Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qloballaşan dünya fərqli mədəniyyətlərin
birgəyaşayışını nəzərə almadan mövcud ola bilməz

  168
19:57 12-04-2018
Şriftin ölçüsünü dəyiş  

Multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir

 Bütün dünyada dinlər, mədəniyyətlər, millətlər arasında dözümsüzlüyün bir çox səbəbləri var. Başlıca səbəb isə digər mədəniyyətlərə qarşı qısqanclıqdır. Ölkəmizdə bu problemin yaşanmamasının başlıca səbəbi isə Azərbaycan mədəniyyətinin kifayət qədər zəngin olmasıdır.

Bu da məlumdur ki, adətən, zəngin mədəniyyətə malik olan xalqlar, kiçik xalqların və etnosların mədəniyyətinə qısqanmağı düşüncələrinə belə gətirmirlər. Çünki kiçik, azsaylı xalqların mədəniyyəti qədim və zəngin mədəniyyətlər üçün təhlükə yaratmır. Əksinə, zəngin mədəniyyətlər, azsaylı xalqların mədəniyyətlərinə təhlükə ola bilər. Çünki onların zəngin mədəniyyətlərin içərisində assimlyasiyaya uğramaq təhlükəsi var. Dünyada kifayət qədər belə nümunələr var ki, kiçik xalqlar assimlyasiyaya uğrayaraq kimliklərini, soylarını itiriblər və bu gün özlərini başqa xalqın nümayəndəsi kimi hiss edirlər. Son iki əsirdə Avropada onlarla belə kiçik xalqlar assimilyasiyaya uğrayaraq, digər xalqların içərisində bir millət, xalq olaraq yoxa çıxıblar.

Məsələn, bütün dünyada yayılan əlifbaya, dilə, elmi intibaha malik olan latın xalqı, bu gün dünyada mövcud deyil. Belə hallar isə dünya mədəniyyətini getdikcə yoxsullaşdıra, birrəngli formaya sala bilər. Artıq dünya ictimaiyyəti bu təhlükəni hiss edərək, çoxmədəniyyətliliyi - multikulturalizmi təbliğ etməyə başlayıb. Lakin çox qürurverici haldır ki, hələ dünya siyasi, mədəni leksikonunda "multikulturalizm" termini mövcud olmayanda belə, Azərbaycan xalqı azsaylı xalqlara, onların adət-ənənələrinə və mədəniyyətinə tolerant münasibət sərgiləyib və bu tendensiya bu gün də davam edir.

Hazırda mütərəqqi dünya birliyi də yeni çağırışlar və təhdidlər qarşısındadır. Dünyada baş verən qloballaşma prosesinin təsiri altında, planetin ən ucqar nöqtələrində baş verən hadisələr belə, multikulturalizm və tolerantlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də dünyanın harasında baş verməsindən asılı olmayaraq, etnik separatizm, dini ayrı-seçkilik, radikalizm, terrorizm və digər bu kimi halların xüsusiyyətləri yerli çərçivələri çoxdan aşıb. Ən təhlükəlisi odur ki, baş verənlərə ədalətli yanaşma olmadıqda və ya proseslərin tənzimlənməsində beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmadıqda, bəşəriyyətin qarşısında dayanan təhdidlər daha da mürəkkəb xarakter alır və müxtəlif radikal meyilləri gücləndirir. Onları idarə olunmaz bir hala çatdırır.

Bu gün qlobal müstəvidə ən mühüm çağırışlardan biri kimi fərqliliklərin - fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, hətta xalqların birgəyaşayış fəlsəfəsi ilə bağlı baş verən dəyişiklikləri və miqrasiya proseslərinin təsirini qeyd etmək olar. Çünki İkinci Dünya müharibəsindən sonra Qərbin artmaqda olan dominant mövqeyi cəmiyyətin həyatında "birgəyaşayış və miqrasiya" nisbətini müəyyənləşdirdi. Bu model Qərb ölkələrinin ucuz işçi qüvvəsini mexaniki olaraq qəbul etməsi və yeni gələnlərin vahid, heç bir milli, mədəni və dini xüsusiyyətini nəzərə almayan universal dəyərləri qəbul etməsi üzərində quruldu. Sonrakı proseslər göstərdi ki, bu siyasət işçi miqrantların Qərb dəyərlərinə uyğunlaşdırılmasına deyil, daha çox təcridinə yönəlib. Avropada yeni sakinlərə sanki "istismar müddəti" başa çatdıqdan sonra geri qayıtmalı olan miqrantlar kimi baxırdılar. Bu prosesdə "Qoca qitə"nin yeni sakinlərinin yalnız birinci nəsli ilə problem yaşanmadı. Artıq ikinci nəsil miqrantların təhsil, sosial, dini ibadət, ailə kodeksi və mədəni dəyərlərinin nəzərə alınmaması, Avropanın özünün elan etdiyi demokratik prinsiplər və multikultural dövlət doktrinası ilə ziddiyyət təşkil etdi. Bütün bunlar da üçüncü minilliyə doğru gedən Avropa ölkələrinin daha əvvəl bəyan etdikləri prinsiplərdən geri çəkilməsinə səbəb oldu.

Azərbaycan isə bütün bu proseslərin fonunda tarixi özünəməxsusluğunu qoruyub saxlaya bildi. Müstəqillik əldə etdikdən sonra isə bu dəyərlərin inkişafına xüsusi diqqət ayrıldı. Yəni, dövlətimizin başçısı, prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, multikulturalizm Azərbaycanda həyat tərzinə, dövlət siyasətinə çevrildi və aydın oldu ki, onun alternativi yoxdur. Çünki bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Hansısa qanunu və ya idarəetmə formasını istənilən vaxt yenisi ilə əvəzləmək olar. Ancaq xalqın mədəniyyətini yüz illər keçsə belə, dəyişmək mümkün deyil. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməyə çalışır və müsbət nəticələr də göz qabağındadır. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirə bildi. Onun həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.

Onu da qeyd edək ki, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi, sadəcə, müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu, dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də, bu siyasətin əsas prioritet istiqamətlərindən biridir.

Bu gün bəzi Qərb dövlətlərində multikulturalizmin süquta uğradığı barədə iddiaların ortaya qoyulduğu bir zamanda, multikulturalizmin Azərbaycan modelinin uğurla inkişaf etməsinin və dünyanın sivil cəmiyyətlərində müsbət qarşılanmasının əsas səbəbi də, elə budur. Bunun tam əksini özündə ehtiva edən və universal model kimi təqdim olunan Qərbsayağı multikulturalizm isə digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Bu tip Avropa dövlətləri fərqli mədəniyyət və din daşıyıcılarını Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar, ona görə də bu ölkələrdə multikulturalizm özünü doğrultmur. Lakin, qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışını nəzərə almadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyəti nəzərə alınmaqla, xarici ölkələrlə əməkdaşlıq münasibətləri baxımından zəruridir.

 2015-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, ABŞ-ın Simon Vizyental Mərkəzinin aparıcı mütəxəssisi Annet Blüm "The Huffington Post" qəzetində dərc etdirdiyi "Bakı-dialoqun və sülhün unikal vəhdəti" adlı məqaləsində yazır ki, "Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən bu ölkədə (Azərbaycanda) qəti şəkildə kök salan dəyərlər sayəsində ətraf ölkələrdən gələn təhlükələrin özünə yer tapması və inkişaf etmək şansı yoxdur. Azərbaycan bütün dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir ölkədir".  Azərbaycan ta qədim zamanlardan müxtəlif etnosların və dini icmaların dinc yanaşı yaşamalarının unikal nümunəsidir. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə dünyanın görkəmli din xadimləri, siyasətçilər, ictimai xadimlər tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Almaniyanın respublikamızda  keçmiş səfiri Klaus Qrevlik hələ əsrin əvvəlində, Bakıda keçirilən tolerantlığa dair seminarda deyib: "Yaratdığı dövlət-din münasibətləri modelini Azərbaycanın artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir".  Bakıda rəsmi səfərdə olan Vatikanın dövlət katibi Kardinal Qarqizio isə ölkəmizdəki mövcud tolerantlığı belə qiymətləndirib: "Azərbaycanda tolerantlıq onun xalqının nailiyyətidir. Mən Azərbaycanda qardaşlıq münasibəti gördüm və başa düşdüm ki, bu, burda yaşayan xalqın ənənəsidir".

Bütün bunlar Azərbaycanı dünyaya təkcə enerji resursları ilə zəngin bir ölkə kimi deyil, həm də bəşəriyyətin humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanıdır. Ölkəmizdə bu sahədə formalaşan münasibətlər göstərir ki, tolerantlıq və multikulturalizm hər bir dövlətin və xalqın keçdiyi inkişaf yolundan, qarşıya qoyduğu məqsədlərdən asılı olaraq yaranan mütərəqqi və bəşəri dəyərdir. Bu mənada multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, lakin bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusudur. Bu günün reallığı odur ki, multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilib. Bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda multikulturalizmin inkişaf etməsi, yeni keyfiyyət mərhələsinə yüksəlməsi göz önündədir.

Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə tanınır və yüksək qiymətləndirilir. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan artıq mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzinə çevrilib. Paytaxtımız isə qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar