Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi ənənəyə çevrilib

  41
20:31 11-09-2017
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan tolerantlığı və multikulturalizmi ölkəmizi dünyada

mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib

 zərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və xalqımızın adət və ənənələri təşkil edir.
 Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən siyasi davranış, XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevirib və  bərpa edib. Azərbaycan tolerantlıq və multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb.
Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Millətlərarası,
Multikulturalizm və "Dini Məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Bu iki qurumun yaradılması və dövlət tərəfindən dəstəklənməsi, bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynayan Azərbaycanın, Şərq və Qərb yarımkürələrində nüfuzunu gücləndirmək məqsədi daşıyır. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.
Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi "Qloballaşma, din, ənənəvi dəyərlər" mövzusunda tədbirin 2010-cu ilin aprelində, məhz Bakı şəhərində keçirilməsi də, bunun bariz nümunəsidir. Bu tədbirlərin Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı baxımından da mühüm əhəmiyyət  daşıyır.
Onu da qeyd edək ki, 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğində Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşavirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, Heydər Əliyev Fondunun da əvəzolunmaz xidmətləri var. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans keçirilib və "Parisin ürəyində Azərbaycan musiqisi" adlı konsert təşkil olunub.
2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilib. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak ediblər.
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi, heç şübhəsiz ki, ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması, Azərbaycanın dünyaya töhfələrindən biridir.
İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm - cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcud olmasıdır. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salan dövlətlər də yox deyillər.
Bu günlər Myanmada baş verənlər, eləcə də Ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər buna misal ola bilər. Bildiyiniz kimi, dünyada multikulturalizmin bir çox modelləri var, məsələn ABŞ, İsveç, Avstraliya, Kanada modelləri. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilir. Çünki bu modelin tarixi köklərə bağlılığı onu daha dayanıqlı edir. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi də, deyilənləri bir daha təsdiq edir.
Bir sıra dövlətlərin, bəzi siyasilərin nə demələrindən asılı olmayaraq, bugünkü qloballaşan dünyamızda multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması, bizim üçün qürurverici bir hissdir.
Biz hər dəfə yazılarımızda qeyd edirik ki, ölkəmizdə tolerantlığın və multikultural mühitin qorunması və inkişaf etdirilməsində dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları(QHT) da yaxından iştirak edirlər.
Bu baxımdan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Zaqatala şəhərində, Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu və onların üzərinə düşən vəzifələr" mövzusunda konfransın keçirilməsi də müsbət haldır. Çünki Zaqatala rayonu ölkəmizdə məskunlaşan bir çox xalqların nümayəndələrinin kompakt şəkildə yaşadıqları bir bölgədir. Bu həssaslığı nəzərə alaraq keçirilən tədbir də heç şübhəsiz ki, çox sayda insanları özünə cəlb edir.
Multikultural dəyərlərə sadiqliyi ilə dünyaya nümunə olan Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan olunması, 2017-ci ildə "İslam Həmrəyliyi Oynuları"nın keçirilməsi təbiidir. Çünki bu tədbirlər çərçivəsində mədəni müxtəlifliyin, tolerantlığın təbliği, tədqiqi və gələcək nəsillərə çatdırılması istiqamətində keçirilən konfranslar, dəyirmi masalar, mədəni-kütləvi tədbirlərdə on minlərlə insan iştirak edib. Bu insanlar həmin tədbirlər vasitəsi ilə dünyada və Azərbaycanda  tolerantlığa və multikaltural dəyərlərə münasabətləri əyani şəkildə öyrənə bilirlər. Azərbaycanın ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlərin iştirakçıları da, müxtəlif millətlərin və dini konfensiyaların nümayəndələrinin min illər boyu dinc, sülh şəraitində yanaşı yaşamasının şahidi olub, ölkəmizdən xoş təəssüratlarla ayrılırlar.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının milli donor kimi vətəndaş cəmiyyətinin formalaşmasında rolu çox böyükdür. Şura qrant müsabiqələrinin mövzularının hər il təkmilləşdirilməsinə, ölkənin daxili və xarici siyasətinin prioritet mövzuları ilə zənginləşdirilməsinə böyük önəm verir. Dövlət də, əslində bu qəbildən olan qurumlar vasitəsi ilə özünün müxtəlif sahələr üzrə siyasətini yönəltməyə çalışır. Məsələn, Şuranın maliyyələşdirdiyi layihə mövzuları siyahısında tolerantlıq və multukulturalizmin inkişaf etdirilməsi istiqamətində də mövzular mütləq yer alır. Məhz belə layihələrin həyata keçirilməsi nəticəsində bu istiqamətdə inkişaf meyilləri daha da irəliləyir və bu tendensiya davamlı xarakter alır. Məsələn, ötən il ərzində Şuranın dəstəyi ilə multikulturalizm mövzusunda 22 layihə uğurla həyata keçirilib ki, onlardan bir neçəsi ölkədə multukulturalizmin və dini-milli dözümlülüyün təbliğinə yönəldilib. Bu da ölkəmizdə tolerantlığın və multikultural dəyərlənin qorunması və inkişaf etdirilməsi baxımından çox yüksək nəticədir. İnanırıq ki, Azərbaycan hökumətin ölkəmizdə tolerantlığı və multukultraliizmi inkişaf etdirməklə gələcəkdə də dünyanı təəccübləndirməkdə davam edəcək. Bu ilin əvvəlindən başlayaraq düzənlənən tədbirlər də, bu inamı cəmiyyətdə möhkəmləndirməkdədir.

   “Paralel”in

Araşdırma Qrupu
 Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

 

 

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli