Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Multikulturalizm bəşəriyyətin 
inkişaf fəlsəfəsidir

  130
19:50 25-04-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan multikulturalizmi mövcud dəyərlər üzərində yeni dəyərlər yaradır

 Etiraf edək ki, bütün cəmiyyətləri insan toplumları yaradır və həmin cəmiyyətlərdə mövcud olan mənfi və müsbət tendensiyalara görə də, məhz insanlar məsuliyyət daşıyırlar.

Çünki hər bir fərd özlüyündə bir mədəniyyət daşıyıcısıdır. O, mövcud olduğu cəmiyyətdə həm özünün, həm aid oldugu etnik qrupun və ya xalqın, həm də dünya mədəniyyətinin təmsilçisidir. Buna görə də coğrafi şəraitdən, sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq, bütün xalqlar yaşadığı ərazidə dünya mədəniyyətinin kiçik modelini yaradırlar. Eyni ərazidə və ya bir dövlətin ərazisində müxtəlif mədəni birliklərin dinc yanaşı yaşaması, multikultural dəyərlərin inkişafına, mədəni və dini tolerantlığın formalaşmasına gətirib çıxarır.

Bu da məlum həqiqətdir ki, mədəniyyət maddi olaraq insanların fəlsəfi düşüncəsinin ifadəsidir. Bu nöqteyi-nəzərdən çıxış etsək, mədəniyyət özündə kompleks xarakterli ümumiləşmiş və konkret ifadə edən mahiyyət daşıyır. Bu baxımdan da, dünyanın dərk edilməsində multikulturalizmin rolu danılmazdır. Minilliklərin süzgəcindən keçən ruhi, mənəvi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellekt və mənəvi tərəqqisinin, iqtisadi təkamülünün ən optimal əsası və mənbəyi rolunda çıxış edir. Mədəniyyət, həm də inkişafa doğru gedən ən əsas yoldur. Buna görə də, multikulturalizmin bəşəriyyətin gələcək inkişafında rolunu inkar etmək mümkün deyil.

Gəlin görək, multikulturalizm cəmiyyətə nə vəd edir? O, informasiya bolluğuna, etik və ənənənvi cəmiyyətin yaranmasına, xalqların tarixi varlığına, keçmişinə, milli mənliyinə olan hörmətə, xalqların sosial-inkişaf təcrübəsinin çoxalmasına və təhlükəsiz inkşafa imkanlar açır. Multikulturalizm həm də müxtəlif cəmiyyətlər arasında dialoq alətidir. Mədəni dialoqda əvvəlcə cəmiyyətlər digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənməli, hər bir mədəniyyətin özünəməxsusluğunu qəbul etməli, həmin mədəniyyəti təqdim edən xalqa hörmət göstərməli, onu qəbul etməlidir. Bütün bunlar olmadan sivilizasiyalararası dialoq qurmaq mümkün deyil. Hər bir multimədəni cəmiyyətin inkişafı üçün mədəni dəyərlər əsasında formalaşan konkret multikultural konsepsiya olmalıdır. Əks təqdirdə, cəmiyyətin sabit inkişafından söz gedə bilməz.

 Azərbaycanı dünyaya tanıdan təkcə onun əlverişli iqlimi, zəngin təbii sərvətləri deyil, həm də ölkəmizdə tarixən formalaşan multikultural və tolerant mühitin mövcudluğudur. Ölkənin əsas qanunu qeyri-azərbaycanlı olan vətəndaşlarin da hüquq və azadlıqlarının qorunmasını təmin edir. Bu, ölkəmizin ərazisində yaşayan hər kəsin doğma vətəni, isti ocağı olduğunu göstərir. Məhz buna görə də, ölkəmizin ərazi bütövlüyünün qorunmasında azərbaycanlılarla yanaşı, burada məskunlaşan digər xalqların nümayəndələri də, hamıya örnək ola biləcək vətənpərvərlik nümayiş etdiriblər. Bu da onu deməyə əsas verir ki, ölkəmizin ərazisində məskunlaşan azsaylı xalqlar, etnik qruplar və eləcə də, digər dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydilər, burada özlərinin azad, sərbəst yaşamlarına qiymət verməsəydilər, məmləkətin azadlığı uğrunda mücadiləyə qalxmazdılar.

Bu gün Azərbaycanda multikultural dəyərlərin möhkəmlənməsi və daha da inkişaf etməsi də, dünyaya sübut etdi ki, belə yaşamaq mümkündür və dünyanın multikulturalizmə dəyər verməsi labüddür. Multikulturalizm məzhəb ayrılığı, irqi, milli fərqlər kimi anlayışları qəbul etmir. Əksinə, multikulturalizm müxtəlif məzhəblərə, mədəni müxtəlifliklərə aid insanları qarşılıqlı şəkildə mədəni-mənəvi cəhətdən zənginləşməyə dəvət edir.

Son illər ölkəmizdə multikulturalizmə yüksək dəyər verilməsi, tolerantlığın təbliği, Azərbaycanı - xüsusilə də, Bakını təbii olaraq multikulturalizmin mərkəzinə çevirib. Təkcə Bakıda yox, həm də, Azərbaycanın digər bölgələrində müxtəlif millətlərin nümayəndələri - yəhudilər, ruslar, polyaklar eləcə də, Azərbaycan xalqının tərkib hissəsi olan ləzgilər, talışlar, avarlar firavan bir ailə kimi yaşayırlar.     

