Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tolerantlıq bir avropalının hüquqi vəzifəsidirsə,
azərbaycanlı üçün mənəvi tələbat və mədəni normadır

  163
18:32 13-03-2018
Şriftin ölçüsünü dəyiş  

Tolerantlıq olmadan humanizm, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil

 Multikulturalizm dünyada və ya hər hansı dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlik siyasətdir. Onun ən mühüm özəlliyi assimilyasiyaya qarşı olmasıdır. Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı da, çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərar edilməsi deməkdir.

Çoxmədəniyyətlilik ideyasının bu və ya digər cəmiyyətdə davamlığı üçün ən zəruri amil həmin cəmiyyət üzvləri arasında qarşılıqlı dözümlülük - tolerantlığın olmasıdır. Tolerantlıq olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Lakin çox təəssüflər olsun ki, müasir dövrdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər də yox deyillər. Qərb siyasətçilərinin fikrincə, əgər bir cəmiyyətdə dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, insan hüquq və azadlıqları təmin edilirsə, demək, həmin cəmiyyət tolerantdır və onun ayrıca təbliğinə ehtiyac yoxdur.

İlk baxışdan məntiqli yanaşma kimi qəbul edilə bilər. Çox maraqlıdır ki, bunun əleyhdarları da elə qərblilərdir. Ona görə ki, tolerantlıq təkcə hüquq deyil, həm də mədəniyyət və mənəviyyat məsələsidir. Dünyada tolerant cəmiyyətlərin tarixi əsrlərlə ölçülür. Amma hüquqi, demokratik, dünyəvi dövlətin tarixi iki əsrdən o yana keçmir. Deməli, tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Əslində, bu gün Azərbaycanı və azərbaycanlıları başqalarından fərqləndirən xüsusiyyət də, məhz budur. Əgər tolerantlıq bir avropalının hüquqi vəzifəsidirsə, azərbaycanlı üçün mənəvi tələbat və mədəni normadır.

Multikulturalizmin və tolerantlığın minimum şərtlərinə görə, dini çoxluq dini azlığa nəinki hörmətlə yanaşmalı, həm də onun öz inancına uyğun yaşamasına mane olmamalıdır. Minimum şərtlərin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə nümunə göstərmək olar. Ancaq Azərbaycandakı dözümlülük mühitinin səviyyəsi tolerantlığın minimum şərtlərini və tələblərini çoxdan keçib. Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki mane olmayıblar, hətta buna şərait yaradıblar. Başqa cür desək, azərbaycanlılar hər zaman dini azlıqların himayədarı və müdafiəçisi qismində çıxış ediblər.

O da məlumdur ki, bu ideyanın kökləri qədim tarixə malikdir. Bütün səmavi dinlərdə bu ideyanın əsaslarını görə bilərik. Azərbaycan da, bu sahədə dünya üçün örnək ola biləcək modeldir. Azərbaycan zəngin və mürəkkəb tarixi olan ölkədir. Çoxallahlılıqdan, şamançılıqdan və bütpərəstlikdən tutmuş səmavi dinlərə (yəhudilik, xristianlıq və islam) qədər dünyanın bütün məşhur dinləri burada öz izlərini buraxıblar. Bunun nəticəsidir ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir milli, dini azlıq buradan başqa bir əraziyə köçməyib və köçürülməyib, hər bir etnos milli və dini kimliyini qoruyub saxlaya, onu inkişaf etdirə və qoruya bilib. Müxtəlif tarixi dövrlərdə öz torpaqlarında sıxışdırılan bəzi konfessiya nümayəndələri, dini-etnik qruplar da vətənimizə sığınıb və cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilərək, ayinlərini rahat yerinə yetirmək imkanı əldə ediblər və yerli əhali ilə qaynayıb-qarışıblar.

O da çox maraqlıdır ki, bir çox digər dövlətlərdən fəriqli olaraq, ölkəmizdə İslam dini təşəkkül tapan gündən burada sünni və şiələr arasında toqquşma olmayıb. Bu gün ölkəmizin ən böyük ibadət yerlərindən olan Heydər məscidində də sünnilərlə şiələr vəhdət namazı qılırlar. Bakıda katolik keşişi ilə pravoslav keşişi bir yerdə oturur. Bunun kökündə isə Azərbaycan xalqının mentaliteti və tərbiyəsi dayanır. Çünki ölkəmizdə uşağa tərbiyə verərkən ona bir kimsəyə qarşı nifrət hissi aşılanmır. Burada dövlətin din siyasəti də mühüm rol oynayır.

Azərbaycan xalqının bu xüsusiyyətləri dünya mətbuatında da vaxtaşırı müzakirəyə çıxarılır. Belə ki, Rusiyada çıxan "Pravda.ru" nəşrində "Azərbaycanda ruslar: Bizi heç kəs yabançı saymır" sərlövhəli məqalə dərc olunub. Məqalədə vurğulanır ki, multikultural Azərbaycan onminlərlə etnik rusun vətəninə çevrilib.

Azərbaycanın Rus İcması Cənubi Qafqazda ən böyük rus icmasıdır. İcmaya 120 min adam - fəhlə, mühəndis, müəllim, həkim, proqramçı və taksi sürücüləri daxildir. Onların hamısı rus dilində danışır, öz köklərini unutmur və Azərbaycanı öz evi sayırlar. Bu da təsadüfü deyil. Azərbaycan postsovet məkanında rusdilli əhalinin heç vaxt sıxışdırılmadığı, rus dilinin isə milli tarix və mədəniyyətin bir hissəsinə çevrildiyi ölkələr sırasındadır.

Rus İcmasının sədri Mixail Zabelin qəzetə müsəhibəsində deyib ki, 200 ildən çoxdur ruslar burada yaşıyır. Təmas nöqtələrimiz çoxdur. Mədəniyyətimizdə, ənənələrimizdə və mentalitetimizdə yaxın məqamlar az deyil. Rus xalqı kimi, Azərbaycan xalqı da çox qonaqpərvər, səmimi və mehribandır. Bu keyfiyyətlər çulğalaşır və aramızda daim möhkəmlənən körpü yaradır: "Mən köklü bakılı və etnik rusam, Milli Məclisin deputatıyam. Burada ruslara necə münasibət bəsliyirlər? Siz ölkənin ucqarlarına da gedə bilərsiniz, paytaxtda da dolaşa bilərsiniz. Heç yerdə nə bir əyri baxış görəcəksiniz, nə də bir kobud söz eşidəcəksiniz. Yerli ruslar Azərbaycanı öz vətəni sayır. Heç kəs bizi burada yabançı hesab etmir".

Bu gün Azərbaycanda tədris rus dilində olan 300-dən çox məktəb fəaliyyət göstərir. Rus Dram Teatrının zalı ağzınacan tamaşaçı ilə dolu olur. Rusdilli əhali üçün bir neçə qəzet çıxır. Bu yaxınlarda Azərbaycanın rusiyalı həmvətənlər təşkilatlarının konfransı keçirilib. Belə təşkilatların sayı azı 15-dir. Azərbaycan Kazakları Həmyerlilər Birliyi, Rus Mədəniyyət Mərkəzi, "Leninqrad blokadaçıları" İctimai Birliyi həmin təşkilatlar arasındadır. Onların hamısı ölkənin həyatında yaxından iştirak edir, iki xalqın ümumi tarixini və mədəni irsini qoruyub saxlayırlar. Rusiya da öz tərəfindən həmin təşkilatlara hər cür dəstək göstərir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib: "Xarici ölkələrdəki həmvətənlərlə iş xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Biz rus dilinin, mədəniyyətinin və ənənələrinin qorunub saxlanması istiqamətində iş görənlərə, tarixi vətənin müsbət imicini formalaşdıranlara kömək etməyə hazırıq. Azərbaycanda belə fəaliyyət dövlət səviyyəsində qəbul edilir və dəstəklənir. Həmvətənlər təşkilatları üçün əlverişli şərait yaradılıb".

Azərbaycanda rusların özlərini ölkənin tamhüquqlu vətəndaşları hiss etməsinin ümummilli lider Heydər Əliyevin və ölkənin indiki prezidenti İlham Əliyevin müdrik siyasətinin nəticəsi olması ilə razılaşan Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: "Burada ana dilində danışmaq hüququ uğrunda mübarizə aparmağa lüzum yoxdur. Dini və məişət zəminində dözümsüzlük problemləri yoxdur. Buna görə də həmvətənlərimiz öz enerjilərini karyerada uğur qazanmağa, ailə qurmağa, normal və dolğun həyat yaşamağa yönəldə bilirlər".

Bu da məlumdur ki, millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında multikultural dəyərlərin və tolerantlığın əhəmiyyəti çox böyükdür. Bu baxımdan Azərbaycan bir çox dünya dövlətlərinə nümunə ola bilər. Dünyada milli və dini münaqişələrin çoxaldığı bir zamanda heç təsadüfü deyil ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturazlim ili" elan olunub.

Bəşəriyyətin milli-dini zəmində toqquşmalar, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq qürurverici haldır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Tarixi ipək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc və yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə son illər tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini məbədlərin, ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamlarıyla Bibiheybət, Təzəpir kimi tarixi əhəmiyyətli məscidlər yenidən qurulub, Qafqazda ən böyük Heydər məscidi tikilib, Gəncədə İmamzadə dini kompleksi əsaslı yenidənqurma və təmirdən sonra istifadəyə verilib.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar