Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Birinci Mina

  11
17:35 14-11-2017
Şriftin ölçüsünü dəyiş  

7 yaşlı uşağın qazandığı uğurlar haqqında nə yazmaq olar? Yaşıdları arasında əlaçıdır, yazdığı şeir məktəbin divar qəzetinə vurulub, çəkdiyi şəkillər müəllimlərin xoşuna gəlir... Uzaqbaşı bu qədər.

Mina Abbasova isə bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan yaşıdlarından çox fərqlənir. Onun haqqında mediada tez-tez xəbərlərə rast gəlmək olur, çünki Mina idmançı kimi qatıldığı yarışlardan medalla qayıtmağı yaxşı bacarır. Necə deyərlər, bu balaca qızcığazın əli qızılla, gümüşlə oynayır...

5 yaşından bədii gimnastika ilə məşğul olan Mina artıq bir neçə beynəlxalq turnirin ən yüksək pilləsinə yüksəlməyi bacarıb. Bir neçə gün öncə o, növbəti böyük qələbəsini qazanıb, Macarıstanın Pecs şəhərində keçirilən Bədii Gimnastika üzrə XIII Beynəlxalq Pecs Kubokunun qalibi olub.

Mina Abbasova bu nüfuzlu turnirdə Macarıstan da daxil olmaqla dünyanın 15 ölkəsindən gələn idmançılarla yarışıb, buna baxmayaraq Rusiya, Almaniya, Belçika, Polşa, Avstriya, Slovakiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Hersoqovina, İsveç, Moldova, Birləşmiş Ərəb Əmirlikləri və s. dövlətləri təmsil edən gimnastlardan üstün olub, sonda qızıl medalın boynundan asıb.

Mina Abbasova valideynlərinin işi ilə bağlı bir neçə ildir ki, Macarıstanda yaşayır və paytaxt Budapeştin Rytmic Gymnastic Sport Klubunda bədii gimnastika ilə məşğul olur.

Klubun rəhbəri Lyubov Bernat və məşqçi İqna Mackuz azərbaycanlı gimnastın gələcəkdə daha böyük uğurlar qazanacağına ümid edirlər. Bu müddət ərzində Minanın təkcə yaşadığı Macarıstanda deyil, Almaniyada, Çexiyada, Serbiyada əldə etdiyi nəticələr bunu deməyə əsas verir.

Avropada adından söz etdirməyi bacaran 7 yaşlı idmançı bu ilin sonuna kimi daha bir neçə nüfuzlu yarışda iştirak edəcək. Balaca soydaşımız dekabrın 9-da Budapeştə keçiriləcək VIII Beynəlxalq “Mikulas” turnirində, ayın 16-da isə Lüksemburqa düzənlənəcək yarışda medallar uğrunda qüvvəsini sınayacaq.

Ötən il valideynləri ilə bir neçə günlüyə Bakıya gələn balaca Mina verdiyi müsahibədə ən böyük arzusunu belə ifadə etmişdi: “Dünyanın ən böyük turnirlərində Vətənim Azərbaycanı təmsil etmək istəyirəm. Arzum budur ki, qazanacağım qələbələrin şərəfinə üçrəngli bayrağımız qaldırılsın, Dövlət Himnimiz səsləndirilsin”.

7 yaşı olmasına baxmayaraq artıq böyük uğurlara imza atmağı bacaran Mina Abbasovanın yaxın zamanlarda bu arzusuna çatacağına da inanırıq. Həmişə birinci olmaq sənə çox yaraşır, Mina!

Etibar Cəbrayıloğlu   

    


Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli