• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Mənəviyyatın aşınması, yoxsa...

Terrordan yox, mənəviyyatsızlıqdan, yalandan və haqsızlıqdan qorxun

Mənə belə gəlir ki, bəşəriyyəti məhv edəcək ən güclü qüvvə, nə terrordur, nə də müharibələr. Əgər bir milləti, xalqı mənəvi cəhətdən məhv etmək mümkünsə, burada terrora, müharibələrə nə ehtiyac var? Sadəcə olraq, həmin milləti mənəviyyatsızlaşdırmaq kifayətdir ki, onu istədiyin kimi idarə edəsən.
Bir müddət əvvəl Qazax rayonunda keçirilən bir məhkəmə prosesi zamanı bir nəfər ürək tutmasından həyatını dəyişib, səbəb bilirsiniz nə olub? Atadan miras qalan torpaq payını qardaşı ilə bölüşə bilməməsi və məhkəmə müstəvisində qarşılaşdığı haqsızlıq.
Bu günlərdə mətbuatda oxudum ki, bir oğul öz həyat yoldaşı ilə birləşərək, aldatmaq və dələdüzluq yolu ilə 80 yaşlı atasının evini əlindən alaraq, küçəyə atıb. Yenə də səbəb məhkəmə haqsızlığı və heç şübhəsiz ki, mənəviyyatsızlıq.
Bu günlərdə bir köhnə tanışım olan həmkarımla rastlaşdım, bir qədər əsəbi və emosional olan bu insan məni görən kimi əl-qolunu oynada-oynada əsəbi şəkildə bildirdi ki:
-Vallah, məni infark vuracaq. Bir şey qalmayıb. Ay qardaş, bu qədər də haqsızlıq olar?
Deyirəm ki, bir özünə gəl, de görüm nə olub axı? Bir sakitləş! Sən demə, keçən dəfə jurnalistlərə ev verilən zaman guya yaddan çıxaraq evsiz qalan bu ahıl insan, bu dəfə də eyni haqsızlıqla üzləşib.
-Mən ev davası döymürəm, ancaq bu qədər də haqsızlıq olmaz axı, ağzının südü qurumayıb hələ, onu siyahıya salırlar, mənə isə deyirlər döz, sənə də növbə çatacaq, nə vaxt, görum çatlayıb, ordan çıxanda?!
Elə necə gəlmişdisə, eləcə də deyinə-deyinə uzaqlaşdı. Mənə də bir o qalırdı ki, arxasınca deyim, Allah köməyin olsun.
Daha bir son xəbər, 10 yaşında uşaq, divara "intahar etməyə gedirəm" yazaraq, canına qəsd edib. Bütün bu qeyd etdiklərimin, əsas səbəbi haqsızlıqdır, haqsızlıq isə mənəviyyatsızlıqdan yaranır. Çünki mənəviyyatı təmiz insan heç zaman başqasına qarşı haqsızlıq etməz. Buna da heç şübhəm yoxdur ki, mənəviyyatın kasadlaşdığı bir məkanda, haqsızlıq həmişə qalıb gələcək. Burada müəllifin adını unutduğum bir misalı xatırlatmaq, məncə yerinə düşər:

"Arsızlığa cəsarət, zinaya aşk dedilər.
Bir nəslin əxlaqını iştə böylə yedilər..."

Mövcud reallıqla səsləşən bu fikirlərin müəllifi də həyəcan təbili çalır ki, mənəvi aşınma nəticəsində bütün dəyərlər itir, nəsillər məhv olur. Bu gün məmləkətimiz də, bu aşınma təhlükəsi qarşısındadır. Artıq həyatımızın bir çox sahələrində bu aşınma açıq şəkildə özünü göstərir. Bütün yazılarımda qeyd etdiyim kimi, bu aşınmanın özəyində, təməlində yalan durur, hamı yalan danışır, hamı biri-birini aldatmaqla mal, dövlət, sərvət sahibi olmaq istəyir. Ancaq heç kim düşünmür ki, hasızlıqla əldə olunan hər bir qəpiyə, manat görə, haqq dünyasında cavab verməli olacaq. Allahtəala buyurur ki, heç zaman özünüzdən zəiflərə qarşı haqsızlıq etməyin, onların haqqına əl üzatmayın, onların sizlərə gücü çatmadıqda məndən yardım istərlər, mən də onlara yardım edərəm.
Belə rəvayət edirlər ki, çox varlı birisi ölümündə əvvəl belə bir ismarıc yollayır ki, kim öldüyü gün bir gecəni onunla bir qəbirdə keçirsə, bütün sərvətini ona bağışlayacaq. Belə bir insanı tapmaq heç də asan olmur, kim diri-diri qəbrə girmək istər? Nəhayət, birini tapırlar və aralarında anlaşma olur ki, öldüyü gün onunla bir qəbirdə bir gecə yatmaq müqabilində bütün sərvətinə sahib olacaq, bütün yaxınları qohumları da buna şahidlik edirlər. Hambal da fikirləşir ki, onsuz da, diriykən ölü kimi bir şeyəm, itirəcəyim də bu cidadan başqa bir şey deyil, qoy olsun, ən azından mal, dövlət, sərvət sahibi olaram. Vədə yetişir, sərvət sahibi vəfat edir, qohum -əqrabası hambalı tapır və onunla birlikdə qəbrə qoyurlar. Gecənin bir vədəsində sorğu-sual sahibləri gəlir, görürlər ki, qəbirdə iki nəfər var.
Deyirlər, bu ölü onsuz da bizimdir, gəlin digərini sorğu-sual edək ki, görək buraya nə üçün gəlib. İlk sualları da bu olur ki, bu cidanı necə qazanmısan? Bu cida səndə haradandır? Hambal bu suallara cavab verə bilmir və hövlənk qəbirdən çıxıb qaçmağa başlayır. Ölünün qohum-əqrabası onu tutur ki, hara qaçırsan, sən söz vermisən, sözünə əməl et. Hambal deyir ki, sizdən heç nə istəmirəm, mənə var, dövlət, sərvət lazım deyil. O dünyada bir cidanın haqq-hesabını verə bilmədim. Nəyimə lazımdır o sərvət ki, məni cəhənnəmə aparacaq, qoy sizdə qalsın.
Bəli, o dünyada bir cidanın belə haqqı, sorağı olacaq. Bunu isə anlamaq lazımdır.
Yaxud digər bir misal: "Yalan deyirsən, cəhənnəmdə atəş yoxdur, atəşi ora biz özümüzlə aparırıq". Öz əməlimizlə.
Bəli, bu yalanlar sonunda bizim axırımıza çıxacaq. Ata oğluna, oğul atasına, anasına, ana qızına, qız anasına, bacı qardaşına, qardaş bacısına, ümumiyyətlə xalq bütövlükdə yalan satır bu məmləkətdə. Xalqın idarəçiliyinə boyun olan, xalqa, eləcə də dövlətə görə məsuliyyət daşıyan məmurlar da, utanmadan, qızarmadan, heç bir məsuliyyət hissi keçirmədən xalqa yalan üyüdür, bu məmləkətdə.
Qədəmini ilk dəfə məktəbə, bağçaya atan cocuq da, bu yalanların qurbanına çevrilir. Anasının müəlliməsinə, onun da anasına yalan danışdığının şahidi olur sosuq o anda. Və elə bu andan da onun uşaq psixologiyasında özünüqorumaq instinqi, yəni yalan uydurmaq smptomları meydana gəlir və böyüdukcə, həmin simptomlar da böyüyür. Son nəticədə ölkəyə, xalqa yararlı bir insan əvəzinə, bütün millət üçün təhlükə olan mənəviyatsızlığa düçar olur, istər-istəməz. Bunun da sonda çox ağır nəticələri olur. Bizim inqilabçı şairimiz Xəlil Rza Uluturk deyir:

Çörək də tapırıq, ət də, balıq da,
Məhəbbət, sədaqət çəkilib ərşə.
Çoxdur məmləkətdə başı papaqlı,
Kişilik, dəyanət çəkilib ərşə...

Allah sənə qəni-qəni rəhmət eləsin Xəlil Rza!
Ay rəhmətlik, "arsızlıqa cəsarət, zinaya aşk" deyilən bu məmləkətdə məhəbbət, sədaqət nə gəzir?!
Düz deyirsən, "çoxdur məmləkətdə başı papaqlı", hətta başının bir qəpiklik dəyəri olmayan da, xalqdan, dövlətdən taladığı pullara özünə bahalı papaq da alır, bu məmləkətdə.
Nə olsun!
Ancaq nə kişiliyi, nə dəyanəti, nə də mənəviyyatı pulla ala bilməzsən, nə də onu sənə hədiyyə edərlər, rüşvət kimi. Çünki, bu məmləkətdə artıq hədiyyə anlayışı da öz əhəmiyyətini itirib.
Məsələn, müəllim günündə həyətdə becərdiyin güllərdən bir çələng tutub apararsan uşağın müəlliminə, götürüb başına çırpar ki, "bu nədir, sənin gülünə qalmışam!". Əgər çıxarıb bir 50 manat versən, bilməz sənə necə yaltaqlansın, budur günümüzün reallığı.
Mənəviyyatın aşınması, həm də bütövlükdə gəncliyimizi məhv edir. Yeniyetmə gənclər görəndə ki, bu məmləkətdə kimliyindən asılı olmayaraq, heç kimin əməli, işi, fəaliyyəti, dediyi sözlərlə, yüksək tribunadan səsləndirdiyi fikirlərlə əsla uzlaşmır, nə etsinlər? Görəndə ki, düz danışan, düz söz deyən, öz mənəviyyatını qorumağa çalışan "düzdə qalıb", yalan pahləvanları öndə gedir, o da həmin yolu tutmaq məcburiyyətində qalır.
Məktəbdən, bağçadan başlayan yalan "karusel"ini cəmiyyətdə də, işlədiyi yerdə də fırladır, sözün həqiqi mənasında. Bu səbəbdən də, dövlət idarəçiliyinə gənclərin gətirilməsi də, heç nəyi dəyişmyə imkan vermir. Necə deyərlər,"palana bürün, elnən sürün!" Əks təqdirdə, sən də eldən ayrı düşərsən və həyatın cəhənnəmə dönər bu məmləkətdə.
Mən hər zaman düşünürəm ki, nə üçün bizi idarə edən, daha doğrusu bizə rəhbərlik edən məmur çetesi hətta dövlətimizin başçısının təkrar-təkrar tələbinə belə əhəmiyyət vermədən, öz vəzifə borclarını yerinə yetirərkən, ancaq özlərini və ətraflarını düşünürlər. Bunun cavabın bu gün tapdım.
Otto fon Bismark deyir ki: "Məmurlar sadə insanların əməl edə bilməyəcək qanunları yazan "trutinlər"dir(burada ən az işləyən və ən çox yeyən mənasında qeyd olunub). Nə üçün nazirlərin maaşı daimidir və sadə insanların yaxşı, yaxud pis yaşamalarından asılı omayaraq dəyişmir. Əgər bu bürokratların gəliri xalqın rifah səviyyəsinə görə dəyişsəydi, bu axmaqlar da az qanunlar yazar, daha çox düşünərdilər".
Bu mənim yox, Bismarkın çox-çox əvvəllər səsləndirdiyi fikirdir. Ancaq bu gün Azərbaycanda baş verənləri müşahidə və təhlil etdikdə Bismarkla razılaşmamaq mümkün deyil.
Məsələn, Milli Məclis hər gün hansısa qanuna dəyişiklik edir, yeni qanunlar qabul edir və elə bir vəziyyət yaranır ki, sözün həqiqi mənasında adi vətəndaşlar bu qanunlardan irəli gələn tələblərə əməl etmək iqtidarında olmurlar. Yaxşı, bildiyiniz halda ki, bu qanun elə qanun olaraq kağız üzərində qalacaq, onları qəbul etməyə nə hacət? Yaxud da, elə mücərrəd qanunlar qəbul edirlər ki, onlara istəsən belə əməl edə bilməzsən.
Bu günlərdə MM-də ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması, yaxud məhdudlaşdırılması ilə bağlı qanun müzakirə olunub. Müzakirədə çıxış edən deputatlar həmişə olduğu kimi, yenə də cərimələrin miqdarının artırılmasını təklif ediblər. Məsələn, metropoliten ərazisində siqaret çəkməyə görə deputat tərəfindən təklif oluna məbləğ 500 manatdır.
Bu depulat heç fikirləşirmi ki, bu gün Azərbacanda metrodan istifadə edən vətəndaşın cibində 500 manat pul nə vaxt ola bilər? Bir ölkədə ki, minimum pensiya və minimum əmək haqqı heç 150 manata çatmırsa, cərimələrin burdan 2-3 dəfə yüksək təyin olunmasının anlamı nədir? Yaxud, övladı siqaret çəkən valideyin 250 manat cərimə olunsun, bu nə deməkdir? Hansı valideyin istər ki, onun yeniyetmə övladı siqaret çəksin?
Bütün bunlar hesab edirəm ki, heç bir əsası olmayan absurd yanaşmalardır. Cərimələr ən yaxşı halda hər bir insanın gəlirinin müəyyən bir hissəsi ola bilir ki, o insan həmin hissəni itirdikdə bir mənəvi məsuliyyət daşısın. Yoxsa, vətəndaşın maaşı vur -tut 150 manatdır, sən də onu 500 manat cərimə edirsən. Belə çıxır ki, həmin vətəndaşın ailəsi 3 ay müddətində torpaq yeyib dolanmalıdır.
Bu cür anlaşılmazlıqlar burulğanında qalan sadə vətəndaş da çıxıq yolu tapmaq üçün ya mənəviyyatsızlığa sürüklənir, ya da cinayətə. Bu iki anlayış arasında məncə elə də böyük fərq də yoxdur, zatən.
Məsələn, rüşvətxorluq da, əslində mənəviyyatsızlıqdır, qanuna görə isə cinayətdir. Birimiz veririk, digərimiz alırıq. Bunun bədəli də, hər iki baxımdan eynidir. Bəs, bütün bunlardan çıxış yolu varmı?
Bütün çıxılmazlıqlardan çıxış yolu var. Bu yol isə ilk növbədə mənəviyyatdan keçir. Əgər biz xalqımıza xas olan, yüzillər boyu xalqın bütün yaşamını əhatə edən milli mənliyini, milli qürürunu qaytara bilsək, "alçaqlığa cəsarət, zinaya aşk" deməsək, ölkədə başına əsl kişi papağı qoyanlar çox olsa, əlbətdə ki, bu vəziyyətdən çıxa bilərik.
Bir daha yalan haqqında, bu yalanlar nə qədər ki, bizim həyatımıza hakim kəsilib, yuxarıda dediklərimizi həyata keçirmək çox çətin olacaq. Bunun üçün də hər birimiz, bütün cəmiyyət bu yalanlardan qurtulmalıdır.

Məni əfv edin yalanbazlar,
başqa cür yaza bilmədim.
Oxunma sayı:53

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası