili ilə sizlərin diqqətinizə çatdırmağa çalışacağıq. Çünki İslamın təbliğində zor və məcburiyyətin olmaması Quranda aydın şəkildə öz əksini tapıb: "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) biləndir!" (Əl-Bəqərə, 256). Yaxud, Qurani-Kərimin başqa bir surəsində göstərilir ki, "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər..."(Ənam, 108). Göründüyü kimi, burada İslamın digər səmavi dinlərə və dini konfessiyalara dözümlülük münasibəti aydın şəkildə özünü göstərir. Aydın olur ki, İslam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar arasında dözümlülük və sülh münasibətini önə çəkir. Quranda irəli sürülən bu fikirlər islamda dözümlülüyün prioritet olduğunu göstərən ən mühüm faktlardır.

İslam tarixində Məhəmməd peyğəmbərin özünün sülhpərvər və başqa millətlərə qarşı dözümlülük nümayiş etdirməsi haqda çox sayda faktlar var. Belə tarixi faktlardan birini şərh edən Şeyxülislam H. A. Paşazadə özünün "Qafqazda islam" adlı kitabında yazı: "Məlumdur ki, islamın erkən çağlarında, müsəlman cəmiyyətinin hüdudları hələ Ərəbistan yarımadası ilə məhdudlaşdığı bir vaxtda, Həzrəti Peyğəmbər qonşu dövlətlərin başçılarına bir sıra xüsusi məktublar göndərib. Belə məktublardan biri də, Abdallah bin Hüzeyfə əs-Səhmi vasitəsilə Sasani şahına göndərilib". Bildiyiniz kimi, o zaman Qafqazın böyük bir hissəsi Sasanilərin hökmranlığı altında olub. Həzrəti Peyğəmbərin Sasani şahına göndərdiyi məktubda deyilirdi:"Allahın rəsulu Məhəmməddən Fars şahı Xosrova. Salami-sülh o kəsə ki, Hidayət yolunu tutub, Allaha və Onun rəsuluna iman gətirərək şəhadət edib ki, Vahid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan yoxdur və Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. "Kafirlər üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et - səlamət qalarsan! Boyun qaçırsan atəşpərəstlərin günahları üçün məsuliyyəti sən daşıyırsan".

Bu məktubdan da görünür ki, Məhəmməd peyğəmbər çox böyük təmkin və ləyaqətlə Xosrov şahı islam dininə sülh yolu ilə çağırır və islamın əsas prinsipini aydın şəkildə sayğı ilə şərh edir. Bu məktub Peyğəmbərin sülhpərvər olduğunu, islam dininin isə tolerant din olduğunu bir daha təsdiq edir.

Bu da o deməkdir ki, İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Qurani-Kərimdə Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6). Bu ayədən də insanların müxtəlif inamda və fikirdə ola biləcəyi, həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür.

Ayədən də aydın olur ki, insanlar müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola bilərlər. Ayəyə görə bunlar səhv olsalar da, varlıqları inkar edilə bilməz. Amma bir məsələni də yaddan çıxarmayaq ki, insanlar fikirləri ilə doğulmurlar, sonradan aldıqları təlim-tərbiyə ilə müəyyən əqidəyə yiyələnirlər.

Allah Qurani-Kərimdə Peyğəmbərinə belə buyurur: "Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən! Sənin vəzifən ancaq təbliğ etməkdir". "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz". Bu ayələrdən də göründüyü kimi, birlikdə yaşamaq və hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər bir insanı öz inamında, dinində və fikrində qəbul etmək tolerantlıqdır.

İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." Bu ayənin də qayəsi budur ki, İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir.

Allah həmişə dözümlülüyü, tolerant olmağı əmr edir. Bu əmr güclü, yaxud zəif olan dövrlərə deyil, bütün vaxtlara şamil olan bir qaydadır. Allah Hz.Musanı (ə) və qardaşı Hz.Harunu Onu inkar edən, özünü tanrı hesab edən, zalım və azğın Misir hökmdarı Fironun yanına göndərərkən necə hərəkət etməli olduqlarını belə buyurur: "Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşıb. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud çəkinsin!"  Hz.Muhəmmədin (s) də dözümlü olmasının nəticəsi haqqında Quranda belə buyurulur: "Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər..." Tolerantlıq güclü qarşısında dözümlülük nümayiş etdirmək deyil. Tolerantlıq özündən zəifə, yaxud bərabərə olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. İslamın gəldiyi ilkin dövrlərdə müsəlmanlar tolerantlıq göstərdikləri kimi, güclü olduqları dövrlərdə bu qaydadan heç vaxt uzaqlaşmayıblar. İslam "əhli-kitab" sayılan dinlər bir tərəfə qalsın, hətta Allaha şərik qoşan müşriklərlə, bütpərəstlərlə münasibətlər haqqında görün necə tövsiyə edir: "Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır...". Bu ayədən də göründüyü kimi, Allaha şərik qoşmaq ən böyük günah olsa belə, Qurani-Kərimdə buyurulur ki, "o insan səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin". Bundan böyük tolerantlıq, dözümlülük, səbr ola bilərmi? 

Məlumdur ki, insanlar eyni cür yaradılmayıblar. İnsanlar eyni yaradılmadığı üçün tolerantlıq qaçılmaz dəyər olaraq qarşımıza çıxır. Hətta eyni hüceyrədən doğulan ekizlər arasında da fərqlər özünü açıq-aşkar büruzə verir. İslam müsəlmanların müxtəlif dinlərin mənsublarına, hətta inanmayanlara qarşı necə tolerant davranmalı olduqlarını insanların müxtəlif yaradılış prinsipi ilə izah edir. İslama görə müxtəliflik dünya imtahanın bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac qalmazdı.

Qurani-Kərimdə belə buyurulur: "...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinzlə yarışın. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!"

Əgər insanlar din və vicdan azadlığı məsələsində azad olmasaydılar, ya hamısı dini inkar etməyə məcbur edilərək haqsızlığa məruz qalacaq, ya da bütün bəşər Allaha inanmağa məcbur edilərək müxtəlif yaradılan ruhlar, qabiliyyətlər, cəhdlər bərabər sayılaraq ədalətsizliyə səbəb olacaqdı. Və imtahanın da bir mənası qalmayacaqdı. Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun...".

Biz yuxarıda Allahın Hz.Musanın timsalında zalımları Allaha dəvət edərkən necə davranmalı olduqlarını qeyd etdik. İslam eyni zamanda müsəlman olmayan müqəddəs kitabı olanlarla da necə dialoq qurulmasını belə əmr edir: "Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman onlara deyin: "İndi şahid olun ki, biz, həqiqətən, Allaha təslim olanlarıq!". Allahın "De: "İstər inanın, istərsə də inanmayın...". "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir.

Qurani-Kərim "Dində məcburiyyət (zorakılıq) yoxdur" ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb. "Nə qədər istəsən də insanların əksəriyyəti iman gətirməzlər", "Sən istədiyinə hidayət verə bilməzsən, ancaq Allah istədiyinə hidayət verər", "Onlar iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəcəksən?" kimi ayələr tolerantlığı anlamaq üçün ən gözəl sözlərdir.

İslam insanı hətta özünə qarşı da dözümlülüyə çağırır. İnsan özünə qarşı dözümlü olmasa, başqalarına qarşı dözümlü ola bilməz. Bu isə münasibətlərin ekologiyasıdır. Başqasına münasibət insanın özünə olan münasibətdən başlayır. İnsan özü ilə münasibətdə hansı prinsipləri rəhbər götürürsə, həmin prinsipləri ailəsinə, cəmiyyətə, əqidəsinə və həyat tərzinə inikas etdirir.

Və sonda hesab edirik ki, insanların biri-birilərinin haqlarının tanınması kimi,  dözüm-lülüyə gözəl nümunə ola bilməz. Butun bunları bizə, daha doğrusu bəşəriyyətə aşılayna isə İslam dinidir. Belə olduğu bir halda, bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğramasında İslam dinini və müsəlmanları ittiham etməsi nə dərəcədə doğru ola bilər? Burada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bir fikrini diqqətinizə çatdırmaq yerinə düşər, multikulturalizmin alternativi yoxdur, multikulturilizmin atlerintivi terrordur, islamafobiyadır, müharibələrdir, insan qırğınlarıdır.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar