Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İslamda təbliğ edilən "səbr"
multikulturalizmin açarıdır

  151
18:25 12-02-2018
Şriftin ölçüsünü dəyiş  

Tolerantlıq tərbiyə üsulu və problem həll etmə texnikasıdır, öyrənməyi sürətləndirən motivdir

 "Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkəmiz üçün deyil, dünya üçün də çox önəmlidir". Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayındakı çıxışında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır: "Təsadüfi deyil ki, məhz bizim təşəbbüsümüzlə Azərbaycanda bu mövzu ilə bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Bu il 10 illiyini qeyd edəcəyimiz "Bakı Prosesi" də BMT tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Onun da təşəbbüskarı biz olmuşuq. Avropa məkanını müsəlman aləmi ilə yaxınlaşdırmaq istəyimiz böyük nəticə verməsə də, hər halda müsbət tendensiyalara təkan verir. Biz öz siyasətimizi bu istiqamətdə davam etdirəcəyik".

 Prezidentin ölkəmizdə multikulturalizmin, mövcud tolerantlıq mühitinin təbliği və inkişaf etdirilməsi barədə tövsiyyələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər zaman dəstəklənir və həmin tövsiyyələrin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.

Bu ilin fevralın əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində "Azərbaycan gənci: millilik, qazilik, şəhidlik" adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib.

Tədbir iştirakçıları öz çıxışlarında Prezident İlham Əliyevin Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğıdan söz açaraq, gənclərə dövlət tərəfindən göstərilən qayğıdan danışıblar. Dövlətin gənclər siyasətinin prioritetlər xüsusi vurğulanıb, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyəti qeyd olunub.

Bu kimi maarifləndirmə tədbirlərinin Azərbaycan gənclərinin formalaşmasında və vətənpərvər ruhda böyüməsində əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. Belə bir tədbir həmçinin fevralın 6-da Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbində "Vətənpərvər gənclik dini radikalizmə qarşıdır" mövzusunda keçirib.

Tədbirdə ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğu qeyd edilib. Bununla belə gənclər arasında vətənpərvərliyin təbliği və dini radikalizmə qarşı mübarizədə bu kimi tədbirlərin əhəmiyyəti xüsusi qeyd olunub. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğu, dini radikalizm, ekstremizm və digər mənfi meyillərin Azərbaycan mədəniyyəti üçün yad olduğu bildirilib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi haqqında məlumat verilib, filmin çəkilməsində əsas məqsədin gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliği olduğu bildirilib. Daha sonda "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

Onu da qeyd etmək lazımdır ki, multikulturalizmi, tolerantlığı təbliğ və təşviq etmək üçün əsas vasitə ünsiyyətdir. Ünsiyyət, dini maarifləndirmə sahəsində də əsas davranış formasıdır.

Ünsiyyət həm də duyğu, düşüncə və bilgilərin müxtəlif yollarla başqalarına ötürülməsidir. Eyni zamanda o, bəşər övladının yaranışından bu günə qədər olan dövrdə insanları bir-birinə bağlayan və onların nizam-intizam içində, cəmiyyət halında yaşamalarını təmin edən qarşılıqlı təsirlər toplusudur. Ünsiyyətin bu əhəmiyyətini nəzərə alsaq, deyə bilərik ki, din xadimləri, ümumiyyətlə, dini maarifləndirmə işini həyata keçirən hər kəs həmsöhbətlərinə dini öyrətmə, onların din anlayışlarını formalaşdırma və dinin həqiqi mahiyyətini şərh etmə vəzifələrini ancaq təsirli bir ünsiyyətlə yerinə yetirdikləri halda müsbət nəticələr əldə edə bilirlər. Çünki nəyisə, necə söyləməyimiz olduqca əhəmiyyətli məsələdir. Ən əhəmiyyətlisi isə həmsöhbətimizin söylədiyimizdən nə anlamasıdır.

Çünki Peyğəmbərimiz (s) "Əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır", - deyə buyurub. Dini öyrədərkən qarşıdakına güvən hissini aşılamaq və güvən duymaq da olduqca əhəmiyyətlidir. Qarşıdakının etibarını boşa çıxarmamaq isə bundan daha önəmlidir.

Bunun üçün də din xadimi təbliğ edəcəyi mövzulara yaxından bələd olmalı və bu məlumatı insanlara təsirli şəkildə çatdırmağı bacarmalıdır. Məlumatı qarşıdakının anlayacağı və qəbul edə biləcəyi şəkildə sadə dillə anlatmaq, qəliz sözlərdən çəkinmək əsas şərtdir.

Həmsöhbəti nə qədər yaxşı tanısaq, ünsiyyət də bir o qədər təsirli olar.

Eyni zamanda haşiyələrdən yerində və kifayət qədər istifadə edilməlidir ki, söhbət maraqlı alınsın və anlaşılan olsun.

Haşiyə, hekayə və ya qissələrin yaddaqalan olması, izahatı asanlaşdırması və mücərrəd anlayışları konkret hala gətirməsi baxımından dini maarifləndirmənin əvəzolunmaz tərkib hissəsidir. Bunlar dinləyənlərin maraq və diqqətini özünə çəkir, eləcə də insanları mühitin darıxdırıcı havasından xilas edir. Nəzəriyyə ilə təcrübəni birləşdirən haşiyələr çox vaxt öyrənilən məlumatların real həyatdakı qarşılığını və nümunələrini özündə əks etdirir. Beləliklə də, insanlara yaxşıya yönəlmək və pisdən uzaqlaşmağa stimul verir. Ancaq ortaya qoyulan davranışların mənimsənilməsi, ürəkdən ifa edilməsi və qalıcı olması üçün hansı haşiyənin kimə, nə vaxt və necə aşılanacağı aydın olmalıdır.

Quranda insanın zəif yaradıldığına və Allahın heç kimi gücünün yetmədiyi işlə məsul tutmayacağına diqqət çəkilir. Həzrət Peyğəmbər (s) iki şeydən birini seçmək məcburiyyətində qaldıqda günah olmadığı təqdirdə daim asan olanı seçib və bu sözləri dönə-dönə vurğulayıb: "Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, nifrət etdirməyin!"; "Şübhəsiz, din asanlıqdır. Kim bu dini çətinləşdirsə, din onu məğlub edər. Siz ona yaxın olanı edin, tarazlığı qoruyun".

Asanlıq tədricilik ilə bilavasitə əlaqəlidir. Çünki insanın müəyyən biliklərə yiyələnməsi və kamala yetişməsi tədricən, müəyyən nizam əsasında mümkündür. Buna görə də öyrədiləcək şeylər həmsöhbətin hazırlığına əsasən, əsasdan təfərrüata, asandan çətinə, konkretdən mücərrədə, bilinəndən bilinməyənə doğru mərhələli şəkildə aşılanmalıdır.

  Allah Rəsulu (s) "Mülayim davrana bilməyən kimsə bütün xeyirlərdən məhrum qalar", - deyə buyurub. Mülayimlik izzətin, təmkinin və xüsusilə zərifliyin göstəricisidir. Zəriflik nəzakətlilik, həssaslıq, xoş sözlülük deməkdir. Zəriflik həm xarici görünüş, həm də şəxsi xüsusiyyətlərlə əlaqədardır. Bu baxımdan, "məlumatın qaynağı" xarici görünüşünə diqqət yetirməklə yanaşı, gülərüzlü, bir az zarafatcıl, mehriban, təvazökar, sirdaş və dost olmağı bacarmalıdır. Zərifliyin ziddi isə sərtlik və kobudluqdur ki, dini ünsiyyətdə bunlardan uzaq olmağa çalışmaq lazımdır.

Onu da qeyd edək ki, dini maarifləndirmə ancaq səbirlə yerinə yetirilə bilər. Səbir mənfiliklərə boyun əymək deyil, bunları aradan qaldırmaq üçün dözümlü olmaq, səy göstərmək, alternativlər ortaya qoymaq və bütün səylərə baxmayaraq, məqsədə nail ola bilmədikdə ümidi itirməməkdir. Dini maarifləndirmədə tolerantlıq da əsas şərtlərdən biridir. Tolerantlıq tərbiyə üsulu və problem həll etmə texnikasıdır, öyrənməyi sürətləndirən motivdir. Xoşbəxt olma, xoşbəxt etmə və insan qazanma yoludur. İnsanların səhvlərini görmək asandır. Bunun üçün onların səhv etmələrini gözləmək, sonra da səhvlərini üzlərinə vuraraq ağıllı görünmək kifayətdir. Çətin olan insanların etdikləri doğruları görməkdir.

Quran ünsiyyətin ən vacib qanunlarından birinə belə diqqət çəkir: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Fussilət, 34). Dini maarifləndirmə ilk növbədə "könülləri fəth etmək", sonra isə "könülləri abadlıq və tikmə" fəaliyyətidir ki, bu da şəfqət və mərhəmətlə mümkündür. Çünki "Mərhəmətin yaradacağı iqlimdə yaxşılığın ölü bitkiləri dirilər, pisliyin diri bitkiləri ölər" (N.F.Kısakürek).

Qısacası, dini maarifləndirmə işini həyata keçirən insanlar  eyni zamanda zəifliklərlə dolu həmsöhbətlə üz-üzədir. Həmin həmsöhbət yaxşı əməlləri ilə mələklər səviyyəsinə qalxmaq, səhv addımları ilə isə varlıq aləmində səfil birinə çevrilmək potensialına sahibdir. Dini ünsiyyətdə bu xüsusiyyət daim nəzərə alınmalıdır.

Bütün bunlar isə o deməkdir ki, bəşəriyyətin qurtuluşu ünsiyyətdən (xalqlar, millətlər, dövlətlərarası dözümlülükdən), multikulturul dəyərlərə verilən dəyərdən, tolerantlıqdan keçir. Buna görə də dövlətimizin başçısı bütün çıxışlarında vurğulayır ki, biz multikulturalizmin bütünlüklə beynəlxalq aləmdə qəbul olunması üçün fəaliyyətimizi, üzərimizə düşən missiyanı davam etdirəcəyik. Azərbaycan heç zaman bu dəyərlərdən geri çəkilməyəcək.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar