Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Uşaqları nəylə "döyək"?

  179
19:49 25-04-2018
Şriftin ölçüsünü dəyiş  

Ata-analara, onlar olmayanda baba-nənələrə...

 Çoxdanın əhvalatıdır, bir qadın müsahibim söhbətin tamam başqa bir axarla getdiyi məqamda, gözləmədiyim halda, belə dedi: "İnanarsınızmı, mən əvvəllər həbsdə yatmışam". 

Doğrusu, inanmadım. Müsahibim məndə müasir, dünyagörüşlü, həyatda müəyyən bir amalı olan insan təəssüratı yaratmışdı. Müsahibənin mövzusundan kənara çıxıb, həbsə düşməyinin səbəbini soruşanda aldığım cavabın təsirindən indi də qurtarmamışam: "Övladımı öldürmüşəm". 

Ona heyrətlə, açıq desəm, vahiməylə baxdığımı görəndə isə, tarix hesabıyla çoxdan baş verən əhvalatı sanki bu gün olmuş kimi, nəfəsi kəsilə-kəsilə,  böyüyüb hədəqəsindən çıxmış gözləriylə, sonsuz peşmançılıq, hesabagəlməz yanğıyla  danışdı:

"Ali təhsilli olsam da, uşaqlarıma görə bir müddət evdə oturası oldum. Uşaqlarım mənim üçün hər şey idi. Onları ata-anam, sevdiyim, dərdindən öldüyüm adam, ən böyük möcüzə sayırdım. Uşaqlarımı kiminsə nə vaxt əlimdən alacağını, onlarsız qalacağımı düşünməyin özü mənimçün ölümün, ömrümün sonunun gəlib çatdığı demək idi.

Onlar üçün yaşayırdım, onlar üçün gülürdüm, danışdığım nağıllar bitəndə, özümdən uydururdum. Gecələr yatanda üstlərini açmasınlar deyə, yuxu da yatmırdım... Həmin gün xəmir yoğururdum. Əlimdə bıçaq mətbəxdəydim. Bıçağımızın tiyəsi çox uzun olsa da, xəmiri rahat, asanlıqla kəsirdi. Oğlum mətbəxə gəldi, oranın ağır, isti, sobadan, tavadan yayılan qara tüstüsünü, qarışıq havasını udmağı ona rəva görmədim. Əlimdəki bıçaqla ona "çıx, çıx" dedim. Yağlı əlimdən atılıb çıxan bıçağın ardından gördüyüm, övladımın yerə ikiqat qatlanıb düşməsi oldu...".

  Bu hadisənin sonu qadının həbs, oğlunu vaxtsız itirən atanın qohum-qardaşın, el-obanın, kəsəsi, ətrafın təsiri və təhrikiylə ondan üz döndərməsi,  onu digər övladı üçün analıq hüququndan məhrum edilməsi ilə nəticələnir.  Həbsdə olduğu illərdə əri tərəfdən olan qohumlarından kimsə onu ziyarətə gəlmir. Onu "xalq düşməni", "övlad qatili" hesab edənlərin sayından isə danışmaq istəməzdim. O qadın, həbs illərini nə zamansa çəkib qurtarır, amma  hadisənin yaşatdığı, yaşadığı sonrakı həyatını məhkumluqdan betər sayır. Çünki həbsxanada illərin doğmalaşdırdığı məhkumlar bir-birini asan həzm edir.  Bayırda azadlıq olsa da, insanlar hadisələrə yanaşma tərzində, baş verənlərə müstəqil, fərdi mənada baxmaqda özgür deyillər. Bir vaxtlar cəfakeş, əsl ana olan qadın da, başına gələnlərin acısını, dərinliyini azadlığa çıxandan sonra görür. Dediyinə görə, onu vaxtı başa çatdığı üçün həbsdən buraxıblar, amma vicdanının məhkumluğundan ömür-ünün sonuna qədər də qurtula bilməyəcək. Müsahibənin mövzusu, motivi tamam başqa olsa da, bu ağrı, vicdan harayı  söhbətin içindən üzümə boylanmışdı.

Həmin qadını sovet qayda-qanunlarına uyğun şəkildə cəzalandırmışdılar. Özü isə etdiyi cinayətin müqabilində bu cəzanın çox az, yüngül olduğunu dilə gətirirdi. Söyləyirdi ki, ona ölüm cəzası vermək də azdır. Xəcalətdən az qala pıçıldayırdı:"Utanmasaydım bağırardım ki, belə analar yer üzündə gəzməməlidir, yolu-izi, toz-torpağı bulaşdırmamalıdırlar".

Ağır peşimançılıq, yüküçəkilməz dərd-ələm və sözə çevirə bilmədiyim daha nələri müşahidə etdikdən sonra, o qadının hələ də həya, abır hissini yadırğamadığını gördüm. Üzündən bilinirdi, baxışlarından, geyimindən, ağzından çıxardığı kəlmələrindən görünürdü. Bəzən layiq olduğu halda, həbsxanaya düşməyən adamlardan seçildiyi açıq-aşkar bilinirdi...   

Bu hadisəni xatırlamağımın özəl səbəbi var. Səbəb hamının həssas nöqtəsi olan, aktuallığını heç zaman itirməyən, uşaq problemləri ilə bağlıdır.  Xəbərlərdə görəndə ki, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə  2018-ci ilin yanvar ayından aprelin 15-ə qədər edilən 786 müraciətin 73-ü, məhz zorakılığın müxtəlif növləriylə bağlıdır, əməlli-başlı stress keçirdim. Hələ bu rəsmi rəqəmlərdir. Statistikaya salınmayan, müxtəlif səbəblərdən ört-basdır edilən zorakılıq hadisələri söz-söhbət şəklində də qulağımıza çatır. Amma həmin 73 müraciətin 29-u psixoloji, ikisi cinsi, 42-si isə fiziki və emosional zorakılıq kimi qeydə alınıb.

Doğrudur, zorakılıqla üzləşən, çətin problem qarşısında qalan uşaqlar  sözügedən xidmətdən hüquqi, psixoloji yardım, məsləhətlər ala bilərlər. Xidmətin əsas missiyası da elə budur.  Digər missiya isə müraciət edənin məxfiliyinin saxlanmasıdır. Nə olmuş olsa da, valideynlərə hörmət, eyni zamanda, uşaqların təhlükəsizliyi...

Valideynlər, atalar və analar, bunlar olmayanda isə nənələr-babalar!  Uşaqlar dünyaya öz sifarişləriylə gəlmirlər. Bunu bilirsiniz. Onları biz istədiyimiz üçün həyata gətiririk. Onlara bu işıqlı dünyanı qaraltmaq üçün həyat bəxş edirik bəlkə?

Övlad tərbiyəsinin klassik bəndlərindən olan danlamaq, təhlükəsiz yerlərinə yüngülvari bir-iki şillə çəkmək, küncə qoymaq, arzu-istəklərini, almaq istədiyi əşyaları müvəqqəti görməməzliyə vurmaq, hələ də aktuallığını saxlayır. Yaşlılar da etiraf edir ki, uşağın tərbiyəsində müəyyən ciddiliklər nəinki lazımdır, hətta vacibdir. Lakin zorakılıq, psixoloji, fiziki basqılar, ağır təzyiqlər, xəsarətlər və dilə gəirmədiyim mənfi münasibətlə övladlarınızın sizdən qaçmasına rəvac  verirsiniz. İmtina təkcə sənəd, kağız üzərində olmur. Vaideyndən imtinanın ən ağırı, onun övladının ürəyindən çıxmasıdır. Bu boşluqla yaşayanı isə, çox təəssüf, nə ata, nə də ana adlandırmaq olmur.

Hələ vaxt varkən,  övladınızın nə istədiyinin fərqində olun, ona ata-anadan savayı, ən birinci dost olduğunuzu göstərin. Göstərin ki, gələcəkdə sizin timsalınızda çevrəsində əsl dostların olduğuna inansın. Övladınızla düşmən kimi davranmayın. Valideyinlərini gələcəkdə bumeranq kimi cəmiyyətə atmasınlar deyə. Onu böyüklər kimi mükəmməl görmək üçün, öncə uşaq kimi qəbul edin. Bilmədiyini öyrədin, bildiyini təkmilləşdirin. Yumruqla deyil, sözlə davranın. Mülayimcəsinə başlanan öyüd-nəsihət, effekt verməyəndə söz sərt, qədərincə ciddiyyətiylə də deyilə bilər. Sözün hansı qüvvədə olduğunu mütləq görəcəksiniz. Dini kitablarda deyildiyi kimi, axı "Hər şeydən öncə SÖZ var idi".

Övladla münasibət qurmağı valideyn olmamışdan əvvəl öyrənənlərin heç bir  "qaynar xətt"in  mövcudluğundan xəbəri olmayacaq. Uşaqlar da belə valideynlərdən, doğma, isti ev-ocağından kənarda imdad axtarmayacaq. Uşaqları böyüdün. Onları əzməyin, mənən öldürməyin. Nə olsun ki, övladına qarşı zorakılığa görə, kimisə həbsxanaya göndərmirlər. Valideyn böyüklərdən yaranır, sözün hər mənasında.

Yazarlar