Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan tarixən polietnik
və müxtəlif dinli ölkə olub

  43
17:34 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

Ölkəmiz multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biridir

 Bu gün biz Azərbaycan Respublikasının multikulturalizm siyasətindən danışırıqsa, bəzi mühüm qanunauyğunluqlara xüsusi diqqət yetirməliyik. Çünki ölkəmizin daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyini artırır.

Bu qanunauyğunluq dövlətimizin daxili və xarici siyasəti arasındakı münasibətlərdən irəli gəlir. Bu münasibətlərdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Belə ki, ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olmasına zəmin yaradır. Əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridır.

Bununla da ölkəmizin daxili siyasətinin xarici siyasətə münasibətdə müəyyənedici roluna əsaslanaraq Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə müsbət təsir göstərməsi nəticəsində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi müəyyən uğurların səbəblərini də anlamaq olar. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə dövlətimizin hərtərəfli əlaqələrinin inkişafına əlverişli şərait yaradır. Bu da öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına əlverişli mühit yaradır.

Çünki Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biridir. Onu da qeyd edək ki, ölkəmizdə multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə isə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərindən danışarkən ilk növbədə 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını qeyd etmək olar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.

Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi də, onun yüksək inkişaf mərhələsindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin xalqımızın həyat tərzinə çevrilməsini haqlı olaraq mühüm üstünlük hesab edir: "Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim həyat tərzimizdir. Ancaq əgər biz bəzi  ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür". Bunun qarşısını almaq üçün tolerantlığı və multikulturalizmi qorumaq və inkişaf etdirmək zəruridir. Azərbaycanda mövcud olan mültikulturalizmə zəmin yaradan isə ölkəmizdə doğma ailə kimi bir yerdə yaşamağın tarixi gerçəklik, genetik-etnik yaddaş və qarşılıqlı münasibətlərin ötürücüsü olan müxtəlif xalqlar: talış, ləzgi, avar, kürd, tatar, udin, tat və başqalarının özlərini azərbaycanlı adlandırmasıdır. Buna görə də, müstəqil Azərbaycan konstitusiyasında ölkə əhalisinin əksəriyyətini təşkil edən əhali Azərbaycan türkləri kimi verilməyib. Belə ki, vətəndaş milləti, multikulturalizm siyasəti konseptində konstitusiyada vətəndaşların cəmindən ibarət əhali "Azərbaycan xalqı" kimi təsbit olunub. Ali Qanunun I fəsli "Xalq hakimiyyət" adlanır və I maddədə deyilir ki, "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Maddə 1-in II bölməsində isə yazılıb: "Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir". Konstitusiyada xüsusi olaraq "Xalqın vahidliyi" haqqında olan 5-ci maddədə göstərilir: "I. Azərbaycan xalqı vahiddir. II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir". Daha sonra isə 44-cü maddədə "Milli mənsubiyyət hüququ"nda deyilir: "I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". 45-ci maddədə isə yazılıb: "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır". Bu müddəalar təsdiq edir ki, Azərbaycanda yaşayan etnik və dil müxtəlifliyini etiraf edən, həm də onu müdafiə edən Dövlət bunlara baxmayaraq, Azərbaycan xalqının təmsilçisi olaraq əhalinin vətəndaş birliyi, vahidliyidir. Yəni, Azərbaycanda yaşayan müxtəlif xalqların mənəvi yaddaşı tarixi inkişaf mərhələsində zərdüştlükdən üzübəri dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə zənginləşərək, mədəniyyət və mənəviyyatın çoxsaylı cəhətlərini özündə miras saxlayıb. Azərbaycanda multikulturalizm göstəricisi özünün rəngarəng tərkibi ilə fərqlənən və bu müxtəlifliyin etnik-milli mənbələrini qoruyan, burada yaşayan etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyən edən obyektivlikdir. Azərbaycan tarixən polietnik və müxtəlif dinli ölkə olub. Əhalisinin əksəriyyəti azərbaycanlı olan respublikamızda ta qədimdən İran, Qafqaz (gürcü, erməni, osetin və s.) etnosları, eləcə də yəhudi, rus, ukrayna, tatar, belorus və s. də yaşayıblar. Mövcud etnik, dini, dil qeyri-cinsliyi deyil, dövlətin məhz bugünkü anlamda desək "multikulturalizm" siyasətinin mədəni müxtəlifliyi də ideoloji modellərinin sivil yaşam tərzidir.

Bu da məlumdur ki, multikulturalizm siyasətində vətəndaş cəmiyyətinin formalaşdırılması əhalinin azərbaycanlı kimi özünü adekvat olaraq identikləşdirməsi, yəni eyniləşdirməsidir.  Bu  əhalisinin əksəriyyəti azərbaycanlı olanların türksoylu olmasına qarşı deyil, əksinə ölkədəki etnik fərqlərin bir vahiddə ifadəsi, belə desək "multikulturalizm siyasəti" və vətəndaş cəmiyyəti millətinin formalaşmasıdır. Azərbaycanda anadan olan, valideynlərindən biri Azərbaycan vətəndaşı olan hər bir kəs Qanuna görə azərbaycanlıdır. Multikulturalizm siyasətində vətəndaş millətinin formalaşması prosesində Dövlət dili də mühüm əhəmiyyət daşıyır. Belə ki, bütün Azərbaycan vətəndaşlarının Dövlət dilini-azərbaycan dilini mənimsəməsi əsas şərtlərdən biridir. Burada qeyd edək ki, azərbaycan dilinin mənimsənilməsi etnik azlıq və yaxud qrupların dilinin də qorunması ilə birgə tətbiq olunmalıdır. Mədəni müxtəlifliyin hüquqlarına hörmət olaraq ölkədə əsrlərlə bərqərar olan çoxdillilik ənənəsi qorunmalıdır. Bu dil öyrənmək yox, başqası tərəfindən məskun olduğu ərazidə hər kəsin bir-birini anlaması, başa düşməsi probleminin çözülməsidir. Bu Y.Eqbert yazdığı kimi, liberal fərdi insan haqları ilə yanaşı və ona əlavə olaraq, etnik və dil icmalarının xüsusi qrup hüquqlarının tanınmasına gətirib çıxarıb. Mədəni müxtəlif, multikultural siyasətdə sərtlik deyil, inadcıllıq göstərmək gərəkdir.

Ölkəmizdə sürətli iqtisadi inkişaf var. Bu dəyişilmələrlə yanaşı, həm də dil və mədəniyyətlərin qarşılıqlı əlaqəsi də intensivləşməlidir. Dövlət, üçüncü sektor, siyasi institutlar multikultural vətəndaşlar yetişdirməlidirlər. Belə ki, Martin Haydeger demişkən, "İndi insan fəaliyyəti mədəniyyət kimi qavranılmalı və həyata keçirilməlidir; artıq mədəniyyətin mahiyyəti odur ki, insanın ali nemətlərə ehtiyacını mədəniyyət üstünə götürür və məhz bu, mədəni siyasətə çevrilir". Bu baxımdan da mədəni müxtəliflik, dialoq və sosiomədəni proseslərin öyrənilməsi XXI əsrin əsas elmlərindən biri olacaq.

Biz də, açıq şəkildə deyə bilirik ki, Azərbaycanda bu proses ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar

Powered by Artild Agency