Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İnam Kərimovun “Asan kənd təsərrüfatı” modeli üçün 11 maddə

  226
11:15 23-04-2018
Şriftin ölçüsünü dəyiş  

Fikrimcə, ölkə prezidentinin yeni kabinetdə kənd təsərrüfatı kimi ağır bir sahəni “Asan xidmət” modelinin yaranıb inkişaf etməsində xüsusi rolu olan İnam Kərimova etibar etməsi belə bir mexanizmin yaradılma iradəsi  ilə bağlıdır. Azərbaycana “Asan kənd təsərrüfatı” modeli hava və su kimi lazımdır. Çünki, bu gün ölkənin ümumi iqtisadi inkişafı fonunda aqrar sektor qlobal çağrışlara cavab verə bilmir, ÜDM-də aqrar sektor az yer tutur, bir çox xidmətlər regionun ən ucqar bölgələrində yaşayan istehsalçılar üçün əlçatan deyil, bu sahədə  məşğulluğun, iqtisadi aktivliyin qidalandırılması balansı qeyri-tarazdlr.


Dövlət başçısı çıxışlarında “Asan kənd təsərrüfatı” modelinin konturlarını açıq göstərir: çevik olmalıdır, aqrar sektorda çoxsaylı təşkilatlar bir mərkəzdən koordinasiya olunmalıdır, ən əsası, başımızın tacı olan torpaq adamları üçün bütün qapılar açıq, xidmətlər isə sərfəli olmalıdır. Birbaşa və dolayı dövlət dəstək tədbirləri şəffaf, ünvanlı olmalıdır, regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı istehsalçılarının gəlirlərinin yüksəldilməsi təmin olunmalıdır. Bu dövlət başçısının mövqeyidir, gəlin, torpaq adamının özündən soruşaq, görək ən çox nədən əziyyət çəkir?


Çoxlarından soruşmuşam və verilən cavabların əsasında yeni modelin qarşısında duran vəzifələr bunlardır:

-         Kadr təminatı: müasir biliklərə malik aqronom, zootexnik, baytar, bioloq, mühəndis və digər ixtisas sahiblərinə böyük ehtiyac var. Güclü aqrar təhsil qurulmalı, beynəlxalq sistemlə əlaqələndirilməlidir. Yeni nazir elə etməlidir ki, abituriyentlər qəbul imtahanlarında bu ixtisaslara maraq göstərsinlər;

-         Elmi təminat: KTN nəzdində olan tətqiqat-araşdırma institutları, Aqrar Universitet hərəkətə gəlməli, dərin məzmunlu təhlilləri ilə aqrar siyasətin önündə olmalı, fermerlər real, ödənişsiz informasiya təminatı almalı, təcrübə-sınaq mərkəzləri yaradılmalıdır;

-         Elektron kənd təsərrüfatı sistemi: ölkənin əkin və qeyri-əkin torpaqları aydın olmalıldır, xidmətlər elektronlaşmalı, regionların potensialı elektron xəritələrə köçürülməlidir;

-         Kooperasiyalaşma: kiçik istehsalçılar bazar rəqabətinə tap gətirə bilməyib torpaqdan imtina edirlər, onlar təşkilati formalarda birləşib ixtisaslaşmalı, güc birliyini iqtisadi səmərəyə çevirməlidirlər;

-         Texniki təminat: istehsalçıların texnika parkı gücləndirilməlidir, traktor, aqreqat, avadanlıqlar əlçatan olmalıdır, xüsusən kiçik və orta təsərrüfatlarda əl əməyi azaldılmalıdır;

-         Toxum təminatı: bitkiçilik, meyvəçilik və heyvandarlıqda təsadüfi toxumların qarşısı alınmalı, bütün istehsalçılar üçün toxumlar ucuz, əlçatan olmalıdır;

-         Kiçik və orta sahibkarlıqda intensiv təsərrüfatçılıq formaları yaradılmalı, kiçik təsərrüfatlara maya dəyərini ucuzlaşdıran, izafi itkiləri neytrallaşdıran müasir texnologiyaların gətirilməsi təmin olunmalı, iqtisadi səmərə yüksəldilməlidir;

-         Azərbaycan aliminin elmi-tətqiqatları patentləşdirilməli, əməyi layiqincə ödənilməli, aqrar elminə həsr olunnan forumlar, müzakirələr, nəşrlər artmalıdır;

-         İri şəhərlərdə keçirilən yarmarkalar alverçilərin “işğalından azad edilməli”, real fermerlərə qaytarılmalı, yerli bazar iştirakçıları aktivləşdirilməlidir;

-         Kiçik və orta sahibkarlar üçün marketinq-informasiya, bazar araşdırmaları xidmətləri göstərən sistem qurulmalıdır. Çünki, hamı hər il kütləvi eyni məhsulu əkir, nəticədə məhsul bolluğu yaranır;

-         Fermerlər üçün yazlıq və payızlıq əkinləri həyata keçirmək üçün asan subsidiya, avans, kredit mexanizmləri işlənməlidir və s.


Qarşıda duran vəzifələrin sayını daha da artırmaq olar, amma inanırıq ki, vətəndaşın məmnuniyyətini təmin edən “Asan Xidmət” qurucusu İnam Kərimov sadə insanların fikirlərini öyrənən elə bil mexanizm quracaq ki, onların qarşılaşdıqları problemlər operativ üzə çıxacaq. Bununla belə, kənd təsərrüfatımızın dirçəldilməsi üçün yeni, gənc nazirimizə ictimaiyyətin dəstəyi son dərəcə vacib olacaq. Təmənnasız, şər-bötandan uzaq olan bir dəstəkdən söhbət gedir.

“Asan xidmət” bir dünya brendidir, gün o gün olsun ki, Azərbaycanın “Asan kənd təsərrüfatı” modelidə o sırada dayansın! 



Nicat Nəsirli

 


Yazarlar