Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda tarixi ənənəyə söykənən
uzunəsrlik tolerantlıq mühiti formalaşıb

  26
18:52 01-12-2017
Şriftin ölçüsünü dəyiş  

Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə
zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur

 

Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi ilə tanınır və bununla da ölkəmiz dünyaya sülhü təbliğ edir. Bu da təbiidir. Çünki ölkəmizdə bütün din sahibləri, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.

Ölkəmizdə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir ölkə olub və olaraq da qalır.

Azərbaycanda tarixi ənənəyə söykənən uzunəsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir ki, ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Xalqımız qonaqpərvər, sülhsevər və humanist olduğundan, tolerantlığa və multikultural dəyərlərə yüksək qiymət veridiyindən respublikamızda yaşayan bütün xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər. Ölkəmizdə azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb.

Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirirlər. Bu da ondan irəli gəlir ki, ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab edir, burada özlərini azad, sərbəst hiss edir, onun müdafiəsini də Vətən qarşısında müqəddəs borc sayırlar. Tolerantlıq və multikulturalizm həm Azərbaycanda, həm də bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəlik bir anlayışdır.

Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Buna görə də yüksək multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı, bu fenomeni öz həyat tərzinə çevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi öz təsdiqini tapıb. Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır.

O, həm də müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə bağlıdır. Bu elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edir, eyni zamanda xalqlar və millətlər, eləcə də dinlərarası inteqrasiyanı dəstəkləyir. Buna görə də bu siyasəti, təkcə siyasi elita deyil, eyni zamanda milli və dini azlıqlar da dəstəkləyirlər.

Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyini özündə ehtiva edir. Vicdan azadlığı, insanların sosial və iqtisadi rifahının yüksəlməsi və qanunun aliliyi prinsiplərinin gerçəkləşməsi isə demokratiyanın əsas göstəriciləridir. Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı, məhz çoxmədəniyyətliliyin hansı səviyyədə təmin edilməsi ilə bağlıdır. Çünki multikulturalizm cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, bir sözlə, ədalətin bərqərar olması deməkdir. Onu da qeyd edək ki, multikulturalizm haqqında müzakirələrin təşkil edilməsi, həm də dünyada ədalətə və sülhə çağırışdır.

Ölkəmizin tolerant dövlət kimi formalaşması, multikultural dəyərlərə böyük önəm verməsi və bu sahədə apardığı uğurlu siyasət dünya birliyinə bir örnəkdir, nümunədir. Bu gün dünyada qlobal səviyyədə baş verən antisemitizm, dözüm-süzlük hallarının aradan qaldırılmasına multikulturalizmin Azərbaycan modeli tətbiq edilə bilər. Çünki Azərbaycan xalqını digərlərindən fərqləndirən əsas məqamlardan biri də, multikultural dəyərlərin yüksək səviyyədə olmasıdır. Belə ki, xalqımız əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə qarşı tolerantlıq nümayiş etdirib.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, bu gün açıq şəkildə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq mühiti ölkəmizdə məhz ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində qurulub. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərliyi və eyni statusa malik olmaları da, ulu öndər Heydər Əliyevin xidmətidir.

Heydər Əliyevin bu xidmətlərini, təkcə ölkəmizdə yaşayan xalqların və dinlərin nümayəndələri deyil, eləcə də ölkəmizdə qonaq olan bir çox din və siyasət xadimləri də yüksək qiymətləndirirlər. Məsələn, Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında Ümummilli lider Heydər Əliyevin mühüm rol oynadığını vurğulayaraq deyib: "Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranan dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanan təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır".

Azərbaycanda dini tolerantlığın formalaşmasında Heydər Əliyevin xidmətini yüksək dəyərləndirən Ümumgürcüstan Katalikos Patriarxı II İlya Azərbaycanda mövcud olan dini tolerantlıqdan və bu sahədə Heydər Əliyevin və onun davamçılarının xidmətindən bəhs edərək deyib: "Bu gün Azərbaycanda mövcud olan tolerant mühitin formalaşmasında Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın öz ənənəvi dəyərlərini qoruyub saxlamaqla müasir dünyanın çağırışlarına ləyaqətli cavab verə bilməsi, şəxsən onun və onun davamçılarının müdrik və uzaqgörən siyasətinin nəticəsidir".

Heç şübhəsiz ki, Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə etdiyi nadir təcrübə, ölkə xaricində də yüksək qiymətləndirilir və tanınır. Bunun bariz nümunəsi kimi Roma-katolik Kilsəsinin başçısı II İohann Pavelin 2003-cü ilin mayında Bakıda olarkən dediyi fikirləri xatırlatmaq kifayətdir: "Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranan əlverişli şəraitin təbii təzahürüdür".

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı tarixi bağlılıqları, məişəti, adət-ənənələri, həyat və düşüncə tərzi ilə bir cox xalqlardan fərqlənir. Dinimiz İslam, soykökümüz Türk olsa da, Qərblə də mədəni, iqtisadi-siyasi bağlılığımız var. Deməli, bizim bir xalq kimi formalaşmağımız bu göstərilənlərin kompleks təsiri altında baş verir. Onların hər biri bizə bir xalq, millət və dövlət kimi təsir göstərir. Azərbaycan xalqı zaman-zaman müxtəlif təsirlərə, təzyiqlərə məruz qalsa da, özünəməxsus köklü adət-ənənələrini günümüzə qədər qoruyub saxlamağı bacarıb.

Ulu Öndər Heydər Əliyev dövlətçilik konsepsiyasında mövcud olan bir sıra problemlərin həllinə kompleks yanaşıb, onun milli-hüquqi dövlət konsepsiyasının mənəvi əsaslarını açıb göstərib. Çünki bir tərəfdən xalqın rifahı, həyatının real səviyyəsi və keyfiyyəti, digər tərəfdən isə milli və bəşəri dəyərlərlə zənginləşən mənlik şüuru xalqın dövlətçiliyinin məzmununu müəyyənləşdirən amillər kimi qəbul olunur. Azərbaycan xalqı Qafqaz xalqları arasında xüsusi yer tutan xalqdır.

Qafqaza xas olan bir çox etnik birliklərin sivilizasiyalararası dialoqu şəraitində hər bir Qafqaz xalqlarının mentaliteti özlərində əsrlərin dərinliklərindən gələn ideya və xüsusiyyətləri, tarixi təsəvvürləri, sosial və əxlaqi norma və dəyərləri əks etdirir. Bu mentallıq özündə həm də Qafqaz ənənəviliyini və mənəvi qohumluğunu, ümumqafqaz tarixinə bağlılığı birləşdirir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar