Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Leyla Bədirbəyli bunu özünə bağışlaya bilmirdi

  23
10:59 08-01-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycanın görkəmli aktrisası, xalq artisti Leyla Bədirbəylinin doğum günüdür.

Kult.az xatırladır ki, Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti kimi çalışan Leyla Bədirbəyli 1942-1975-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.

O, hələ gənc yaşlarında Üzeyir Hacıbəyov kimi korifey sənətkarın diqqətini çəkir və “Arşın mal alan” filminə dəvət edilir. Aktrisa burada canlandırdığı Gülçöhrə rolundan sonra daha da şöhrət qazanır.

Leyla Bədirbəylinin özündən 18 yaş kiçik olan bacısı Ofeliya xanım danışır ki, Leyla ona həm böyük bacı, həm də ana olub:

“Heç yadımdan çıxmaz. Nardarandakı bağımıza gedəndə anam məni Leylaya bərk-bərk tapşırmışdı ki, uşağı aparırsansa, ona fikir ver. Mən çox arıq idim. Yeməklə heç aram yox idi. Nahar vaxtı bacım nə qədər çalışsa da məni yedizdirə bilmədi. Onu o qədər bezdirdim ki, axırda məni gicitkənlə vurdu. Qışqırıb ağlaya-ağlaya Leylaya dedim ki, anama deyəcəm, qoy məni internata qoysun, çünki sən məni döyürsən. Leyla həmişə deyərdi ki, ömrümdə bir pis iş görmüşəmsə, o da bacımı həmin gün incitməyimdir”.

O, “Koroğlu”da Nigar, “Dəli kür”də Zərnigar, “Dərviş Parisi partladır”da Şəhrəbanu kimi məşhur, fərqli obrazlar yaradıb.

Sənətkarın ailə həyatı səhnə həyatı kimi uğurlu olmayıb. 16 yaşında ikən Fərəc Cavanşirovla ailə quran aktrisanın bu evliliyi uzun çəkmir, onlar boşanırlar. Leyla xanım növbəti dəfə 1942-ci ildə Kamil Aslanovla evlənir. Sənətkarın bu ailə həyatı da çox davam etmir: Kamil Aslanov yol qəzasında həlak olur. Bir müddət sonra isə aktrisanın böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu ardıcıl itkilər aktrisa üçün ağır zərbə olur.

Ömrünün son illərini mənəvi sarsıntı içində keçirən Leyla xanım Bədirbəyli 1999-cu il noyabrın 23-də Bakıda vəfat edir və Fəxri Xiyabanda torpağa tapşırılır.

 

Yazarlar