 Multikulturalizm xalqın və  cəmiyyətin dünyəviliyini təmin edir. Xalqın, millətin, dövlətin, hətta, ən kiçik etnosun belə dünyaya sürətlə tanıdılması həyata keçirilir. Multikulturalizm müxtəlif mədəni çoxluqda bir bütöv yaradır və millətlər arasında yeni müstəvi-ümummədəniyyət müstəvisi yaradır. Müxtəlif mədəniyyətlər arasında əlaqə yaradaraq milli mədəniyyətin inkişafına yeni çalarlar qatır.

 Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir sıra ölkələrində bununla bağlı silsilə tədbirlər keçirilir. Mehriban xanım Əliyevanın iştirakı ilə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda reallaşdırılan konfrans bunun bariz ifadəsidir. Həmin tədbirdə Heydər Əliyev Fondunun Prezidenti vurğulayıb: "Ekstremizm və terrorçuluğa qətiyyətlə "yox" deməklə, biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün bütün vacib işləri görməyə hazırdır".

Azərbaycan multikulturalizmi mövcud dəyərlər üzərində yeni dəyərlər yaradır. Həmin dəyərlər də, Azərbaycan cəmiyyətini təşkil edən ayri-ayri milli azlıqları vahid milli dəyərlər ətrafında birləşdirməyə imkan verir. Multikulturalizm həm də cəmiyyətdə xarici mədəni elementlərin axınını, inteqrasiyasını təmin edir. Bu da xalqın mədəni dəyərlər sistemini zənginləşdirir. Bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə gedən yolun sadələşməsi, insanların sosial və iqtisadi rifahinin yüksəlməsi qanunun aliliyinin bəhrəsidir. Ölkəmizin konkret ideoliji hədəflərindən biri də, respublikamızı bütün dünyaya tanıtmaqdır. Bunun üçün də, ölkəmizdə mövcud olan multikulturalizmin təbliği əsas şərtdir. Çünki hazırda dünyanın diqqətini cəlb edən müstəsna məsələlərdən bir də, "Azərbaycan multikulturalizmi"dir.

Azərbaycan dövlətinin ölkəmizi dünyada tanıtmaq istiqamətində gördüyü işlər arasında "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!" mövzusunda beynəlxalq qış və yay məktəblərinin təşkili xüsusi yer tutur. Onu da diqqətinizə çatdıraq ki, ölkəmizdə multikulturalizmin və tolerantlığın qorunmasına və inkişaf etdirilməsinə dövlətimizin başçısı İlham Əliyev  böyuk önəm verir. 

 Bu da danılmaz faktdır ki, bütün dünyada tolerantlıq və multikulturalizmin Azərbaycan modeli böyük rəğbət və təqdirlə qarşılanır. Müharibələr, qarşıdurmalar, terror və təbii fəlakətlər dünyanın başı üstə tüğyan etdiyi bir vaxtda bəşəriyyəti sülhə və hürriyyətə çağırmaqdan gözəl nə ola bilər?

 Ölkəmizin coğrafi tamlığının pozulduğu və bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın vəziyyətində yaşadığı, illərlə ölkəmizin sərhədlərində müharibənin baş verdiyi, təcavüz altında qalan yurd yerlərimizdəki mədəniyyət abidələrinin məhv olduğu bir dönəmdə, məhz Azərbaycanın dünyaya tolerantlıq və multikulturalizmi təbliğ etməsi, bir çoxları üçün nümunədır. Bu da diqqətçəkən faktdır ki, Azərbaycanda diğər azsaylı xalqların və kiçik etnosların nümayəndələri kimi, ermənilərin də hüquq və azadlıqları  məhdudlaşdırılmadan yaşamasına bütün dünya şahiddir. Bu, multikulturalizmin ən ideal modeli kimi, təkcə Azərbaycanda mövcuddur.

  Multikulturalizm və tolerantlıq, artıq Azərbaycan üçün siyasət yox, həyat tərzidir. Həm dövlət olaraq azsaylıların hüquq və azadlıqlarını qorumaqla, cəmiyyət olaraq hər kəsi dinləmək və etiqadına hörmət etməklə və ən nəhayət, bir fərd olaraq hər bir azərbaycanlı ətrafında yaşayan digər xalqların nümayəndələrini öz tolerant ruhu ilə, multikultural mədəniyyəti ilə salamlayır. Bu, məhz bizə - Azərbaycan Respublikasinın vətəndaşlarına xas olan azərbaycançılıq xüsusiyyətlərindən irəli gəlir. 

Ola bilsin ki, "Multikulturalizm" ictimaiyyət üçün yeni anlayışdır. Amma min illərdir multikulturalizm meyarları Azərbaycanda mövcuddur. Cəmiyyətin bütün sahələrində - ictimai, siyasi, sosial istiqamətlərdə multikulturalizm ənənələri hiss olunur. Əsrlər boyu ölkəmizdə dilindən, dinindən, irqindən və milliyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri bir ailə kimi mehriban yaşayıblar. Azərbaycanda mövcud olan multikulturalizm ənənəsi dünyada nadir təcrübədir. Başqa sözlə, Azərbaycan bütün dünyanın multikulturalizm məktəbidir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də, bütün çıxışlarında vurğuladığı kimi, multikulturalizmin iflası, terrorizmin, ksenofobiyanın, dinlər və millətlər arsında qarşıdurmanın və dözümsüzlüyün yaranması deməkdir ki, buna da yol vermək olmaz.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar