Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda milli və
dini tolerantlıq hökm sürür

  14
18:07 13-11-2017
Şriftin ölçüsünü dəyiş  

Tolerantlığın, multikulturalizmin, eləcə də İslam dininin qorunmasının yollarını tapmalıyıq

 Azərbaycan demokratik, başqa xalqlara, dinlərə saygı ilə yanaşan bir dövlətdir. Bu prinsip dövlətimizin qanunlarında da öz əksini tapıb. Çünki, respublikamız çoxmillətli, çoxdinli bir ortama sahibdir. Azərbaycanda milli və dini tolerantlıq hökm sürdüyündən bu münasibətlərdən sui-istifadə halları da az olmayıb.

Bu baxımdan müstəqilliyin ilk illərində qeyri-ənənəvi təriqətlərin, sektaların, eləcə də missioner təşkilatların respublikamıza ayaq açması, neqativ bir hal kimi daim yaddaşlarda qalacaq. Eyni zamanda, Azərbaycan dövləti nə qədər tolerant olsa da, ölkəmizdə xalqımızın dəyərlərinə, dövlətçilik prinsiplərinə zidd  fəaliyyətlərə heç zaman yol verməyib və bundan sonra da verməyəcək. Bildiyiniz kimi, ölkəmizdə "Dini Etiqat Azadlığı Haqqında" Qanun 1992-ci ildə qəbul edilib. Lakin bu qanunda bir sıra boşluqlar olduğundan təkmilləşdirilməsinə ehtiyac duyulub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanuna müəyyən əlavə və dəyişikliklər edilib. Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitutsiyasının 48-ci maddəsinin həyata keçirilməsi və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktının tələblərinə riayət olunması üçün münbit şərait yaradılıb. Azərbaycan dövləti çoxmillətli, çoxdinli bir məmləkət olaraq bu müxtəlifliyi qoruyur. Məlumdur ki, tarix boyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri olub və milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib. Bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayıb, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstəriblər.

Bu proses minilliklər boyu davam edib və tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf etdirilib. Ölkəmizdə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər, humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar da burada özlərini hərtərəfli ifadə edə biliblər. Çəpər-çəpərə yaşadığımız qonşularla hər zaman mehriban olduğumuzdan, onların hansı millətin nümayəndəsi, hansı dinin təmsilçisi olmasına elə də böyük əhəmiyyət verməmişik. Yüzilliklər bir-birini əvəz etsə də, Azərbaycan xalqı öz humanist mövqeyində qalıb, nəsillər babalardan əmanət qalan ənənəni davam etdiriblər. Əsrlər boyu Azərbaycan bir çox millətlərin, müxtəlif dinlərin nümayəndələrinin dinc, əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi başqa respublikalara böyük bir örnək olub. Bu da bəlli bir həqiqətdir ki, münbit yerlərə hər kəs can atar, toxumlar da münbit torpaqlarda daha yaxşı cücərər, bar verər. Azərbaycan dövləti də, burada məskunlaşan, Azərbaycan xalqı ilə qaynayıb-qarışan xalqlar üçün belə münbit bir ölkədir və burada öz yaşamlarını heç bir təhdid və təzyiq hiss etmədən sürdürə bilirlər.

Bunun nəticəsidir ki, ölkəmizdə tolerantlıq hakimdir, müxtəlif dinlərin nümayəndələri arasında birlik və mehran münasibət var. Bu münasibətlərin pozulmasına çalışan radikal qrupların niyyətlərinin qarşısı vaxtında alınmalıdır. Ona görə də dini təhsil və dini kadrların hazırlanması çox ciddi məsələdir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda, xarici ölkələrdə dini təhsil almış və hazırda da təhsil alan gənclərimiz var. Lakin ölkəmizdə mövcud olan qanunlar onlara Azərbaycana qayıtdıqdan sonra məscidlərdə, dinlə bağlı yerlərdə çalışmağa, dini ayin və mərasimlərin icrasına rəhbərlik etməyə imkan vermir. Azərbaycanda dini ayinləri, yalnız ölkə daxilində dini təhsil alan şəxslər apara bilər. Buna görə də biz, ilk növbədə milli dini kadrların hazırlanması sahəsində əsaslı dəyişikliklər etməliyik. Bu o demək deyil ki, biz kimlərinsə hüquqlarını pozuruq, əksinə Azərbaycan tolerant ölkədir və burada heç bir dini qrupa qarşı heç bir təzyiq olmayıb, ola da bilməz. Əgər bu sahədə hər hansı bir tədbir görülürsə bu, yalnız qanuna uyğun şəkildə həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən elə xristian dini qruplaşmaları var ki, onların fəaliyyətinə heç xristian ölkələrində belə icazə verilmir. Onlar qeyri-ənənəvi xristian qrupları sayılaraq rədd edilirsə, həmin ölkələrdə insanlar arasında nifaqa çağıran, irqi ayrı-seçkiliyi təşviq edən bu cür dağıdıcı qrupların fəaliyyəti qanunla qadağan edilirsə, əlbəttə, biz də nə qədər tolerant olsaq belə, qapılarımızı onların üzünə aça bilmərik. İslam ölkələrində də, elə radikal qruplar var ki, həmin ölkələrdə onlara qarşı mübarizə aparıldığı halda, biz qapılarımızı onların üzünə aça bilmərik. Bizim siyasətimiz dövlətimizin milli maraqlarına söykənir. Tolerantlıq siyasəti də, bu maraqlara xidmət edir. Bizim maraqlarımıza zidd olan nə varsa, Azərbaycan xalqının arzusunu ifadə edərək onun qarşısında durmalıyıq. Milli maraqlarımıza toxunulan nə varsa ona qarşı çıxmalıyıq.

Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu gün, ölkəmizdə də tolerantlığımızı, milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərə rast gəlinir. Bizdə həmin təhdidlərdən qorunmaq üçün yollar arayıb tapmalıyıq. Tolerantlığımızın, multikulturalizmin, eləcə də İslam dininin qorunmasının yollarını tapmaq zorundayıq. Çünki milli-mənəvi dəyərlərimizi xarici təsirlərə məruz qoya bilmərik. Baxmayaraq ki, bu təsirlər müasir dünyamızın reallığıdır. Bu gün isə milli-mənəvi dəyərlərimizin başqa xalqların mənsub olduqları dəyərlərlə qovuşması prosesi gedir. Biz də dünyada gedən bu prosesdən kənarda deyilik. Ona görə də, milli-mənəvi dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri qorumaq üçün işlərin görülməsi vacibdir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi baş verə bilər. Biz bu gün Qərb mədəniyyətinin ciddi şəkildə dünyaya yayılması prosesini müşahidə edirik. Bu prosesdə xalq öz milli-mənəvi dəyərlərini qorumaq üçün lazımi tədbirlər görmürsə, onun mədəniyyəti də assimilyasiyaya uğraya bilər. Bu, qloballaşmanın böyük problemlərindən biridir. Din də də belədir. Ona görə, milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dinimizin, tolerantlığımızın qorunması bu gün qarşımızda duran əsas vəzifələrdən biridir. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi isə daha çox yerli kadrların üzərinə düşür. Buna görə də yerli dini kadrların hazırlanması ön plana çıxarılmalıdır. Eyni zamanda bu təhsil müəssisələrində elə bir mühit yaradılmalıdır ki, insanlar dini təhsil uçün xaraci ölkələrə üz tutmasınlar. Bu da məlum həqiqətdir ki, bir çox ölkələrdə məsələn, İranda, Türkiyədə, bir sıra ərəb ölkələrində dini təhsil pulsuzdur, bu səbəbdən də insanlarımız dini təhsil üçün həmin ölkələrə üz tuturlar. Bunun qarşısının alınmasının bir yolu da, Azərbaycanda da dini təhsilin pulsuz olmasıdır. Baxmayaraq ki, ölkəmizdə dövlət və din ayrıdır, bu məsələyə xüsusi diqqət yetirilməlidir.  Ən əsası dövlət dini təhsili himayəyə götürməlidir. Dini təhsilin dövlət tərəfindən himayəyə götürülməsi dedikdə, söhbət dövlət büdcəsindən vəsait ayrılmasından getmir. Bu məsələni büdcədən olmasa da, müxtəlif qrantlar ayırmaqla və ya fond yaradıb onun vasitəsilə həll etmək olar.  Bu yolla da biz həm gənclərimizin dini təhsil üçün xaricə üz tutmalarının, həm də ideoloji olaraq bizə yad, radikal məzhəb və ya təriqətlərin ölkəmizə müdaxilə etməsinin qarşısını ala bilərik. Lakin bu o demək deyil ki, bu yolla biz tolerntlıq prinsiplərindən kənara çıxırıq.

Azərbaycandakı dini, milli tolerantlığı, multikulturalizmi alqışlayan, onu təqdir edən məşhur yazıçı Leonid Zorin Bakı kimi tolerant şəhərdə, multikulturalizm adət-ənənələrinə malik ölkəmizdə yaşamağı arzuladığını xüsusi vurğulayıb. Leonid Zorin özünün məşhur "Avansena" romanında yazır ki, Bakıda yaşamaq böyük bir səadət, xoşbəxtlikdir. Bununla bağlı mətbuata açıqlama verən Leonid Zorin: "Bakı çox xoşuma gəldi, bu şəhər insanı özünə valeh edir. Adama elə gəlir ki, Bakıda nəhəng bir evə düşübsən. Bakı adlı bu ev adama o qədər doğmadır ki, şəhərin harasında olmasından asılı olmayaraq özünü doğma evinin bir guşəsində hiss edirsən. Bu şəhərdə xəstə adamların, ruhi-psixoloji baxımdan dəlilik hesab etdiyi millətçiliyə rast gələ bilməzsən. Bakının əsas "vizit kartı", burada yaşayanların pasportu "Mən bakılıyam, milliyətim bakılıdır" anlayışı olub",- deyib.

Zorinin bu dediklərini təsadüfi hesab etmək olmaz. Hər halda Leonid Zorin məşhur yazıçılardan biridir və ona nəyisə dedirtməyə ehtiyac yoxdur. Zorin qəlbinin hökmünə, vicdanının səsinə qulaq asaraq ölkəmiz haqqında belə xoş sözlər deyib.

Bu baxımdan Zorini alqışlmaq lazımdır. Ən azından ona görə ki, digərləri Zorin kimi ölkəmizdəki tolerantlığı layiqincə qiymətləndirə, ona layiq olduğu qiyməti verə bilmir, bu məsələdə ölkəmizə düşmən mövqedən çıxış etməyə üstünlük verirlər. Lakin Azərbaycanın dini, milli tolerantlığı və multikulturalizm modelini gözdən salmaq heç kəsə nəsib olmayıb və olmayacaq.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli