Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda “təlimçi” BOLLUĞU: “Onların cəzasını müştəri özü verəcək”

  21
10:30 06-12-2017
Şriftin ölçüsünü dəyiş  

Hazırda ölkәdә “tәlimçi” bolluğu yaşanmaqdadır. Xüsusilə də gənc təlimçilərin fəaliyyəti, təşkil etdikləri pulsuz seminarlar əksər insanları cəzb edir.

 

Halbuki adını tәlimçi qoyanlar  bu gün sadәcә dinlәyicinin vaxtını almaqla mәşğuldur. Hətta kifayət qədər təcrübəsi olmayan, məzun ikən təlimçilik peşəsinə yiyələnənlər də az deyil.

 

Marketinq üzrə fəlsəfə doktoru, biznes təlimçi  İlkin Manafov Modern.az-a açıqlamasında bildirib ki, təlimçinin  bilik və bacarıqları aşağıdırsa, onun yanına gələn adamların sayında azalma müşahidə ediləcək:

 

“Təlimçilər öz biliklərini pul müqabilində satan insanlardır. Burada pul dediyimiz zaman söhbət yalnız kağızdan getmir. İnsanların  diqqəti,  fikri, hörməti də önəmlidir. Təlimçi öz xidmətini nəyinsə qarşılığında  təklif edir. Bu  proses belə olduğu halda bazar iqtisadiyyatının şərtlərinə tam uyğunlaşır. Bu gün təlimçinin  bilik və bacarıqları, təcrübəsi aşağıdırsa, onsuzda tezliklə onun yanına gələn adamların sayında azalma müşahidə ediləcək. Amma bu işin müsbət tərəflərini də görmək lazımdır. 

 

Gənc təlimçi bu gün gənc olduğuna görə təlimlər keçərək zamanla peşəkar təlimçiyə çevrilə bilər. Peşəkar olmaq üçün gözləmək, çox kitab oxumaq, hərəkətsiz qalmaq lazım deyil. Bundansa təlim  keçməli, problemləri aşkar etməli və səhvləri düzəldərək peşəkar təlimçi olmalısan”.

 

İ.Manafov qeyd edib ki, yaxşı təlimçi olmaq üçün ciddi təcrübəyə ehtiyac var:

 

“Amma adi , heç kimin hörmət etmədiyi, ucuz qiymətə seminarlar keçərək təlimçi olmaq üçün təcrübə önəmli deyil. Onsuzda təcrübəsiz təlimçilərin cəzasını müştəri özü verəcək. Siz o yerə gedərsiniz ki, orada sizə fayda vəd edilib.

 

Öncə qeyd edim ki, təlimçi çox zaman peşəkar biznes adamı olmaya da bilər. Bizim danışdığımız təcrübə təlimçi təcrübəsidir.  Biznesdən anlayışı olan, bu istiqamətdə peşəkar biliklərə malik o qədər insan var ki,  heç zaman təlim deyə bilməzlər.  Yaxud əksinə biznesi olmayan, amma mükəmməl təlimçilik qabiliyyətinə malik olan insanlar da var.  Təlimçilik peşədir. Buna görə də söhbət peşə ilə əlaqəli təcrübədən gedir.

 

Bu nöqteyi-nəzərdən əlbəttə, təlimçinin mükəmməl nitqi, inandırma  bacarığı,  görünüşü, danışdığı mövzuda bilikləri və təcrübəsi olmalıdır. Təlimçi təcrübəsi əldə etmək üçün isə gənclər təlimlər, seminarlar keçməlidir”.

 

Müsabimiz düşünür ki, təlimçilər üçün peşə məktəbi yaradılsa, daha yaxşı olar:

 

“Əslində xarici ölkələrdə bu cür təcrübələr mövcuddur.  Digər ölkələrdə təlimçilər üçün təlimlər keçirilir, bu peşə öyrədilir. Hesab edirəm ki, tezliklə bu, Azərbaycanda da yaradılacaq. Hətta buna ehtiyac varsa, onsuzda yaranacaq.

 

Təlimçinin sertfikatı təlim zamanı verdiyi bilikdir. Bu biznesdir və burada kağızlar işləmir. Ümumiyyətlə Azərbaycanda təlim sahəsini müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu sahə gün keçdikcə daha da aktuallaşır və təlimçilərimizin səviyyəsi artır”.

 


Yazarlar