Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü
(1918-1920-ci illər, qısa tarixi tədqiqat)

 

  125
20:28 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü

 Əvvəli ötən sayımızda

 Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli (“Aran”) (1893, Aydınqışlaq k., Qutqaşen (indiki Qəbələ) – 1960, İstanbul, Türkiyə) (Bəzi tarixi ədəbiyyatlarda Ş.Rüstəmbəylinin Ağdaşın Məmmədli kəndində doğulduğu yazılır.

Lakin son araşdırmalar göstərir ki, Şəfi bəy Aydınqışlaq kəndində əsilzadə ailədə dünyaya gəlmişdir - İ.Ə.). O, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olmuş və Kiyev Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsini bitirmişdir. AXC daxili işlər nazirinin müavini (24 dekabr 1919-cu il - 6 yanvar 1920-ci il; 10 mart - 27 aprel 1920-ci il) olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ali İnqilabi Tribunal tərəfindən həbs olunması və güllələnməsi barədə hökm çıxarılmışdı və bunun üçün axtarılırdı. Lakin Şəfi bəy gizli yolla əvvəl Tiflisə, sonra da İstanbula getməyə macal tapmışdı... Bütün ömrü mühacirətdə keçmiş, oradan da sovet hakimiyyətinə qarşı mübarizəni davam etdirmişdir. Ş.Rüstəmbəyli 1960-cı ildə İstanbulda 67 yaşında “Vətən!”, “Azərbaycan!”, - deyə-deyə gözlərini əbədi yummuşdur.

 

***

Müseyib bəy Qəhrəman bəy oğlu Axıcanlı (Axıcanov) (12.10.1892, Tomarxanlı k., Cavad (Salyan) q., Bakı qub. - 30.4.1920, Bakı).

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, İxtisasca hüquqşünas olub. Kiyev Müqəddəs Vladimir İmperator Universitetini (1912) bitirmişdir. AXC-nin qurucularından və Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının və Azərbaycan Parlamentinin üzvü idi. Bakının müvəqqəti qubernatoru, türk zabiti yarbay (podpolkovnik) Mehmet Fəthinin böyük köməkçisi (vitse-qubernator - Qərb modeli-İ.Ə.)(20 oktyabr - 30 dekabr 1918), Bakı qubernatoru əvəzi (17 noyabr 1918 - 5 fevral 1919) olmuşdu. Azərbaycanda sovet hakimiyyəti qurulanda dərhal bütün əmlakı və evi müsadirə olunmuş (indiki Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin binası (Ə.Cavad-12) Müseyib bəyin vaxtı ilə yaşadığı evidir), gecə saat 3-ün yarısında evindəcə həbs edilmiş və 1920-ci il aprelin 30-da Nargin (Böyük Zirə) adasında cəmi 28 yaşında ikən güllələnmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti“ kitabında Müseyib bəy Axıcanlını “İstiqlal Şəhidi” adlandırmışdır. Əsilzadə ailəsindən çıxmış, çox nüfuzlu və xeyirxah şəxs olan yüzbaşı Qəhrəman bəyin oğlu, ilk azərbaycanlı istedadlı hüquqşünaslardan biri M.Axıcanlı, təəssüf ki, evlənməmiş, dünyadan nakam köçmüşdür. Müseyib bəyin qardaşı İbrahim bəy də Azərbaycan Cümhuriyyətinin kadr zabiti idi. Bütün Axıcanovlar kimi o da acı tale yaşamış və repressiyaya məruz qalmış, Fransaya mühacirət etmişdi. Haqqında heç bir məlumat yoxdur... Xalqımızın mərhum böyük bəstəkarı Süleyman Ələsgərov Müseyib bəy Axıcanlının xalası oğludur.

 

***

Murad Gəray bəy Tlexas (21.10.1874, Yekaterinodar (indiki Krasnodar), Rusiya - 29.5.1920, Bakı).

General-mayor, Milliyyətcə cərkəzdir. AXC dövründə Azərbaycan Ordusunda Baş Artileriya İdarəsinin rəisi işləyirdi. AXC DMK-nın 1919-cu il 13 sentyabr tarixli əmri ilə bir peşəkar hərbçi kadr kimi əvvəl Bakı Möhkəmləndirilmiş Hərbi Rayonunun general-qubernatoru, sonra isə Azərbaycan hökumətinin başçısı və eyni zamanda daxili işlər naziri N.Yusifbəylinin 1919-cu il 4 dekabr tarixli əmri ilə Bakının general-qubernatoru təyin edilmiş və bu vəzifədə Azərbaycan Cümhuriyyətinin süqutuna qədər qətiyyətlə və sədaqətlə xidmət göstərmişdir. Sovet hakimiyyəti qurulan kimi M.G.Tlexası güya “ağqvardiyaçıların xəfiyyəsidir”,- deyə dərhal həbs etmiş, ona saxta ittihamla məhkəmə qurmuşdular. M.F.Axundov adına Opera və Balet Teatrında keçirilən məhkəmədə özünü olduqca mərd və qürurlu aparan Murad Gəray bəy 1920-ci il mayın 21-28-də Viktor Naneyişvilinin (İ.Stalinin qayınatası) sədrliyi ilə keçirilən iclasda Ali İnqilabi Tribunal M.Tlexasa güllələnmə kəsmişdi. M.Tlexas ertəsi gün mayın 29-da bir qrup milli təəssübkeşimizlə birlikdə gecə saat 2-də Nargin (Böyük Zirə) adasında 46 yaşında güllələnmişdir. Böyük M.Ə. Rəsulzadə M.G.Tlexası “Azərbaycan Cümhuriyyəti“ kitabında “İstiqlal Şəhidi” adlandırmışdır. Murad Gəray bəy Bakıda “Araz” kinoteatrı yerləşən 4 mərtəbəli binada (keçmiş “Parapet” - indiki Fəvvarələr bağı ilə üzbə-üz binada) yaşayırdı. Onun Əminə xanımdan 2 qızı vardı. Böyük qızı Cənnət xanım İranın Bakıdakı konsulunun arvadı idi.

***

Bəhram xan Əmənulla xan oğlu Naxçıvanski (1872, Naxçıvan ş. - 1941, Maku, İran).

Məşhur Kəngərlilər nəslindəndir. Tiflisdə Qafqaz Canişiliyində hərbi qərargahda ştalmeyester (orduda süvari zabit) rütbəsində xidmət etmişdi... Cənub-Qərbi Qafqaz (Qars) - Araz Türk Demokratik Respublikasının xarici əlaqələr üzrə komissarı (yanvar-fevral 1919), Cənub-Qərbi Azərbaycan (Naxçıvan) General-Qubernatorluğunun general-qubernatoru (28 fevral - 16 mart 1919-cu il) olmuşdur. B. Naxçıvanski Şərur-Dərələyəz General-Qubernatorluğunda köməkçi (rotmistr rütbəsində) (avqust 1919), AXC Daxili İşlər Nazirliyinin Lənkəran qəzasında Xüsusi Səlahiyətli nümayəndəsi (general-qubernator vəzifəsinə uyğun) (dekabr 1919 – 28 aprel 1920) olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926-cı ildən başlayarq Kəngərli Naxçıvanskilər nəsli BDSİ tərəfindən təqiblərə məruz qalmışdır. Onların çoxu Təbrizə, Makuya, Urmiyaya mühacirət edib oradakı qohumlarının yanında yaşamışlar... B.Naxçıvanski də Cənubi Azərbaycana köçmüşdür. B.Naxçıvanski Qarabağ xanı Mehdiqulu xanın qızı, məşhur şairə Xurşudbanu Natəvanın nəvəsi, hazırda Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Aqiyə Naxçıvanskinin əmisi oğludur.

***

Məhəmməd Bağır bəy Saleh bəy oğlu Şeyxzamanlı (Şeyxzamanov)(1889, Gəncə - 29 may 1920, Bakı).

AXC DİN-in Əks-İnqilabla Mübarizə Təşkilatının (“Müsavat Əks-Kəşfiyat Xidməti”nin) ilk sədri (11 iyun - 20 avqust 1919-cu il). Azərbaycanda sovet hakimiyyəti qurulan kimi dərhal həbs edilmiş və 1920-ci il mayın 29-da Nargin (Böyük Zirə) adasında gecə saat 2-də güllələnmişdir. Böyük M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında M.B.Şeyxzamanlını “İstiqlal Şəhidi” adlandırmışdır.

***

Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı (Şeyxzamanov)(“Keykur”)(1883, Gəncə - 1967, İstanbul).

 AXC DİN-in Əks-İnqilabla Mübarizə Təşkilatının (“Müsavat Əks-KəşfiyatXidməti”nin sədri) (20 avqust 1919-cu il - 6 mart 1920-ci il). Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra təqiblərdən can qurtararaq mühacirətə yollanıb orada yaşamış.., fəaliyyətini orada davam etdirmiş... və orada da vəfat etmişdir. N.Şeyxzamanlı 1967-ci ildə ABŞ-da 84 yaşında vəfat etmiş və nəşi İstanbula gətirilərək məşhur “Fəri köy” qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin sabiq daxili işlər naziri Xəlil bəy Xasməmmədovun yanında dəfn olunmuşdur. Bunu Nağı bəyin İstanbulda yaşayan oğlu Yavuz bəy söyləmiş və təsdiq etmişdir. Nağı bəyin ABŞ-da yaşayan daha bir oğlu Zahid bəy orada nüfuzlu bir şəxs idi. N.Şeyzamanlı keşməkeşli mübarizələrlə dolu həyatı haqqında “Azərbaycan İstiqlal mücadiləsi xatirələri” adlı maraqlı kitab qoyub getmişdir

***

Rəşid bəy Əbdüssalam oğlu Axundzadə (28.3.1880, Salyan ş. - ?, 1940, Rusiya). Kiyev Universitetinin hüquq fakultəsini bitirmişdir.

AXC dövründə Azərbaycan Parlamentinin üzvü, Azərbaycan hökumətində İşlər İdarəsinin müdiri və Bakı şəhərinin gubernatoru (1 yanvar - 25 avqust 1919) olmuşdur. Nüfuzlu din xadiminin (Qafqaz şeyxinin) oğlu və Bakının qubernatoru olduğu üçün sovet hakimiyyəti tərəfindən represiyaya məruz qalmış, 1937-ci ildə həbs edilərək sürgünə göndərilmiş və 1940-cı ildə orada 60 yaşında ikən həlak olmuşdur...

Ardı gələn sayımızda

 

İLTİFAT ƏLİYARLI-ŞAHSEVƏNLİ                                             

   tarix üzrə fəlsəfə doktoru 

Yazı Azərbaycan Respublikası

Daxili İşlər Nazrlyində

Azərbaycan Polisinin 100 illik

yubileyinə həsr olunmuş

müsabiqəyə təqdim edilir

Yazarlar