Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Diskriminasiya dünyanı
fəlakətə sürükləyir

  161
18:29 12-03-2018
Şriftin ölçüsünü dəyiş  

QHT-lər və həmkarlar İttifaqları ölkəmizdə insanların birgəyaşayışının harmoniyasını qorumaq və inkişaf etdirmək istiqamətində çalışırlar

 Qloballaşan dünyamızın qarşısında duran əsas vəzifələrdən biri multikulturalizm, insanlar və dövlətlər arasında tolerantlıq mühitinin yaradılmasıdırsa, digər bir vəzifəsi, hələ bu gun də dünyanın bir sıra yerlərində mövcud olan diskriminasiya, rasizim və faşizm kimi hallara qarşı mübarizədir. Bu kimi mənfiliklərin mövcud olduğu cəmiyyətlərdə insan hüquqlarından, insanların bərabərliyindən söz açmaq mümkün deyil.

Belə ki, dövlətləri idarə edən rejimlərdən asılı olmayaraq, hansı cəmiyyətdə diskriminasiya - ayrı-seçkilik varsa, orada həm də tolerantlıqdan və multikulturalizmdən danışmağa dəyməz. Çünki diskriminasiyanın yaratdığı şiddət insanlarda dözümlülük haqqında düşünməyə imkan vermir, cəmiyyət bir-birinə düşmən kəsilmiş qruplara parçalanır. Bu qruplar isə bir-birindən qisas almaq üçün hər zaman fürsət axtarırlar.

Onu da qeyd edək ki, diskriminasiya - (lat. discriminatio - fərqləndirmə) dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulmasını bildirən ümumhüquqi termindir. Buna görə də diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Bu termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Diskriminasiya həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.

Ölkəmizdə bu kimi halların qarşısının alınması üçün lazım olan bütün qanunlar qəbul edilib, eyni zamanda ölkəmizə bu sahəni əhatə edən bütün beynəlxalq norma və qanunlar da ratifikasiya olunub. Digər tərəfdən onu da xüsusi qeyd etmək lazımdır ki, bu gün bütün dünyaya multikulturalizm və tolerantlıq modeli kimi təqdim olunan Azərbaycanda tarixən belə hallar baş verməyib. Azərbaycan çox qədim zamanlardan bəri bir çox xalqların, millətlərin və dini konfessiyaların birgə yaşadığı bir məkan kimi tarixə büşüb.

Bu gün də həmin ənənə davam edir. Ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları, QHT-lər, Həmkarlar İttifaqları da ölkəmizdə insanların birgəyaşayışının harmoniyasını qorumaq və inkişaf etdirmək istiqamətində çalışırlar. Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə "Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu" mövzusunda keçirdiyi tədbir də diqqət çəkir. Tədbirdə çıxış edən Azərbaycan Həmkar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev bildirib ki, konfrans ikipilləli əmək bazarında mövcud olan diskriminasiya hallarına qarşı mübarizədə və işçilərin müdafiəsinin yaxşılaşdırılmasında həmkarlar ittifaqlarının rolunu müəyyənləşdirmək məqsədi daşıyır. İ. Əliyevin sözlərinə görə, qeyri-formal əməyə cəlb edilmək və sosial sığorta olmadan çalışmaq insanların gələcəkdə pensiya təminatından məhrum edə bilər: "Qeyri-formal sahədə çalışan işçilərin 30 faizindən çoxu qanunvericilik tərəfindən müdafiə olunmur. Çünki onların əksəriyyəti müqaviləsiz çalışırlar". İ. Əliyev deyib ki, qeyri-formal sahədə işləyənlərin əsas hissəsini miqrantlar təşkil edir. Onun sözlərinə görə, AHİK miqrantların həmkarlar ittifaqlarının yaradılması ilə bağlı Rusiya, Gürcüstan, Ukrayna ilə müsbət işlər görüb.

Beynəlxalq Əmək Təşkilatının beynəlxalq əmək standartları üzrə baş mütəxəssisi Alan Pels isə tədbirdə "Hamı üçün layiqli əmək" mövzusunda çıxış edib. O deyib ki, işçilər yalnız statusuna, cinsinə, yaşına görə deyil, həm də işəgötürənlə bağlanan müqavilənin növü və ya onun yoxluğu ilə əlaqədar diskriminasiya riskinə məruz qalırlar. Müqavilələri müdafiə olunmayan işçilərin əksəriyyəti qeyri-formal iqtisadiyyatda işləyən və ya hüquqi statusu olmayan miqrant fəhlələrdir. A.Pelsin sözlərinə görə, xüsusi, riskli yerlərdə çalışan işçilərlə əmək münasibətləri onların statusları nəzərə alınmaqla tənzimlənməlidir. Belə işçilərin ödənişləri, istirahət hüquqları illik məzuniyyətlərinə təsir etməməlidir.

O da məlumdur ki, insanlar ancaq əmək məsələlərində diskriminasiyaya uğramırlar. Diskriminasiya halları həyatın bütün sahələrində baş verə bilər.

Məsələn, etnik hökmranlıq nəticəsində irqi ayrı-seçkilik (diskriminasiya) əhalinin müəyyən qrupunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan məhrum edilməsinə gətirib çıxarır. Gündəlik həyatda bu, həmin qrupun restoranlara, çimərliklərə, kinoteatrlara və ya şəhərin bəzi rayonlarına getməyinə qadağa qoyulmasında, istehsal sahəsində bəzi peşələrlə məşğuliyyətin məhdudlaşdırılmasında, hamı kimi təhsil almaq, uğurlu karyera yaratmaq imkanının olmamasında, psixoloji planda - lağ-lağı ləqəblərdə, "geridə qalmış" xalqlar haqqındakı lətifələrdə və s. özünü göstərir.

Diskriminasiyanın bir forması da aparteiddir. Aparteid yerli əhalinin bir-birilə əlaqəsini kəsmək məqsədilə onların müstəmləkəçilər tərəfindən insan həyatı üçün yararsız yerlərə köçürülməsidir. Bu cür sistem uzun müddət ABŞ-da hindulara qarşı, Cənubi Afrika Respublikasında (CAR) isə zəncilərə qarşı hökm sürüb.

Onu da qeyd edək ki, bu siyasətin əsasında rasizm (rasa-irq deməkdir) - insan irqlərinin qeyri-bərabərliyi şəraitinə əsaslanan ideologiya və siyasət durur. Rasistlər (irqçilər) iddia edirlər ki, "tam dəyərli" və "natamam dəyərli" irqlər var. Onlar bununla öz ölkələri daxilində irqi diskriminasiyaya və başqa ölkələrə münasibətdə işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar.

Diskriminasiyanın insanlığa sığmayan forması - hər hansı millətin və ya etnik qrupun nümayəndələrinin yararsız, dəyərsiz və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da soyqırımı (genosid) və (holokost) adlanır. XX əsr milli zəmində ehtirasların coşması və bunun nəticəsində baş verən faciəvi hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun başqaları üzərində hakimiyyətə malik olması və xüsusi ali irqin - bütün dünyanı idarə etməli olan ayrıca seçilmiş millətin mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən dəhşətli soyqırımı nümunəsi göstərib. Bu ideyanın həyata keçirilməsi ona gətirib çıxardı ki, faşistlər yəhudiləri, qaraçıları tamamilə məhv etməyə (holokost), digər xalqları (məsələn, slavyanları) "əsil arilərə" tabe etməyə cəhd göstərdilər.

XX əsr tarixində Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımları isə ermənilər törədiblər. Terrorçu erməni təşkilatı olan "Daşnaksutyun" partiyasının rəhbərliyi ilə 1905-1907, 1918-1920, 1937-1940, 1948-1953 və nəhayət, 1988-1994-cü illərdə erməni vəhşiləri azərbaycanlılara qarşı misilsiz soyqırımları törədiblər. Məhz onların bu qanlı etnik təmizləmə siyasətinin nəticəsidir ki, indi Ermənistan adlandırılan, əslində Azərbaycanın qərb torpaqları olan ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Lakin çox təəssüflər olsun ki, bütün dünyanın gözü qarşısında baş verən bu ədalətsizliyə, soyqırımına ikili standartarla yanaşmalar var. Ermənistanın bu insanlığa sığmayan vəhşiliyinə bu gün də nə siyasi, nə də hüquqi qiymət verilməyib. Baxmayaraq ki, BMT-nin bu işğala heç bir şərt qoyulmadan son vermək haqqında 4 qatnaməsi var. Bəlkə də BMT-ni irqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə Günü təsis etməyə vadar edən də, bu kimi hallar olub. Hələ o dövürlərdə Cənubi Afrika Respublikasının hakim dairələri tərəfindən Afrikanın yerli əhalisi və Hindistandan köçürülənlərə qarşı dözülməz irqi diskriminasiya siyasəti bəşəriyyətdə narahatlıq yaratmışdı. 1960-cı il oktyabrın 26-da Cənubi Afrikanın Şarpevil şəhərində polis aparteid rejiminin afrikalı əhalinin məcburi pasportlaşdırılması haqqında qanununa qarşı dinc etiraz nümayişinə divan tutdu. Nəticədə 69 nəfər öldürüldü.

1966-cı il oktyabrın 26-da BMT Baş Məclisinin XXI sessiyası İrqi Diskriminasiyanın Ləğvi Uğrunda Beynəlxalq Mübarizə Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. BMT Baş Məclisi bununla beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi uğrunda səyləri birləşdirməyə çağırdı. 1979-cu ildə Baş Məclis rasizmə və irqi diskriminasiyaya qarşı mübarizə onilliyi elan etdi. Baş Məclis bütün dövlətlərə müraciət edərək hər il martın 21-dən başlayaraq rasizmə və diskriminasiyaya qarşı mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirməyə çağırdı. Bu gün də Cənubi Afrika Respublikasında 21 mart İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan bütün sivil dünya ilə əməkdaşlıq münasibətləri quraraq, bu ədalətsizliyi, işğal faktının sülh yolu ilə həllinə çalışır. Bu işdə dövlətimizə həm beynəlxal təşkilatlar, həm də ölkəmizdə fəaliyyət göstərən QHT-lər dəstək olurlar. Bu baxımdan "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin bir neçə üzvünün Avropa İttifaqının maliyyə dəstəyi, Lokal Demokratiya Agentlikləri Assosiasiyası (Association of Local Democracy Agenises -ALDA) və İtaliyanın ISBEM təşkilatının dəstəyi ilə   "Diskriminasiya və ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində idmanın rolu" (TOlerance in Youth Sport - TOYS) layihəsində iştirak etmələri də, böyük əhəmiyyətə malik hadisədir. Layihə  İtaliyanin qədim Messagne şəhərində həyata keçirilib. Layihədə 9 Avropa ölkəsindən nümayəndələr iştirak ediblər.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar