Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gülüstan xanım:"Mən bacarmadığım işə söz vermərəm,
verdimsə sözümə əməl etməliyəm"

  17
04:04 16-11-2017
Şriftin ölçüsünü dəyiş  

Gülüstan xanım: "İndiki tamaşaçısı 70-ci illərin tamaşaçısı kimi oturub,

hadisələrin axınını izləmək səbrinə malik deyil, hövsələsizdir"

 "Hər gün yuxudan ayılıb deyirdim:"Mən hələ sağam?!... Mən niyə ölmədim bəs?!... O getdi, mən niyə qaldım axı?!... Həyat dayanmadı, davam etdi Fatimə, mənim yoldaşım Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olarkən, iyirmi üç yaşım vardı... Qucağımda qırx günlük körpə ilə qaldım... Çox əzablı, acılı günlər yaşadım... Ölmədim... Dörd yerdə işlədim əzmlə, səbrlə... Dözdüm, ayağa qalxdım... Demək insan, ölməyibsə, yaşamalıdır! Demək, insan Allahın təqdirindən qaça bilmir, bilməz! Sən də, önə bax və yaşa!"....

Sükanı idarə edən bu gözəl xanım, səmimi insanın gözləri xəfif dolmuşdu..."Söz dəstgahı"verilişimin ilk buraxılışı və ilk qonağı haqqındadır bu məqaləm... Səhnəmizin Leylisi Gülüstan xanım haqqında...

(Müsahibədən)

-Gülüstan xanım, sizə görə söz nədir?!

-Mənə görə söz, insanın insanlığına möhür vuran məvhumdur.... Söz çox dəyərli nemətdir. Necə ki, Füzuli söyləmişdi: "Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirrdir kim olur, hər ləhzədə düşvar söz... Sözün qüdrəti çox böyükdür.

-Sözünüzün ağasısınız?

-Mən bacarmadığım işə söz vermərəm, verdimsə sözümə əməl etməliyəm.

-Sizə görə musiqi sözə ehya verir, yoxsa sözdür musiqinin bəzəyi?

-Bu bir quşun iki qanadına bənzəyir, hər ikisi məna, ahəng baxımından həmrəng olunca, gözəl əsər ərsəyə gəlir. Rəhmətlik Bəxtiyar Vahabzadə demişdi: "Mən nə qədər gözəl yazdım, lakin müğənni qədər şöhrətli olmadım. Çünki, musiqi və sözü də dinləyiciyə gözəl şəkildə təqdim edib, ruhuna sirayət edən kəs də, müğənnidir. Burda onun rolu mühümdür.

-Oxuduğunuz hansı mahnıdır ki, sanki özünüzü ifadə etmisiniz? Öz taleyinizi, yaxud ruhunuzu?

-Demək olar ki, əksər mahnılarımda...

-Varmı elə bir tələbəniz ki, onda özü-nüzü görürsünüz?

-Dövran həmişə istedad yetişdirmir əfsus. Var talantlı gənclərimiz. Hansınınsa jestində, manerasında, oxu tərzində oxşar, oxşatmağa cəhd görürəm və bu çox xoşdur. Mən arzu edirəm ki, hər bir istedadlı gəncin özünün fərdi yolu, fərdi tərzi olsun...

-Sənətə gəlməkdə səsinizdən qeyri kimə və nəyə borclusunuz?

-Təbii ki, istedad olmasaydı, heç kimin və heç nəyin yardımı toxunmaz və faydasız olardı. İlk növbədə valideynlərimə. Onlar mənə çox dəstək olublar, daim. Bu özü də bir şansdır, valideynin səni başa düşür, sənin arzuna, amalına doğru yolda dəstəkləyir .

-Siz səhnəmizin növbəti Leylilərindənsiniz və bu rolu layiqincə oynamısınız, gözəl ifa etmisiniz... Dövrümüzün müasir şair-qəzəlxanı var... Elsevər Əhliqürbət. O "Leyli və Məcnun" formatlı, internet dövrünü, zamanın aktual problemlərini, ailə-məişət, habelə ictimaiyyətdə insan həyatına çox güclü şəkildə mənfi təsirləri olan adət-ənənə, mentalitet qadağalarını əks etdirən bir poema yazır.Təbii ki, əsərin əsas süjet xətti iki gəncin bir-birinə olan hissləri üzərində qurulub. Poemanın adı"Aşiq və Məşuq"dur. Necə düşünürsünüz bu əsəri dramaturgiyaya gətirsək, maraqlı olacaqmı?

-Niyə də olmasın? Əlbəttə maraqlı və çox da baxımlı olar. Bu gün dünyanın bir çox ölkələrində klassik əsərləri yeni formatda, tam müasir şəkildə səhnələşdirirlər. Hələ, illər öncə Vianada "Arşın mal alan"ı rejissor Hafiz Quliyev tam yeni dekor, yeni musiqi, yeni mizanlarla  səhnələşdirmişdi. Hətta, bir çoxları narahat idi, bu yenilik necə qarşılanar deyə.

Ümumiyyətlə, Füzuliyə qədər "Leyli və Məcnun"u bir çox şairlərimiz işləyiblər, lakin Füzuli və Hacıbəyov tandemi sırf şərqin ilk operasının tarixini yazdı və bu günümüzə qədər "Leyli Məcnun"yenilənir, ildən-ilə yeni çalarlar qatılır bu operaya. Mən özüm 22 il ərzində iki dəfə Leylini hər iki formada ifa etmişəm. Bir köhnə, mənə qədərki klassik formada, bir də yeni.

Lazımdır bu yeniliklər. Mən həmişə bir misal çəkirəm, Vidadi Babanlı"Vicdan susanda"əsərinin ikinci redaktəsini mənə hədiyyə etmişdi. Bir gün evdə oxuyurdum. Oğlum mənə, "Ana, niyə əziyyət çəkib o uzunluqda dərci oxuyursan?... Əvvəlini, ortasını və sonunu oxu, yetər..." -dedikdə, mən əmin oldum ki, bu günün gəncliyi, dövrümüzün tamaşaçısı 70-ci illərin tamaşaçısı kimi oturub, hadisələrin axınını izləmək səbrinə malik deyil.

Hövsələsizdir, çünki bu gün informasiya tezliyi, dinamik həyat insanları buna sövq edir. Bu gün istədiyimiz məlumatı internetdən tapıb, onun məğzi, süjet xətti ilə çox rahat tanış ola bilirik. Elə sualınıza istinadən, onu da qeyd edim ki, bizim gözəl bəstəkarımız Firəngiz Əlizadə elə Almaniyada ikən "İntizar" operasını tam yeni versiyada, yeni formatda yazmışdı ki, opera çox maraqla qarşılandı. Yeni işıq kölgələri, müasir musiqi, müasir dekor və bir çox pərdələrin uzun-uzadı deyil, kompaktlaşmış, daha lakonik şəkildə insanlara çatdırılması, məhz bu operanın bir çox dünya ölkələri tərəfindən  sevilməsinə zəmin yaratdı. "Aşiq və Məşuq"da yeni bəstəkar, rejissor, aktyor truppası müdaxiləsi ilə zövq oxşayacaq bir material kimi ərsəyə gələcəyinə inanıram.

Qeyd: "Söz dəstgahı"verilişimin ilk qonağı olan bu gözəl insan, gözəl xanım səsləndirdiyim şeirlərə öz ecazkar avazı, canlı ifaları ilə ayrı bir ahəng qatdı...  Xoş aurasıyla bizə xoş anlar bəxş etdiyinə görə ona sonsuz təşəkkürlər....

 Məqaləni hazırladı:

Fatimə ƏliHüseyn

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli