Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Multikulturalizm və tolerantlıq ölkəmizin müsbət imicini tamamlayır

  26
20:27 06-12-2017
Şriftin ölçüsünü dəyiş  

 

 

Azərbaycanda müxtəlif millətlər, o cümlədən yəhudilər, xristianlar, hətta ermənilər heç bir problem olmadan rahat şəkildə yaşayırlar

 

Respublikamızda multikultural mühitin qorunması və inkişaf etdirilməsi üçün demək olar ki, bütöv bir institutlar ansambılı çalışır. Bura həm media, həm universitetlər, həm dövlət qurumları, həm də Azərbaycan cəmiyyətinin sıravi üzvlərini aid etmək olar. Ölkənin mötəbər universitetləri isə bu istiqamətdə daha ciddi işlər görürlər.

Məsələn, ADA Universitetində "Dinlərarası tolerantlıq və mətbuatın rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ADA Universitetinin Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi, Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin Dəstəyi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə təşkil edilib.

Rəsmi şəxslərin, diplomatik korpusun nümayəndələrinin, jurnalistlərin, beynəlxalq ekspertlərin, tələbələrin iştirak etdikləri konfransda dinlərarası tolerantlıq və medianın bu sahədə rolu barədə çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard əvvəlcə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrdən danışıb. O, qeyd edib ki, məhz bu il Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni hüquqi müstəvidə qurulması qərara alınıb. Səfir gələn ilin əvvəlindən bu istiqamətdə danışıqlara başlanılacağına ümid etdiyini bildirib. Nümayəndəliyin rəhbəri vurğulayıb ki, bu tədbirdə dini nifrətin, ekstremizmin qarşısının alınması kimi mövzularla bağlı fikir mübadiləsinin aparılması çox önəmlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, tolerantlıq bizim qədimdən gələn ənənəmizdir. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri tarixən dinc şəraitdə yaşayıblar. Azərbaycan xalqı ölkə ərazisində yaşayan xalqlara hər zaman tolerant münasibət göstərib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını burada sərbəst şəkildə yerinə yetirirlər.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda müxtəlif millətlər, o cümlədən yəhudilər, xristianlar, hətta ermənilər belə, heç bir problem olmadan rahat şəkildə yaşayırlar. Bu sahədə Azərbaycanın təkmil qanunvericiliyi var. Ə.Amaşov həm də Azərbaycan tolerantlığının, multikulturalizminin təbliğində mətbuatın rolundan danışıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev konfransın "Media və tolerantlıq" adlı panelində çıxış edərək dünyada baş verən qlobal problemləri dilə gətirib. O, həm də Azərbaycanın ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərində yaşadığı problemlərdən söz açaraq ölkəmizdə mövcud olan qaçqın və məcburi köçkünlər probleminə diqqət çəkib.

BAMF-ın sədri daha sonra diqqəti dünyada mövcud olan qaçqın probleminin artmasına yönəldib və bunun ciddi narahatlıq doğurduğunu qeyd edərək deyib: "1993-cü ildə Bolqarıstanda 273 miqrant olub, amma bu gün 78 mindən çoxdur. Bu rəqəm təxminən 285 dəfə artıb. Əslində, dünyanın qlobal problemi sayılan bu məsələ yaşanılan faciənin göstəricisidir. Bu rəqəmin fərqinə varsaq, həqiqətən də nə qədər böyük faciənin yaşandığını görə bilərik. Dünyada baş verən bu kimi problemlər, yaşanılan fəlakətlər hər bir insanı düşündürməlidir. Dünya birliyi bu kimi problemlərin həlli üçün ciddi səy göstərməlidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Azərbaycan bütün dünyada tolerantlıq örnəyi kimi tanınır. Ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirilən bütün tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Multikulturalizm və tolerantlıq ideyalarının təbliğində medianın üzərinə böyük vəzifələr düşür. Bu gün Azərbaycan mediası da bu vəzifələrin öhdəsindən gəlməyə çalışır.

Azərbaycan tarixən çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan multikulturalizm bugünkü həyatımızda da alternativi olmayan həyat tərzinə çevrilib. Bu işdə, əlbəttə ki, medianın rolu çox böyükdür. Çunki media bu dəyərləri formalaşdıran vasitələrdən biridir.  Azərbaycanda multikulturalizmin inkişaf etməsi, onun cəmiyyət tərəfindən dəstəklənməsi kimi incə məsələlər, həm də müxtəlif sahələr üzrə inkişafımızı istəməyən qüvvələrin qısqanclığına səbəb olur. Hazırda dünyada yaranan xaosun əsas motivi də, məhz həmin qüvvələr tərəfindən məzhəb fərqliliyi üzərində böyük terror poliqonu yaradılması yolu ilə dünyanı idarə etmək niyyətindən irəli gəlir.

Bu gün bəzi Avropa dövlətlərində açıq şəkildə müşahidə olunan islamofobiya mühit öz siyasi fəaliyyətləri ilə Avropada fərqliliklərə dözümsüzlük nümayiş etdirir, qarşılarındakı digər sivilizasiyaları hədəf götürürlər. Bu da heç şübhəsiz ki, sonunda faciələrlə nəticələnir. Məsələn, bir məqama diqqət yetirək: XX əsrin 90-cı illərində Ermənistanın təcavüzü nəticəsində 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşən 8 milyonluq əhalisi olan Azərbaycan (təxminən əhalinin 13 faizini təşkil edir) belə bir ağır müharibə vəziyyətində olarkən həm də qonşu və digər yaxın ölkələrdə gedən hərbi münaqişələrdə zərər çəkmiş(Çeçenistan müharibəsi zamanı) on minlərlə qaçqına öz qapılarını açdı və sığınacaq verdi. Ancaq bu gün nələri müşahidə edirik? 500 milyonluq əhalisi olan Avropa İttifaqının bəzi dövlətləri multikulturalizm və tolerantlıq dəyərlərindən ağızdolusu danışmaqlarına baxmayaraq, ona üz tutan 1,5 milyon qaçqına (təxminən əhalinin 0,3 faizi edir) sığınacaq verməkdən imtina edir, sərhədlərini köməyə ehtiyacı olan insanların üzünə bağlayır. Halbuki İkinci Dünya müharibəsi dövründə elə həmin Avropa ölkələrindən milyonlarla qaçqın Şərqə üz tutub və Şərq ölkələri bu insanlara sığınacaq verib. Bu bir daha sübut edir ki, bəzi Qərb ölkələrinin davam etdirdikləri islamafobiya siyasəti yanlışdır və dünyada faciələrin artmasına yol açır.

Bu gün Azərbaycan dövlətinin nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq nümunəsi isə tam əksinə, ölkəmizin müsbət imicini formalaşdırır, beynəlxalq nüfuzumuzu daha da artırır. Azərbaycanda yaşayan etnik qruplar, müxtəlif dini məzhəblərin nümayəndələri, azsaylı xalqlar ölkəmizdə bütün tarix boyu sülh və əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində fəaliyyət göstərib, göstərir və bundan sonra da göstərəcəklər. Bu da onu deməyə əsas verir ki, ölkəmiz dünyada təkcə "qara qızıl" ixracatçısı deyil, həm də multikulturalizm və tolerantlıq modelinin aparıcı ixracatçısına çevrilib. Bu məsələlərin təbliği baxımından isə əsas güc Azərbaycan mediasının üzərinə düşür. Hesab edirik ki, Azərbaycan mediası multikultural dəyərlərin təbliği, multikulturalizmin Azərbaycanın özünəməxsus cəmiyyət quruluşu modeli kimi təqdim olunması istiqamətində siyasi aspektləri çox gözəl işıqlandırır. 

Bununla belə, Azərbaycan mediasının qarşısında duran əsas məsələlərdən biri də Azərbaycanın islam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək, xalqımızın dözümlülük mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaq, eyni zamanda, dünyada qlobal problemə çevrilmiş dini radikalizm və zorakı ekstremizmin kökünün kəsilməsi istiqamətində birgə həll yollarını axtarıb tapmaqda dövlətə yardım etməkdir.

Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində də mühüm işlər görür. Ölkə rəhbəri bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü il noyabrın 27-də imzaladığı sərəncam bu nöqteyi-nəzərdən çox böyük əhəmiyyət daşıyır. Bu Sərəncama əsasən, dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılaraq islam və qeyri-islam dini icmaları tərəfindən təqdim edilən müxtəlif layihələr, yüzlərlə tədbir həyata keçirilib. Belə tədbirlərdə cəmiyyətin dini məlumatlarının artırılması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi, xurafat və radikalizmlə mübarizədə öz müsbət təsirini göstərir. Bütün bunlarla yanaşı, dövlətin din siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi və ənənəvi dini dəyərlərimizi cəmiyyətə düzgün çatdırmaq məqsədilə mütəmadi maarifləndirici tədbirlər həyata keçirir, bu sahədə müxtəlif nəşrlər çap etdirir, layihələri dəstəkləyir. Təbii ki, dini maarifləndirmə sahəsində fəaliyyəti təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirmir, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu istiqamətdə böyük işlər görülür.  Bütün bunlar Azərbaycanda tolerant və multikultural dəyərlərə verilən mühüm dəyərin nəticəsidir.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi

Fondunun maliyyə dəstəyilə çap olunub

 

Yazarlar