Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qarabağın həlli varmı? – Məmmədyarov cavablandırır

  72
13:35 09-02-2018
Şriftin ölçüsünü dəyiş  

Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarovun Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına verdiyi müsahibədə deyib.

“Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT TŞ-nın qətnamələri Dağlıq Qarabağı Azərbaycanın ərazilərinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ermənistan gücdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə zidd olaraq danışıqları pozmaq siyasəti yürüdür.

Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcəkdir. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir” – deyə o bildirib.

Nazir, həmçinin, Minsk Qrupunun apardığı sülh prosesinin heç bir nəticə vermədiyini bildirib:

“Belə ki, 25 ildən artıq fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. Minsk Qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT TŞ-nın müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk Qrupu tərəfindən BMT TŞ-nın 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT TŞ-nın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.

Nəzərə almaq lazımdır ki, Minsk Qrupunun həmsədr ölkələri BMT TŞ-nın daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar.

Bir faktı xatırlatmaq istərdim. 2014-cü ilin noyabrında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə konkret məsələlər ətrafında müzakirələr aparıldığı halda, Ermənistan tərəfi görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə hərbi təlim keçirərək təxribata əl atdı və danışıqları pozmağa çalışdı.

Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac vardır. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub.

Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.

Hal-hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcəkdir. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin, tezliklə, həllində ən maraqlı tərəf Azərbaycandır.

Bu xüsusda, biz ümid edirik ki, Paris Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində fəal şəkildə iştirak etməkdə davam edəcəkdir. Həqiqətən münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməsi Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaqdır. Bundan təkcə region ölkələri deyil, Avropadan olan tərəfdaşlarımız, o cümlədən Fransa da faydalana biləcək”.

 

Yazarlar