İslamafobiya əsası
olmayan idealogiyadır

İslamafobiya əsasıolmayan idealogiyadır
 

Qərb dövlətlərində belə bir fikir formalaşıb ki, tolerantlıq və multikulturalizim iflasa uğramaq üzrədir

 Bildiyiniz kimi, insanın hər hansı bir fobiyaya tutulması, əslində heç də müsbət hal deyil, əksinə... Təsəvvür edin ki, bir sıra dövlətlər hansısa bir fobiyaya, məsələn, İsla-mafobiyaya tutulub.

İslamofobiya - "İslam qorxusu" mənasını verən bir termindir. Bu termin islamdan və müsəlmanlardan qorxmanı, çəkinməni ifadə edir.

Termindən ilk dəfə 1991-ci ildə istifadə edilib, ABŞ-da 11 sentyabr 2001-ci ildə baş verən hadisələrdən sonra yenidən gündəmə gəlib. Bu gün "islamafobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı yaranan nifrət hissi nəzərdə tutulur.

İslamafobiyanın tarixi kökləri İspaniyada Əndəlusun ərəblər tərəfindən tutulduğu dövrə gedib çıxır. Səlib yürüşlərinə əsgər toplaya bilmək üçün kilsə xadimləri islamın xristianlığa qarşı olduğu və xristianlığı təhdid etdiyi təbliğatını aparmaqla, islamafobiyanın yaranmasına zəmin yaradırdılar. İslam və xristianlıq arasında əlaqələr normallaşandan, dinlərarası dialoq qurulandan sonra isə islam qorxusu Qərbdə tədricən azaldı və demək olar ki, bir neçə əsr özünü biruzə vermədi. Amma, XX əsrin 90-cı illərindən başlayaraq islamafobiya yenidən gündəmə gəldi, daha doğrusa gündəmə gətirildi. Buna təkan verən hadisələrdən biri Samuel Hantinqtonun məşhur "Mədəniyyətlərin qarşıdurması" məqaləsində islamı Qərb üçün potensial təhlükə mənbəyi kimi dəyərləndirməsi oldu. Bu məqalədən sonra Avropada, eləcə də Amerikada islamafobiyadan daha çox danışmağa başladılar.

11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı "Əkiz qüllələr"ə terror hücumundan sonra isə xristian dünyasında islamafobiya daha da artdı. Avropa ölkələrində işsizlik, əhalinin get-gedə yaşlanması, islam ölkələrində isə əksinə əhalilinin daha sürətlə artıb çoxalması, Qərbdə islama, ümumiyyətlə müsəlmanlara qarşı yaranan nifrətin əsas səbəblərindən birinə çevrildi. Bu nifrətin bəzi qüvvələr tərəfindən daha da alovlandırılması isə problemin qlobal hal almasına gətirib çıxardı. Avropa və Qərb də, bu problemin aradan qaldırılması üçün yollar aramaq əvəzinə məsələnin qəlizləşdirilməsi yolunu tutdu. Yəni İslamı və müsəlmanları Avropa mədəniyyəti və materialist həyat tərzi üçün "potensial düşmən" kimi görən Qərb ziyalıları arasında irqçilik meyllər də, XXI əsrin əvvəllərindən başlayaraq daha da gücləndi. Bu səbədən də, bu gün bəzi Qərb dövlətlərində belə bir fikir formalaşıb ki, tolerantlıq və multikulturalizim iflasa uğramaq üzrədir.

Bunu sübut edən bir çox misallar da göstərmək olar.

Məsələn, bu dövürdə Samuel Hantinqtonun 90-cı illərdə çap edilən əsəri ABŞ üçün doktrina rolunu oynamağa başladı.

Çünki artıq SSSR dağılmış, sosialist sistem çökmüşdu və ABŞ dövləti qarşısında böyük, boş bir meydan yaranmışdı. Bu səbəbdən də, artıq Amerikanı daxili gücü tükənən Rusiya yox, çoxsaylı, təbii artımı durmadan çoxalan və enerji ehtiyatlarına sahib olan müsəlman ölkələri daha çox narahat edirdi.

Müsəlman ölkələri anlayışı altında isə bütün ərəb, fars, türk və digər xalqları təşkil edən, milyarddan artıq əhali nəzərdə tutulurdu.

Eyni zamanda ideoloji mübahisələr həll edilsə də, mədəni və dini fərqlər ortya çıxırdı. ABŞ da dünya müsəlmanlarına qarşı tək müharibə aparmamaq üçün din amilini qızışdırmaq yolunu tutdu. Bu da istər-istəməz xristian - müsəlman qarşıdurması kimi meydana çıxdı.

 Dini mövzularda yazan jurnalistlərin keçirdiyi konfrans zamanı "Fear İncorporated" - "Qorxunun Korporasiyası" məqaləsinin müəlliflərindən biri Faiz Şakir öz müşahidələrini paylaşaraq qeyd edib ki, "Qorxu Korporasiyası" kiçik bir şəbəkədən ibarətdir və onun üzvləri ötən illər ərzində Amerikadakı bütün müsəlmanlara qara yaxan əsassız nəzəriyyələr irəli sür-məklə məşhurlaşmağa çalışırlar. Çünki anti-İslam qruplarından təşkilata on milyonlarla dollar gəlir, yəni "İslama nifrət etmək qazanc gətirir."

 Müəllif həmçinin qeyd edir ki, kütləvi qırğın törədən, norveçli Anders Behrinq Breyvikin Amerikada İslama qarşı baş qaldıran ritorikadan ilham aldığı güman edilir.

Vaşinqtondakı Con Hopkins Universitetindən politoloq Coselin Sezari də qeyd edir ki, bu, transatlantik fəaliyyətlərdir. "Mən Birləşmiş Ştatlar və Avropada eyni başlıqları, eyni mövzuları, dəlliləri və rəqəmləri görmüşəm."

Sezari buna misal olaraq Dünya Ticarət Mərkəzinin dağıdılmasından sonra yaxınlıqda məscidin tikilməsinə qarşı çıxış edənlər arasında hollandiyalı siyasətçi Giyert Vildersi gördüyünü qeyd edir. Sezari həmçinin "İslamafobiya"nın Avropa tərəfindən ixtira edildiyini bildirir. Sezari hər iki tərəfdən olan ekstremistlərin neqativ stereoptiplərdən istifadə edərək qarşıdurmanı alovlandırdıqlarını və mötədillər işə qarışmadığı təqdirdə situasiyanın pisləşə biləcəyindən narahat olduğunu da xüsusi qeyd edib.

Bildiyiniz kimi, Avropadan fərqli olaraq, islam ölkələri səmavi dinlərin təlimlərinə riayət edir, yer üzündə fəzilətli dəyərləri yayan digər kitab dinlərinə ehtiram məsələsində ideal nümunədir. Bunun əyani sübutu üçün aşağıdakı ayələrə nəzər salaq:

-"İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər" (əl-Bəqərə, 62);

-"Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!" (əl-Maidə, 69);

-"Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)" (əl-Həcc, 17).

Bu ayələrin ümumi mənası budur ki, Tək Allaha iman gətirmək, xeyir işləmək lazımdır. Allah qiyamət gününün sahibidir, müxtəlif olanları bir-birindən ayıracaqdır və O, hər şeyi biləndir.

İslamın tolerantlığı onun digər səmavi dinlərə, yəhudilərə və xristianlara baxışında da bütün aydınlığı ilə öz əksini tapıb. İslama görə bütün bu dinlərin kökü birdir. Həbəş hökmdarı Nəcaşi ölkəsinə pənah gətirən mühacirlərin başçısı Cəfər ibn əbu Talibin ona oxuduğu Quran ayələrini dinlədikdən sonra bu həqiqəti belə ifadə edib: "Allaha and olsun ki, bu (ayələr) və İsanın dedikləri eyni qəndildən çıxan nur kimidir".

Əslində, islam Həzrəti Adəmdən Həzrəti Məhəmmədədək (s.ə.s.) bütün peyğəmbər və elçilərin insanlara çatdırdığı bir dindir. O, bir-birinə bağlı halqalar toplusudur; insan dünyada var olduqca islam da var olacaq, tövhidi, Allaha ibadəti təbliğ edəcək, insanları Allahdan qeyrisinə itaətdən qurtaracaq, yer üzündə ədaləti bərqərar edəcək.

Dinlərin mahiyyəti birdir: Xaliqlə məxluqun, abidlə məbudun əlaqəsini təmin etmək! "(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!"- deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi..." (əş-Şura, 13).

Bu ayəyə də nəzər salaq: "(Ya Rəsulum!) Söylə: "Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!" (Ali-İmran, 84).

Məhəmməd peyğəmbərin (s.ə.s.) təbliğ etdiyi islam sonuncu din olub digər peyğəmbərlərin ilahi missiyalarını, hidayət üsullarını özündə birləşdirir. İslam əvvəlki peyğəmbərlikləri təsdiqləyir, onlara böyüklük edir.

İslam yəhudilərin peyğəmbəri Həzrəti Musanın hekayəsindəki bir çox məqamları, üsulları təkrarlayan bir dindir. Həmçinin, peyğəmbərimiz (s.ə.s.) Həzrəti İsanı böyük ehtiramla yad edər və deyərdi: "Mən dünyada və axirətdə İsa ibn Məryəmə ən layiqli kəsəm. Onunla aramdan heç bir peyğəmbər gəlib keçməyib. Peyğəmbərlərin anaları fərqli, ataları isə bir olan ailənin övladlarıdır".

İslam tolerantlığı Əndəlusda və digər yerlərdə bütün dini azlıqlara şamil edilib. Müsəlmanlar və xristianlar bayramlarını birlikdə qeyd ediblər. Tolerantlıq öz zirvəsinə xəlifə Əbdürrəhman ən-Nasirin zamanında çatıb. Belə ki, bu xəlifənin sarayında hər üç ibrahimi dinin mənsubları sayılan böyük təbiblər, alimlər bir yerdə çalışıblar. Şərqdə, Bağdadda isə tolerantlıq xəlifə Məmunun hakimiyyəti illərində parlaq dövrünü yaşayıb.

Tolerantlıq islamın ümumi prinsip və təlimatları ilə səsləşən metoddur. İslam tarixinin bəzi dövrlərində qeyri-müsəlmanlara münasibətdə məhdud sayda ayrı-seçkilik hallarına rast gəlinib. Təbii ki, bu, islamın tolerant ruhundan uzaq məsələdir. İslam tolerantlığa əsaslanan dəvət fəaliyyətidir. Dəvət isə təhkimçiliyə, məcburiyyətə deyil, qənaətbəxşliyə əsaslanır.

Bu da onu deməyə əsas verir ki, bu gün islamafobiyanı özünün təbliğat ruporuna çevirən bəzi dövlətlərin islam dinindən əsla xəbərləri yoxdur. Çünki onların daxilindən gələn nifrət, heç də islamın əsasları ilə bağlı deyil, bilavasitə islamafobiya ilə bağlıdır.

Bu baxımdan Azərbaycanda mövcud olan tolerant və multikultural mühit də, islamafobiyanın qurbanı olan bir çox dövlətlər üçün anlaşılan deyil. Buna görə də, dünya dövlətlərinin Azərbaycana olan marağı gündən-günə artır. Azərbaycan isə bütün bu məsələlərdə dünyaya nümunə ola biləcəyini artıq dəfələrlə sübüt edib. Çünki islamafobiya nə islam dünyası, nə də Azərbaycana xas bir xüsusiyyət deyil. İslamafobiyaya tutulanlar da bundan nəticə çıxarmalıdırlar. 

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.01929497718811