Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Multikulturalizmin Azərbaycan modeli fərqli
insanların birgəyaşayış formasını təbliğ edir

  113
19:05 13-04-2018
Şriftin ölçüsünü dəyiş  

İslam terrorizmin, hər hansı bir məcburiyyətin və zorakılığın əleyhinədir, ekstremizmi və radikalizmi rədd edir

 Biz bir çox yazılarda dəfələrlə qeyd etmişik ki, bəşər sivilizasiyası birgəyaşayışın ən mükəmməl forması olan multikulturalizmin və tolerantlığın bərqərar olmadığı bir şəraitdə mövcud ola bilməz.

Bir çoxları multikulturalizm və tolerantlıq dedikdə, ilk növbədə dini dözümlülüyü və tolerantlığı əsas hədəf hesab edirlər. Çünki tarixin bütün dönəmlərində daha çox dini dözümsüzlükdən yaranan münaqişələr, böyük faciələrə səbəb olub. Bu gün də dünyada baş verən bir çox münaqişələrə səbəb kimi, din amili, ələlxüsus da islam dinini önə çəkirlər. Lakin bunu iddia edən qüvvələr anlamaq istəmirlər ki, bütün dinlər arasında İslam ən tolerant dindir. Bu gün biz İslamın tolerantlığı barədə söhbət açmaq istəyirik. Çünki Azərbaycan cəmiyyətində yad mədəniyyətlərə qarşı tolerantlıq ənənəsinin formalaşmasında İslam dininin də böyük rolu var.  Ölkə əhalisinin 95 faizindən çoxunun özünü müsəlman saydığı müasir Azərbaycan cəmiyyətində çoxları İslamın tolerantlığa hansısa formada töhfə verməsindən xəbərsizdirlər. Ona görə ki, müasir dönəmdə bir çox səbəblər üzündən İslama heç bir aidiyyəti olmayan xurafat, daha çox nəzərə çarpır. Ölkə vətəndaşlarının böyük əksəriyyəti isə İslami dəyərlərə, yalnız vizual müşahidələr əsasında qiymət verirlər. Məsələn, müasir Azərbaycan ailələrinin böyük əksəriyyəti övladlarını İslamdan çəkindirməyə çalışırlar ki, onları vəhhabi, xəvari və s. radikal dini cərəyanlara qoşulmaq təhlükəsindən sığortalasınlar. Çünki onların düşüncələrində İslam, elə bu radikal qruplaşmalar şəklində əks olunur. Yəni, bu gün özünü müsəlman hesab edən vətəndaşlarımızın da böyük əksəriyyəti, çox təəssüflər olsun ki, İslamın əsas mahiyyətindən xəbərsizdirlər. Bu səbəbdən də, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlığa, multikultural dəyərlərə rəğmən, ölkəmizdə İslam dinin təbliğinə, bu sahədə maarifləndirməyə hələ də çox böyük ehtiyac var. Özlərini müsəlman hesab edən əksər vətəndaşlarımız bilmir ki, İslamın müqəddəs kitabı olan "Qurani-Kərim"də dözümsüzlük, şiddət dönə-dönə inkar edilir. İslam ifrata varmağı qadağan etməklə yanaşı, digər dinlərin nümayəndələrinə, hətta, düşmənə qarşı hörmətlə yanaşmağı tövsiyyə edir. Həzrəti Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarət olan "Nəchül-bəlağə" kitabında onlarla faktlar sıralanır ki, İslam əsgərləri əsir düşən düşmənlərini belə, onun üçün təhlükəsiz məkanə qədər müşaiyət edərək, sərbəst buraxıblar.

Bu gün bir çox Qərb ideoloqları İslamın ilk dövrlərində aparılan müharibələri əsas gətirərək, müsalmanları qan tökməkdə suçlayırlar. O dövrdə ilk İslam dövləti yaranırdı və onun da kifayət qədər düşmənləri var idi. İslam dövləti ona qarşı müharibə edən düşmənlərlə başqa cür necə dil tapa bilərdi?! Hədislərə görə, belə mühariblərdən birində İmam Əli kafir düşməni qılıncla vuran zaman, düşmən imkan tapıb onun üzünə tüpürür. O, dərhal düşmənini azad buraxır. Düşmən təəccüblə soruşur, "məni niyə öldürmədin?". İmam cavab verir, "sən mənə tüpürdün, ona görə buraxdım ki, mən şəxsiyyətim üçün müharibə etmirəm, mən Tanrı yolunda döyüşürəm, İslam əsgəriyəm". Təkcə bu misal onu deməyə əsas verir ki, İslam əsgərləri öz şəxsi mənafeləri üçün deyil, Allah yolunda döyüşüb və döyüşdən sonra heç kimə zərər vurmayıblar. Onlar bütün xalqların nümayəndələrinə hörmətlə yanaşıblar, digər dinlərə, hətta, təkallahlıq din olmayan bütpərəsliyə belə, tolerant münasibət göstəriblər.

Bu da məlumdur ki, Azərbaycanda İslam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz də çox zəngindir. İslam sülh, qardaşlıq, dözümlülük, tolerantlıq dinidir. İslam terrorizmin, hər hansı bir məcburiyyətin və zorakılığın əleyhinədir, ekstremizmi və radikalizmi rədd edir. Bu, müsəlmanların müqəddəs kitabı Qurani-Kərimdə də öz əksini tapıb.

Sülh, əmin-amanlıq, qardaşlıq kimi humanist prinsiplərin carçısı olan islam dini, ona etiqad edən insanlarda yüksək mənəvi keyfiyyətlərin formalaşmasına da xüsusi diqqət verir. Doğrudur, tarixdə elə dövrlər olub ki, dinin cəmiyyətdəki rolu düzgün qiymətləndirilməyib. Ona görə də, bu gün İslam dünyası bir sıra qlobal problemlərlə üzləşir. Bu problemlərin aradan qaldırılmasının əsas yolu isə dialoqdan, tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsindən keçir.

Bu gün bütün dünyada dinlər-toplumlararası dialoqdan çox danışılır. Bunun üçün müxtəlif konfranslar, seminarlar təşkil edilir. Bununla belə, bu dialoq çağırışları, qarşılıqlı əlaqələrə dəvətlər də, müxtəlif niyyətlərdən xali deyil. Bəzi Qərb dövlətlərinin dialoq və tolerantlıq şüarları, əslində onlara qarşı mübarizə əhval-ruhiyyəsini zərərsizləşdirmək, öz siyasətlərini daha rahat və sabit şəraitdə yürütmək məqsədi güdür. Bununla belə, dinlər və məzhəblərarası yaxınlaşmalar da günümüzün reallığıdır.

Hər hansı bir İnsanın haqq məzhəblərindən birinə bağlanması çox gözəl haldır. Amma, dəyişən həyat tərzində bəzən bir məzhəb öz ardıcılının bütün məsələlərini və problemlərini həll etməyə bilər. Bundan başqa bir məzhəbin ardıcılının digər haqq məzhəblərin ictihadlarından da istifadə etmək haqqı var.

Lakin unutmamalıyıq ki, İslam alimləri arasında yaranan fikir ayrılıqları düşüncənin məhsulu, əldə etdikləri biliklərin və ictihadın bəhrəsidir. Çünki, məzhəb alimləri bir kökdən-Allahın kitabı və Peyğəmbərin Sünnəsindən qaynaqlanırlar.

Bununla bağlı İslam alimləri birliyinin sədri, doktor Yusif Qardavi deyir: "İctihadi məsələlərdə ayrı-ayrı rəylərdən yaranan ixtilafların hər biri dəlillərə söykənir. Qayda və üsullar əsasında araşdırılan məsələlər əvəz olunmaz ictihadların bəhrəsi və böyük əql sahiblərinin əməyidir".

İslam dininin tolerantlığı onun digər səmavi dinlərə, yəhudilərə və xristianlara baxışında bütün aydınlığı ilə öz əksini tapıb. İslama görə bütün bu dinlərin kökü birdir. Həbəş hökmdarı Nəcaşi ölkəsinə pənah gətirən mühacirlərin başçısı Cəfər ibn əbu Talibin ona oxuduğu Quran ayələrini dinlədikdən sonra bu həqiqəti belə ifadə edir: "Allaha and olsun ki, bu (ayələr) və İsanın dedikləri eyni qəndildən çıxan nur kimidir".

Bu da məlumdur ki, İslam Həzrəti Adəmdən Həzrəti Məhəmmədədək (s.ə.s.) bütün peyğəmbər və elçilərin insanlara çatdırdığı bir dindir. O, bir-birinə bağlı halqalar toplusudur; insan dünyada var olduqca, islam da var olacaq, tövhidi, Allaha ibadəti təbliğ edəcək, insanları Allahdan qeyrisinə itaətdən qurtaracaq, yer üzündə ədaləti bərqərar edəcək.

Əslində, dinlərin mahiyyəti də birdir: Xaliqlə məxluqun, abidlə mə`budun əlaqəsini təmin etmək! -(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), ondan ayrılığa düşməyin!"- deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi..." (əş-Şura, 13).

Bu ayəyə də nəzər salaq: "(Ya Rəsulum!) Söylə: "Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!" (Ali-İmran, 84).

Məhəmməd peyğəmbərin (s.ə.s.) təbliğ etdiyi islam sonuncu din olaraq, digər peyğəmbərlərin ilahi missiyalarını, hidayət üsullarını özündə birləşdirir. İslam əvvəlki peyğəmbərləri təsdiqləyir və onlara böyüklük edir.

İslam yəhudilərin peyğəmbəri Həzrəti Musanın hekayəsindəki bir çox məqamları, üsulları təkrarlayan bir dindir. Həmçinin, peyğəmbərimiz (s.ə.s.) Həzrəti İsanı böyük ehtiramla yad edib və deyib: "Mən dünyada və axirətdə İsa ibn Məryəmə ən layiqli kəsəm. Onunla aramdan heç bir peyğəmbər keçməyib. Peyğəmbərlərin anaları fərqli, ataları isə bir olan ailənin övladlarıdır".

Onu da qeyd edək ki, islamın digər dinlərlə (peyğəmbərlərlə) əlaqəsi onların ləğvinə deyil, onların təsdiqinə əsaslanır. Quranda bu haqda oxuyuruq: "(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik..." (əl-Maidə, 48).

Peyğəmbər (s.ə.s.) islamın digər dinlərlə əlaqəsini aşağıdakı hədisində necə də yerində ifadə edib: "Digər peyğəmbərlərlə mənim misalım bir kişinin tikdiyi binanın misalına oxşayır. Həmin kişi bir bina tikər, ona bəzək vurar, gözəlləşdirər. Ancaq küncündə bir kərpicin yerini boş qoyar. İnsanlar binanın başına dolanar, heyran qalaraq deyərlər: "Burada da kərpic olsa nə yaxşı olardı! Həmin kərpic mənəm. Mən sonuncu peyğəmbərəm".

Bütün bu qeyd olunanlar son nəticədə İslam dinin tolerantlığını, insanlar arasında hər hansı bir fərq qoymadığını açıq şəkildə deməyə əsas verir. Bəzilərinin İslamı terror dini kimi təşviq etmələrinin isə heç bir əsası yoxdur və müəyyən qüvvələrin öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etdikləri bir abstrak formadır. Bu gün Azərbaycanın dünyaya təqdim etdiyi multikutluralizmin Azərbaycan modeli də, dövlətlər, dinlər və insanlar arasında birgəyaşayışın ən yüksək formasının təbliğinə xidmət edir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar