Xalqımızın mentaliteti multukulturalizmin
hərəkətverici qüvvəsidir

Xalqımızın mentaliteti multukulturalizminhərəkətverici qüvvəsidir
 

Azərbaycan xalqı zaman-zaman müxtəlif təsirlərə, təzyiqlərə məruz
qalsa da, özünəməxsus adət-ənənələrini qoruyub saxlamağı bacarıb

 Son on ildə ölkəmizdə multikultural dəyərlərə və tolerantlığa verilən önəm bir çox dünya dövlətlərinin də maraq dairəsinə düşüb. Bu səbəbdən də Azərbaycan multikulturalizm və tolerantlıq modeli bütün dünya dövlətləri tərəfindən araşdırılır və bunun səbəblərinin aydınlaşdırılması üçün tədqiqatlar aparılır. Bu tədqitatlar, eləcə də ölkəmizdə səfərdə olan bir çox dövlət və din xadimlərinin, siyasətçilərin fikirləri də, ölkəmizdə dünyanın heç bir ölkəsində müşahidə olunmayan tolerantlığın mühitinin mövcudluğunu sübut edir.

Bu da səbəbsiz deyil, çünki digər dəyərlər kimi, çoxmədəniyyətlilik dəyərlərinin yaranmasında və formalaşmasıda da bir çox kompleks amillərin böyük təsiri var. Heç şübhəsiz ki, Azərbaycan tolerantlığı və multikulturalizmi də, belə bir mürəkkəb şəraitdə formalaşıb və inkişaf etdirilib. Bu dəyərlərin yaranması və inkişafında əsas rol oynayan amillərdən biri də, xalqımızın mental dəyərləridir.

Bu gün biz Azərbaycanın milli mentaliteti deyəndə, Azərbaycan xalqına məxsus adət-ənənələri və Azərbaycan mühafizakarlığını nəzərdə tuturuq. Bu məsələlərin mənfi tərəfi isə odur ki, zaman-zaman formalaşan bir çox adətlər də, bizə milli mentalitet kimi təqdim olunur. İslam dininin ölkəmizdə təşəkkülündən sonra isə mentalitetimizin əsas hissəsi İslami dəyərlər üstündə köklənib. Bəzən də elə olur ki, ümumiyyətlə xalqımıza aid olmayan müəyyən dəyərləri milli mentaliteti kimi qəbul edərək özümüzə aid xüsusiyyət kimi xarakterizə etməyə çalışırıq. Əksər hallarda isə milli mentalitet kimi təqdim olunan bu dəyərlər, ölkəmizdə məskunlaşan etnik qrupa, milli azlığa yaxud da, hər hansı tayfaya və ya dəstəyə aid olduğu ortaya çıxır.

Əslində, hər bir millətin, xalqın milli ruhu, milli təfəkkürü və oz mentaliteti-mental dəyərləri  var. Bu baxımdan mentalitet də bir millətə xas olan milli-mənəvi dəyərlər toplusudur. Mentalitet (ingiliscə-mentalis sözündəndir mənasi ağıllı və düşüncəli deməkdir) həm də fikirlərin obrazlılığı, ağıllı nəticələrin və dini dünya görüşlərinin cəmi nəticəsində şəxs və ya şəxslər qrupunun əldə etdiyi yaşam və hərəkətlər toplusudur. Mentalitet deyərkən millətlərin və bu millətləri təşkil edən şəxslərin düşünmək, hiss etmək, ətrafda baş verən hadisələrə biganə qalmamaq, onları özünəməxsus şəkildə qavramaq və qəbul etmək kimi basa düsülür. Yəni, mentalitet çox geniş anlayisdir. Daha dəqiq desək, bu anlayışa eyni zamanda xalqın, yaxud da fərdin elmi nəzəri səviyyəsini əxlaqi keyfiyyətlərini, həyat tərzi, adət-ənənələri və bütün bunlarla yanaşı digər xalqlara, millətlərə münasibəti də daxildir.

Azərbaycan xalqı tarixi bağlılıqları, məişəti, adət-ənənələri, həyat və düşüncə tərzi ilə bir cox xalqlardan fərqlənir. Dinimiz İslam, soykökümüz Türk olsa da, Qərblə də mədəni, iqtisadi-siyasi bağlılığımız var. Deməli, bizim bir xalq kimi formalaşmağımız bu göstərilənlərin kompleks təsiri altında baş verir. Onların hər biri bizə bir xalq, millət və dövlət kimi təsir göstərir. Azərbaycan xalqı zaman-zaman müxtəlif təsirlərə, təzyiqlərə məruz qalsa da, özünəməxsus köklü adət-ənənələrini günümüzə qədər qoruyub saxlamağı bacarıb.

Onu da qeyd edək ki, müasir dövrdə mentalitetimizdə özünü qabarıq göstərən cəhətlər, onun formalaşmasına təsir edən amillərin bir cox mənaları olsa da, mentalitet hər bir xalqın tarixən yaradıb formalaşdırdığı, inkişaf etdirərək nəsillərdən-nəsillərə ötürdüyü milli-mənəvi dəyərlər sistemidir. Buna görə də biz, multikulturalizm və tolerantlıq dəyərlərinin inkişaf etdirilməsindən danışdığımız zaman, bu, o anlama gəlməməlidir ki, öz milli-mənəvi dəyərlərimizdən imtina etməliyik. Əksinə, bir millət kimi yasamaq istəyiriksə, yuxarıda qeyd etdiyimiz bütün dəyərlərə kompleks şəkildə sahib çıxmalıyıq.

Bu da danılmaz həqiqətdir ki, Azərbaycan xalqının milli xarakteri və mentalitetinin təsiri altında formalaşan milli ideologiyanı - azərbaycançılıq ideologiyasını Ulu Öndər Heydər Əliyev ümumdünya sivil məkanında milli özünütəsdiqin əsas amili hesab edib. Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi görüşlərində işlənib hazırlanan, ölkə əhalisinin rəğbətlə qarşıladığı azərbaycançılıq, vətən amalının milli dərki kimi təqdim edilir. Heydər Əliyevin təsəvvüründə azərbaycançılıq ideologiyası milli-mənəvi sərvətlərimiz sistemində ən önəmli yer tutur və mübaliğəsiz demək olar ki, müstəqilliyin möhkəmlənməsi əqidəsində olan bütün azərbaycanlıların milli ideologiyası kimi funksional əhəmiyyət daşıyır. O da məlumdur ki, milli-siyasi mentalitetin yaradıcısı xalq və siyasi elitadır. Təbii ki, mədəniyyət zəminində formalaşan siyasi mentalitet ənənə ilə bağlı olub, siyasi həyatda gerçəkləşir.

 Buna görə də Ulu Öndər Heydər Əliyev dövlətçilik konsepsiyasında mövcud olan bir sıra problemlərin həllinə kompleks yanaşır, onun milli-hüquqi dövlət konsepsiyasının mənəvi əsaslarını açıb göstərir. Çünki bir tərəfdən xalqın rifahı, həyatının real səviyyəsi və keyfiyyəti, digər tərəfdən isə milli və bəşəri dəyərlərlə zənginləşən mənlik şüuru xalqın dövlətçiliyinin məzmununu müəyyənləşdirən amillər kimi qəbul olunur. Azərbaycan xalqı Qafqaz xalqları arasında xüsusi yer tutan xalqdır. Qafqaza xas olan bir çox etnik birliklərin sivilizasiyalararası dialoqu şəraitində hər bir Qafqaz xalqlarının mentaliteti özlərində əsrlərin dərinliklərindən gələn ideya və xüsusiyyətləri, tarixi təsəvvürləri, sosial və əxlaqi norma və dəyərləri əks etdirir. Bu mentallıq özündə həm də Qafqaz ənənəviliyini və mənəvi qohumluğunu, ümumqafqaz tarixinə bağlılığı birləşdirir.

Qafqazdakı xalqların milli mədəniyyətləri, milli xarakteri, mentaliteti, ideologiyası özündə türk, slavyan, kartvel, vaynax, Dağıstan, digər dil qruplarını, islam və provaslav dini dəyərlərini, qədim fars, yunan-Roma, ərəb sivilizasiyalarından qidalanan dağlıq və düzən mədəni adət-ənənələrini birləşdirən və əhatə edən mədəniyyətin ayrılmaz bir hissəsidir.

Sosiomədəni fenomen olan mentalitet xalqların, tayfaların xarakteri, psixologiyası adət-ənələrinin öyrənilməsi ilə bağlı anlayışdır. Şərqin görkəmli siyasətçisi Nizamülmülk özünün "Siyasətnamə" əsərində dövlət başçılarına idarə etdikləri ölkənin xalqlarının və tayfalarının xarakterini, adətlərini öyrənməyi məsləhət görür: "Ölkə daxilində uzaqdan-yaxına, böyükdən-kiçiyə qədər heç bir şey onların gözündən qaçmasın".

Mentalitetin fəlsəfi-etik, mədəni-etnik və tarixi səviyyələrdə öyrənilməsi xalqların tarixi həyatının, sosial, mədəni, dini, təbii, bioloji aspektlərinin vəhdətdə götürülməsini tələb edir. Mentalitet sosial-fəlsəfi fenomen olmaqla yanaşı, həm də adətlərin, əxlaqi sərvətlərin, dini etiqadların, şüurun vərdişlərin sayəsində formalaşır.

Ukraynada milli mentalitet, tolerantlıq və multikultural dəyərlərin inkişafı ilə bağlı toplantıda çıxış edən Heydər Əliyev Fondunun vitse -prezidenti Leyla Əliyeva bildirib ki, Ukrayna və Azərbaycanın siyasi, eləcə də digər sahələrdə münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır: "Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Biz bütün istiqamətlərdə milli-dini dəyərlərimizi, adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qorumalı və saxlamalıyıq, həmçinin gənc nəsli zamanın sınağından keçən bu dini, mənəvi dəyərlər ruhunda tərbiyələndirməliyk. Ümummilli lider bizə bunu vəsiyyət edib".

Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci vitse-prezidenti, xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan xalqının mentalitetinin qorunub saxlanılmasında, ölkəmizdə tolerantlığın və multikutluralizmin formalaşması və inkişaf etdirilməsi, eləcə də təbliğ olunmasında Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu tutan Azərbaycanda din dövlətdən ayrı olsa da, dini-mənəvi dəyərlər xalqın mənəviyyatı, dünyagörüşü, həyat tərzi və ideologiyasından ayrı deyil. Bir sözlə, Azərbaycanda milli və dini ideya üstünlük təşkil edir.

Hazırda Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq və mültikulturalizm mühiti də heç şübhəsiz ki, Azərbaycan xalqının mental dəyərləri və xüsusiyətləri üzərində formalaşıb. Ona görə də, tolerantlığı və multikulturalizmi də milli-mənəvi dəyərlərdən-mentatitetdən kənarda təsəvvür etmək mümkün deyil. Çünki bu dəyərlər sistemi ümumilikdə xalqın bütövlüyünü, müstəqilliyini və bəşəri dəyərlər sayğısını özündə ehtiva edir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.016084909439087