Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Multikulturalizm Azərbaycanda
həyat tərzi və dövlət siyasətidir"

  92
17:33 12-01-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan multikulturalizminin davamlı öyrənilməsi və
dünyada təbliği bəşəriyyətin  sülh çağırışına bir tövhədir

 Dünyada multikulturalizmin bərqərar olmasından danışdığımız zaman bunu da açıq etiraf etmək lazımdır ki, ölkəmizlə yanaşı bu mühüm dəyərə yüksək qiymət verən bir sıra ölkələr də mövcuddur.

Belə ki, qədim tarixi köklərə və dövlətçilik ənənələrinə malik İsveç Krallığının da özünə xas tolerantlıq və multikulturalizm təcrübəsi var. Lakin buna baxmayaraq, ölkəmizin nümayəndə heyətində təmsil olunan müxtəlif dini konfessiya rəhbərlərinin mehriban dostluğu, Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan xalqının sülh və əmin-amanlıq içərisində yaşaması naminə ortaya qoyduqları yekdil mövqe hər addımda onların heyrətə gətirir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respudlikasının prezidenti, cənab İlham Əliyevin "Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir" tezisi, Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanınması və bu birgəyaşayış nümunəsinin İsveçdə əyani təqdimatı, təkcə isveçlilər deyil, bu ölkədə fəaliyyət göstərən digər ölkələrin səfirləri, diaspor nümayəndələri tərəfindən də maraqla qarşılanıb.

Bütün dünya ölkələrinin terrorla təhdid olunduğu bir zamanda multikulturalizm və tolerantlıq kimi humanist dəyərlərin təbliği və bu şəkildə ölkələrarası təcrübə mübadiləsinin qurulması da xüsusi əhəmiyyət kəsb edir.

Bugünkü gündə dünyada sülh və sabitliyin bərqərar edilməsi, münaqişə ocaqlarında sülhə nail olunması, milliyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin əmin-amanlıq içəsirində yaşaması üçün səylər göstərən beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri də, daima müsbət təcrübənin paylaşılmasının tərəfdarları kimi çıxış edirlər və onların irəli sürdükləri tövsiyyələr də bunu təsdiq edir. Bu baxımdan tarixən öz özəlliyi və birgəyaşayışa müsbət təsiri ilə seçilən tolerantlığın Azərbaycan modelinin, həmçinin Azərbaycan multikulturalizminin davamlı öyrənilməsi və dünyada təbliği heç şübhəsiz ki, dünya insanını sülhə çağırışa bir tövhədir.

Bu baxımdan bizim də İsveç krallığında mövcud olan tolerantlıq və multikultural dəyərləri bilməyimiz, belə bir təcrübənin mövcudluğundan xəbərdar olmağımız da vacibdir. Çünki Prezident İlham Əliyevin yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də, Azərbaycan multikulturalizminin elmi və praktik cəhətdən öyrənilməsi və təbliğidirsə, digər istiqamət dünyada mövcud olan multikultural model və təcrübəni öyrənməkdir.

Buna görə də, ölkəmizdə bu sahədə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının İsveçrə Krallığına səfərləri, bu ölkənin analoji qurumları ilə əməkdaşlıq da, onların təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

QMİ-nin mətbuat xidmətinin məlumata görə, keçən ilin sonunda QMİ sədri Şeyxulislam Allahşükür Paşazadə İsveçrə Krallığına səfər edib. Səfərdə məqsəd Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) təşkilatçılığı ilə Stokholmda keçirilən "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda Elmi Konfransda iştirak etmək olub.

Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycandakı digər dini konfessiyaların rəhbərləri də təmsil olunublar.

Konfransda "Dinlərarası tolerantlığın Azərbaycan modeli", "Multikulturalizmin Azərbaycan və İsveç modelləri: müqayisəli təhlil" mövzularında panel iclasları keçirilib.

İsveçrənin Bern şəhərində isə Azərbaycanın bu ölkədəki səfirliyinin və "İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu" Assosiasiyasının təşəbbüsü ilə "Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli" mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan nümayəndə heyəti konfransın keçirildiyi Dinlər Evi ilə tanış olub, "İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu" Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb, o cümlədən Dinlər Evində mövcud olan müxtəlif dinlərin ibadət və görüş yerlərini ziyarət ediblər.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı öz çıxışında Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların birgə yaşadığına diqqət çəkərək bu tendensiyanın ölkəmizdə tarixən mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans zamanı "Azərbaycan- tolerantlıq məkanı" adlı film nümayiş etdirilib və "Azərbaycan- multikulturalizm məkanı" sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov təmsil etdiyi Mərkəzin layihələri, xüsusən Azərbaycan multikulturalizmi fənninin ölkə daxilində və xarici ölkələrdə tədrisi, "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından nəşr olunan kitablar haqqında məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov və Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycan multikulturalizminin unikallığı və qlobal arenadakı sülhyaradıcı funksiyaları barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Tədbir iştirakçıları Azərbaycanın tolerantlıq modelinin İsveç üçün maraqlı təcrübə olduğunu vurğulayıblar.

Bu fikri Stokholmda keçirilən "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda konfransın iştirakçısı, İsveçin Azərbaycanda yeni təyin olunmuş səfiri İnqrid Tersman da mətbuata açıqlamasında təsdiqləyib.

 Səfir İnqrid Tersman tədbir zamanı Azərbaycanda gedən proseslərlə bağlı çox maraqlı faktlar eşitdiyini diqqətə çatdırıb. "Bu tədbirə qatılan insanların sayını nəzərə alsaq, multikulturalizm məsələsinin İsveç ictimaiyyəti üçün necə maraq kəsb etdiyini görərik. Hesab edirəm ki, belə tədbirlərdə Azərbaycan və İsveç öz müsbət təcrübələrini bölüşə bilərlər", - deyə İ. Tersman əlavə edib. O, son vaxtlar dünyanın bir çox ölkələrində qeyri-tolerantlıq hallarının çoxaldığını, cəmiyyətlərdə mənfi tendensiyaların artdığını vurğulayaraq, belə bir vaxtda Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin daha dərindən öyrənilməsinın əhəmiyyətini xüsusi qeyd edib.

Elə bu ərəfədə İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan "Sülh həftəsi" çərçivəsində "Palais des Nations" sarayında yerləşən BMT ofisində "Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfrans keçirilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.

TEAS-dan verilən məlumata görə, konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib.

Konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Tədbirdə qeyd olunub ki, dini və etnik zəmində yaranan münaqişələrlə qarşılaşan müasir dünyanın getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm modelindən nümunə kimi istifadə olunmalıdır. Qədim zamanlardan bəri azərbaycanlılar təbiətcə tolerant olub və hazırda multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycan hökuməti digər təşkilatlarla yanaşı, həm də  BMT-nin Mədəniyyətlərarası Alyansı (UNAOC), UNESCO və Avropa Şurasının dəstəklədiyi Bakı Beynəlxalq Humanitar forumları və Mədəniyyətlərarası Dialoq üzrə dünya forumlarının təşkilatçısı olub.

Bakı, həmçinin Avropa Olimpiya Komitələrinin himayəsi altında keçirilən Bakı - 2015 Avropa Oyunları və İslamiada-2017 İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli tədbirlərə ev sahibliyi edib.

TEAS-ın direktoru Lionel Zetter öz çıxışında qeyd edib ki, dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə dair qlobal risklər kontekstində, unikal və uğurlu bir model kimi nəzərdən keçirilməlidir. Təmsil etdiyi təşkilatın Avropa və Azərbaycanda dini tolerantlıq və multikulturalizmə dair həyata keçirdiyi layihələr haqqında məlumat verən L. Zetter Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinə səfəri barədə danışıb. O, qəsəbənin yenidən qurulması üçün görülən işlərdən, insanların doğma yurdlarına böyük həvəslə qayıdışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib: "Unutmamalıyıq ki, BMT Təhlükəsizlik Şurası 24 il əvvəl erməni işğalını qınayan dörd qətnamə qəbul edib və bunlar hələ də yerinə yetirilməyib. Münaqişənin həll ediləcəyi təqdirdə, azərbaycanlılarla ermənilər yenidən yanaşı yaşaya bilərlər".

 Müzakirələr zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq modelinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcək vasitə olduğu da xüsusi qeyd olunub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar