Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tolerantlığın və multikulturalizmin
təbliğində media əsas amillərdən biridir

  11
18:59 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

Avropa Şurası Azərbaycanda milli azlıqların hüquqlarının qorunması

sahəsində heç bir problemin olmadığını birmənalı qeyd ediblər

 

Hər bir dövlətin demokratik inkişafının bir meyyarı da, ərazisində yaşayan azsaylı xalqlara münasibətidir. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikası da var. Bu gün Azərbaycan yerli aborigen tayfa birləşmələri və xalqları ilə yanaşı öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların doğma vətəninə çevrilib.

O da bəllidir ki, hər bir xalqın mədəniyyətinin tanıdılmasında, təbliğində kütləvi informasiya vasitələrinin rolu çox böyükdür.

Əgər mədəniyyət baxımından mürəkkəb vəziyyət yaranırsa, bu vəziyyətin şərh olunmasında, geniş ictimaiyyətə çatdırılmasında medianın, bu barədə yazan, televiziya və radio üçün materiallar hazırlayan jurnalistlərin üzərinə də, mühüm məsuliyyət düşür.

Bu, Qafqaz kimi müxtəlif xalqların və millətlərin birgə yaşadığı, etnik baxımdan çox zəngin region üçün də xüsusilə əhəmiyyət daşıyır.

Görəsən, Azərbaycanda, kütləvi informasiya vasitələrinin azsaylı xalqlara münasibəti,  onlarla əməkdaşlıq səviyyəsi hansı vəziyyətdədir?

Bu sualları ilk öncə etnik mədəniyyətlərin carçısı olan İctimai Televiziya və Radio Yayımları şirkətinə ünvanladıq. Şirkətdən məsələyə münasibət bildirərək qeyd etdilər ki, Azərbaycanda KİV-lər hər zaman ölkəmizdə yaşayan azasaylı xalqlara qarşı həssaslıq nümayiş etdirib, etnik xalqların mediada söz haqqını tanıyıblar. O cümlədən İctimai Televiziya və Radio şirkəti də cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən, tamaşaçıya və dinləyiciyə yalnız həqiqəti çatdıran, vətəndaş cəmiyyətinin formalaşmasına və siyasi plüralizmə əsaslanan kütləvi informasiya vasitəsi olaraq, ölkə teleməkanında ilk dəfə olaraq, milli azlıqlar üçün müxtəlif məzmunlu və formatlı verilişlər yayımlayıb və onların təbliğinə və tanıdılmasına xususi diqqət yetirib. Bu verilişlərin hazırlanması işi professional jurnalistlərə həvalə olunub. İstedadlı jurnalistlər və rejissorlar tərəfindən hazırlanan verilişlərdə milli azlıqların, azsaylı xalqların və etnik qrupların tarixi, adət-ənənəsi, dini, dili, mədəniyyəti, folkloru, mətbəxi haqqında məlumatlar geniş əksini tapıb. Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaxlar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udilər, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dag yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska türkləri, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan ruslar, ukraynalılar, polyaklar, almanlar, gürcülər, tatarlar, eləcə də taleyini əbədi olaraq yurdumuza bağlayan digər xalqlar haqqında hazırlanan verilişlər, təkcə həmin xalqların nümayəndələri tərəfindən deyil, bütövlükdə cəmiyyətimiz tərəfindən də çox böyük maraqla qarşılanır.

"Yeni fikir" Jurnalist Həmrəyliyi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Qax, Zaqatala və Balakən rayonlarında "Milli mənəvi dəyərlərin, azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasının milli azlıqlar arasında təbliğinə dəstək" layihəsini həyata keçirməsi də, bu baxımdan təqdirəlayiq təşəbbüsdür. Layihənin məqsədi və qarşıya qoyulan hədəflər barədə məlumat verən İctimai Birliyin sədri, layihənin rəhbəri Elmira Mehdiyeva  bildirib ki, şimal-qərb bölgəsində yaşayan əhalinin xeyli hissəsini milli azlıqlar təşkil edir. Avar, ingiloy, saxur, gürcü və digər millətlərin nümayəndələri bölgə rayonlarında toplum halında yaşayırlar. Onlar Azərbaycan vətəndaşlarıdır və ölkəmizdə rahat yaşamaları, öz mədəniyyətlərini dirçəltmək və dillərini inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb.

Layihənin əsas məqsədi xalqımıza xas milli mənəvi dəyərlərin, həmçinin azərbaycançılıq məfkurəsinin bölgədə yaşayan milli azlıqlar arasında geniş təbliğinə nail olmaqdır. Çünki Azərbaycan bu bölgədə yaşayan bütün milli azlıqların da Vətənidir. Onlar da özlərin Azərbaycanda öz doğma vətənlərindəki kimi hiss edirlər. Buna səbəb isə Azərbaycan dövlətinin və xalqının ölkəmizdə yaşayan xalqlara tolerant münasibətidir. Vətəni sevmək üçün ilk növbədə, azərbaycançılıq məfkurəsinə yiyələnmək lazımdır.

Bu məfkurəyə yiyələnmək, onu təbliğ etmək üçün isə əsas şərt canlı ünsiyyətdir. Layihə çərçivəsində Zaqatala rayonunun Mazıx, Suvagil, Qax rayonunun Qum, Balakən rayonunun Katex, İtitala kəndlərində "dəyirmi masa"ların keçirilməsi, gənclərin Qax rayonunun İlisu kəndində yerləşən "Sumuq qala" tarixi abidəsinə ekskursiyasının təşkili bu ünsiyyətin genişləndirilməsinə xidmət edir. Bu tip layihələrin həyata keçirilməsi sayəsində milli azlıqların nümayəndələri yaşadıqları bölgənin tarixi, qədim abidələri barədə geniş məlumatlar əldə edir, onlarda Vətən sevgisi, vətəndaşlıq hisləri güclənir, azərbaycançılıq ideologiyası barədə daha geniş məlumata malik olurlar.

Bu baxımdan Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılanması məqsədilə maarifləndirmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində tədbirini jurnalistlər, QHT rəhbərləri, politoloq və ictimai fəallar arasında keçirməsi də diqqət çəkir. Bu layihənin də məqsədi ölkəmizdə yaşayan azsaylı xalq, milli azlıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə yardım etmək olub. Çünki gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti çox böyükdür və bu işdə KİV-lər də, QHT-lərə yardım etməlidirlər.

O da məlum həqiqətdir ki, tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərinin həlli 1994-cü ildən sonra prezident Heydər Əliyevin iradəsi, uzaqgörən siyasəti ilə həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradılıb. Bu məqsədlə onlara müxtəlif formada maliyyə yardımları göstərilib. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlərlə təmin olunublar. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlanıb, kitabların, qəzetlərin nəşri üçün dövlət büdcəsindən vəsait ayrılıb, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materialların hazırlanmasına şərait yaradılıb, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verilib. 1994-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrilib.

Prezident İlham Əliyev də bütün çıxışlarında Azərbaycanda heç vaxt dini və milli zəmində ayrı- seçkiliyə yol verilməyəcəyini bəyan edib. O, bildirib ki, hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən milliyətindən aslı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə də davam etdiriləcək.

Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar və kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar. Hazırda dövlətin hansı prinsiplərə uyğun şəkildə idarə olunması, həm də bu və digər milli azlıqlara qarşı münasibəti əsasında qiymətləndirilir.

Qeyd edək ki, ölkə prezidentinin 2001-ci il Sərəncamı ilə hazırlanan "Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı" Avropa Şurası tərəfindən müsbət qarşılanıb. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmamasını birmənalı qeyd ediblər.

Bunula yanaşı, ölkəmizdə tolerantlığın və multikulturalizmin qorunması, inkişaf etdirilməsi və təbliği baxımından görülən işlər də, beynəlxaq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli