Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dünya Azərbaycanı İslam
həmrəliyinin nümunəsi kimi tanıyır

  194
19:38 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan dini radikal qruplara qarşı mübarizədə qonşu və dost ölkələrlə əlaqələri genişləndirir və inkişaf etdirir

 Biz dəfələrlə yazılarımızda qeyd etmişik ki, bugünki qloballaşan dünyamızda bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biri də, bəşəri birgəyaşayışı, tolerantlığı və multikulturalizmi qorumaq və inkişaf etdirməkdir.

Lakin yaddan çıxarmaq olmaz ki, bu yolda qarşımıza çıxan dini və milli radikalizmlə mübarizə, fəaliyyətimiz üçün ən çətin məqamlardan biridir. Buna görə də hesab edirik ki, radikal qruplara qarşı mübarizə ayrıca götürülmüş bir dövlətin deyil, bütün İslam dünyasının qarşısında duran əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəliyi İli" elan etməsi də, məhz radikal dini qrupların əməllərinə qarşı İslam dünyasında ideoloji baxımdan birləşməni özündə ehtiva edir. Yəni biz əsl islami dəyərləri gözdən salmağa cəhd edənlərə qarşı dayanmalı, onların qarşısını almalıyıq. Bütün İslam ölkələrində tanınmış din xadimləri, islamşünas alimlər bir araya gəlməli və İslamı gözdən salmağa çalışan qrupları ideoloji cəhətdən ifşa etməlidirlər. Çünki, radikal qrupların irəli sürdüyü tezislər nə Qurani-Kərimə, nə də Peyğəmbərin hədislərinə əsaslanmır, əksinə İslamı təhrif edir və dindən öz məqsədləri üçün istifadə etməyə calışırlar.

Bu səbəbdən də, biz həm ölkə daxilində fəaliyyətimizi genişləndirməli, Azərbaycanı İslam həmrəliyinin nümunəsi kimi dünyaya tanıtmalı, həm də bu nümunəni bütün İslam dünyasında yaymağa çalışmalıyıq. Bunun üçün isə ən əsas vasitə maarifləndirmədir. Bizim həyata keçirdiyimiz bütün tədbirlər də maarifləndirmə işinin səmərəsinin artırılmasına xidmət edir. Buna görə də, belə tədbirlərin, yalnız müsəlman ölkələrində deyil, eyni zamanda, Avropa dövlətlərində də həyata keçirilməsi, xüsusi önəm daşıyır. Biz bu tədbirlər vasitəsi ilə Azərbaycanda mövcud olan tolerintlıq və multikulturalizm mühiti nümunəsində İslam həmrəyliyini bütün dünyaya nümayiş etdirmək istəyirik.

Azərbaycan dini radikal qruplara qarşı mübarizədə qonşu, xüsusən dost və qardaş ölkələrlə, o cümlədən Rusiya Federasıyanın aidiyyəti qurumları, Mərkəzi Asiyanın müsəlman ölkələri - Qazaxıstan, Özbəkistan ilə ikitərəfli əlaqələri genişləndirir və inkişaf etdirir. Eyni zamanda Tacikistan və Qırğızıstanın müvafiq dövlət qurumları ilə bu istiqamətdə əməkdaşlıqı davam etdirir. Yəni İslam dünyasında, İslam coğrafiyasında dini radikalizmə qarşı mübarizədə bütün istiqamətlərdə birgə fəaliyyətə hazır olduğunu nümayiş etdirir və bu sahədə fəaliyyətini genişləndirir.

Onu da qeyd etmək lazımdır ki, biz radikalizm dedikdə, bunu yalnız "İslam radikalizmi" adı ilə təqdim etmək də, doğru deyil. Radikalizm və ekstremizmin qarşısına İslam ifadəsini qoymaq tamamilə yanlışdır, çünki ekstremizm və radikalizmin özü terrorizmə bərabər bir məfhumdur. Terrorun milliyəti, vətəni, dini olmadığı kimi, ekstremizm və radikalizmi də, hər hansı bir dinə bağlamaq düzgün olmazdı. Lakin bəzi Avropa ölkələrinin mətbuatında "İslam radikalizmi" məhfumundan tez -tez istifadə olunur ki, bu da həmin ölkələrdə İslam dini barəsində yanlış düşüncənin formalaşmasına səbəb olur. Əslində, "radikalizm" sözünün qarşısındakı "İslam" sözünün həmin radikal qrupların fəaliyyəti və əməlləri ilə heç bir qarşılıqlı əlaqəsi olmur. Sadəcə olaraq, həmin qruplar "İslam" sözü ilə öz əməllərin pərdələməyə çalışırlar. Əsil radikalizm də elə budur, çünki radikal qruplar öz fəaliyyətlərində din adından sui-istifadə edirlər.

Azərbaycan dövləti bu qruplara qarşı mübarizədə bir sıra İslam ölkələri, eləcə də Türkiyə, İran İslam Respublikası və daha öncə qeyd etdiyimiz ölkələrin dövlət qurumları ilə ikitərəfli əlaqələr qurur, yaxından əməkdaşlıq edir. Bu sahədə İran İslam Respublikası ilə əlaqələri xüsusi qeyd etmək yerinə düşər. Bildiyiniz kimi, İran ölkəmizə dost dövlətdir və Azərbaycanla İran arasında ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu prinsipial, fundamental siyasət, bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir və bunun nəticəsidir ki, İran İslam Respublikası ilə Azərbaycan arasında ikitərəfli əlaqələr regional əməkdaşlıq çərçivəsində yüksək səviyyəyə çatıb.

Azərbaycan qardaş Türkiyənin müvafiq dövlət qurumları ilə də, dini radikal qruplara qarşı mübarizə istiqamətində əməkdaşlığı davam etdirir.

Ümumiyyətlə, ölkəmizdə dövlət-din münasibətləri dövlətimizin başçısı, prezident İlham Əliyevin bu sahədə müəyyən etdiyi xətt üzrə davam etdirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın mövqeyinin möhkəmliyi, gücü, regiondakı lider mövqeyi ilə sıx bağlıdır. Azərbaycan dini radikalizmə qarşı mübarizədə bütün İslam dünyası ilə bir yerdədir.

Bütün bunlara baxmayaraq, Azərbaycanda da dini radikal qrupların mövcudluğu heç kimə sirr deyil. Lakin o da bəllidir ki, bu qruplar cəmiyyətimizə hər hansı bir formada təsir göstərmək imkanına malik deyillər. Çünki həmin qrupların ölkədə sosial dayaqları yoxdur. Onların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri "ideyalar" xalqımıza, cəmiyyətimizə xas deyil. Bizim cəmiyyətimizdə mövcud olan tolerantlıq və multikulturalizim bu cür ideologiyanı kökündən inkar edir. Dini-radikal qrupların meydana gəlməsi, əslində İslam dininin özünə, islam dünyasına qarşı çevrilir və onu gözdən salır. Əgər kimlərsə, başqa ölkələrdə yaranan xırda dini cərəyanların, radikal qrupların fikirlərini Azərbaycana gətirib təşviq etmək istəyirsə, bu yolverilməzdir və Azərbaycan cəmiyyəti buna imkan verməyəcək. O da danılmaz faktdır ki, Azərbaycan dövləti və cəmiyyəti buna qarşı mübarizə aparmaq qüdrətindədir və aparır da.

Heç şübhəsiz ki, Azərbaycan dövləti, eləcə də bilavasitə bu məsələlərin tənzimlənməsi ilə məşğul olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi onların kimliyini bilir. Ölkəmizdə radikallığa meylli insanlarla məşğul olan müvafiq qurumlar, təhlükəsizlik orqanları da var. Son zamanlar bu qurumların uğurlu əməliyyatları səyəsində bir çox radikal meyilli qrupların fəaliyyəti məhdudlaşdırılıb. Bununla belə, bu qruplara hələ də rast gəlinir. Onlar kiçik qruplar şəklində olsalar da, hərdən canfəşanlıq edir, bəzi iradəsi zəif gəncləri öz ətraflarına toplamağa cəhdlər edirlər. Ancaq onlar bilməlidirlər ki, Azərbaycanda hər hansı bir qanundankənar əməl perspektivsizdir. Bu da məlumdur ki, onlar, əsasən xarici mənbələrə arxalanır, oradan maliyyələşdirilir, istiqamətləndirilirlər. Belələrinin dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə, Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının təmin olunması şəraitindən sui-istifadə edərək, ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar. Onlar din pərdəsi altında maskalanaraq, qeyri-qanuni işlərləməşğuldur. Bu isə cinayətdir və dinlə heç bir əlaqəsi yoxdur.

Bu da məlum həqiqətdir ki, bu gün bir çox Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması barədə iddialarından sonra, dünyada islamafobiya meyillər bir qədər də güclənib. Qərb ideoloqları miqrasiyanın güclənməsi ilə ölkələrində baş verən bütün pislikləri İslam dini ilə bağlamağa uğursuz cəhdlər edirlər. Bunula da, bu gün dünyada müsəlman-xristian qarşıdurması yeni bir müstəviyə addım atmaq ərəfəsindədir. Bunun nəticəsidir ki, bir sıra ölkələrdə müsəlman müqəddəsləri təhqir olunur, terrorun bütün təzahürlərini İslam dini ilə bağlamağa uğursuz cəhdlər edirlər.

Bütün bu təzahürlərin qarşısının alınmasında Azərbaycanda mövcud olan multikulturalizmi və tolerantlığı həmin dövlətlərdə təbliği və təşviqi mühüm rol oynaya bilər. Bunun üçün isə təbliğat və təşviqat, eləcə də maarifləndirmə işlərini daha da genişləndimək lazımdır. Bu məqsədlə bir çox QHT-lərin məqsədyönlü fəaliyyəti də müsbət nəticələrini verir. Məsələn, Tətbiqi Tədqiqatlar Fondunun (TTF) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı mübarizəyə dəstək: maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində "Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizənin aktual problemləri" mövzusunda keçirdiyi "dəyirmi masa", çox önəmli bir məsələnin müzakirəsinə həsr olunub ki, bu da çox müsbət haldır.

Tədbirdə qeyd olunub ki, Azərbaycan nə Şərqdə, nə də Qərbdə gedən proseslərdən kənarda deyil və ola da bilməz. Çünki bu proseslər heç bir halda  Azərbaycana təsirsiz ötüşmür. Buna görə də, bu sahədə maarifləndirmə işini daha da gücləndirmək lazımdır.

Çünki, dini radikalizmin törətdiyi fəsadlar bir çox problemlərlə müşahidə olunur. Məsələn, bir müddət əvvəl Nardaranda baş verən hadisələri buna misal göstərə bilirik. Belə halların gələcəkdə baş verməməsi üçün, ələlxüsus da gənclər arasında aparılan təbliğat-təşviqat işləri daha yüksək səviyyəyə qaldırılmalı, Ali və Orta təhsil müəssisələrində maarifləndirmə işləri gücləndirilməli, radikad dini qrupların həmin müəssislərdə fəaliyyətləri qadağan olunmalıdır. Biz bilirik ki, bu gün Azərbaycanda dini radikal qrupların sosial bazası yoxdur. Lakin dini radikal qruplar öz məqsədlərini geriçəkləşdirmək üçün sosial şəbəkələrdən istifadə edirlər. Bunun da qarşısının alınmasının ən optimal yolu maarifləndirmədir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar