• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


"Bakı müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii körpüdür"

http://paralel.az/uploads/posts/2017-06/medium/1497372206_logo-kvdf.jpg
Azərbaycan son illərdə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlərin keçirildiyi bir məkana çevrilib
Tolerantlığın, interkulturalizmin və multikulturalizmin əhəmiyyəti zamanın tələbi kimi bizim hər birimizə ünvanlanan sifarişdir. Bu tələb, həm də etno-konfessiyalar arasında yaranan münaqişələrə reaksiyadır. Şimali Afrikada, Yaxın Şərqdə və Ukraynada baş verən hadisələr də, əslində onu deməyə əsas verir ki, hətta, yalnız iqtisadi-ticarət məqsədi üçün də insan faktorunun nəzərə alınmaması, çoxəsrlik tarixi mədəniyyət ənənələrinə malik olan xalqlar arasında regional vətəndaş müharibəsinə səbəb ola bilər. Lakin Azərbaycan, İsveçrə, Belçika və Rusiya Federasiyası kimi çoxmillətli və çoxkonfessiyalı ölkələrdə etnik millətlərarası münasibətlərin effektiv həll olunması, bu dövlətlərdə aparılan uğurlu siyasətin nəticəsidir. Burada həm də, milli liderlərdən, hökumət başçılarından, siyasi və ictimai xadimlərdən çox şey asılıdır. Onlarda ölkədə baş qaldıran mənfi tendensiyaları öncədən görmək və qabaqlayıcı tədbirlər görmək qabiliyyəti olmalıdır. Ölkədaxili iqtisadi, sosial, dini və mədəni siyasət balanslaşdırılmalı və insanlarda gələcəyə inam yaratmalıdır. Burada söhbət milli azlıqların korporativ maraqlarına xidmət edən siyasətdən getmir, əksinə, hər bir fərdin mədəni kimliyinə verilən təminatdan gedir. Bu baxımdan Azərbaycan son illərdə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirildiyi bir məkana çevrilib. Bunun da, heç şübhəsiz ki, həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Bu əsasları yaradan başlıca səbəb Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin əsrlər boyu bir ailə kimi yaşamalarıdır. Ölkəmizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi, ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın ən yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir". Bu sözlər, həm də prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur və özünün bu sahədəki zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Onu da qeyd etmək vacibdir ki, bu təcrübənin əsası da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib. Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq, həmin ilin dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Konfransda İlham Əliyevin çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırıb. Konfransda həmçinin dövlət başçısı tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib: "Mən çox istərdim ki, bu gün əsası qoyulan "Bakı prosesi" uzunmüddətli olsun. Bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin". Avropa Şurasının baş katibi Teri Devis isə konfransın keçirilməsinin bütün Avropa üçün əlamətdar hadisə olduğunu bildirib və qeyd edib ki, Bakı müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii körpüdür. Bu da onu deməyə əsas verir ki, həmin konfransın keçirilməsində əsas məqsəd ölkəmizin Avropa Şurasına və İSESKO-ya üzv yeganə dövlət olmaq imkanından bəhrələnərək, Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü - vasitəçisi rolunu oynamaqla yanaşı, həm də fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən "Bakı prosesi"nin əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində duran ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirmək olub. Onu da qeyd edək ki, 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı keçirilib. Tədbirə Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət olunublar. Bu tədbirdə də dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası dialoqa dəstək siyasəti öz təntənəsini tapıb. Azərbaycanın timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti, əslində, böyük dövlətlərə multikulturalizm dərsi keçir. Eyni zamanda, dinlərin harmoniyada olmasının mümkünlüyü ideyasını təlqin edərək bunu, təkcə, sözdə deyil, həm də əməli işdə təsdiq edir. Onu da diqqətinizə çatdıraq ki, dünyanın bir çox yerlərində, ümumiyyətlə tolerantlığın mövcud olmaması yaşadığımız dövrün acı həqiqətidir. Məsələn, Ermənistanda erməni olmayanlara, xüsusən türklərə və azərbaycanlılara qarşı patoloji nifrət, Afrika və Asiyanın bir sıra ölkələrində müsəlmanların dini mənsubiyyətə görə kütləvi şəkildə öldürülməsi, Rusiyada rus olmayanlara qarşı skinhed hərəkatı, Avropada antimüsəlman mərkəzləri, İŞİD və s. tam olmayan siyahının acı faktlarıdır. Biz bəzi bölgələrdə qeyri-tolerantlığın səbəblərini məkan faktorunda görmürük. Özünü sivil adlandıran Avropada ikili standartların tətbiq olunması, faşizm ideyasının zaman-zaman aktuallaşması dünyada heç də mütləq tolerant bölgələrin olmadığını göstərir. Bu cəhətdən qeyri-tolerantlığın səbəbi ictimai şüurun qeyri-bərabər inkişafıdır. Çox təəssüflər olsun ki, dünya hələ də tolerantlığı yaşam və mövcudluq normasına çevirə bilməyib. Bu baxımdan Azərbaycan bu gün dünyaya bir nümunə ola bilər. Bu nümunənin bariz təcəssümü isə 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul etməsidir. Bildiyiniz kimi, həmin Forum respublikamızın paytaxtında böyük uğurla geçirildi və bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması baxımından çox önəmli idi. Çünki "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu sayda qonaqlar qatılmışdılar. Bildiyiniz kimi, multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıq, dözümlülükdür. Ölkəmiz isə tolerantlığın məkanıdır."Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir", deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıb. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Çünki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Çünki buna əsas belə olmayıb, tarixi faktlardan da göründüyü kimi, uzun tarixi dövrdə tolerantlıq, mültikulturalizm özü artıq mövcud olsa da "multikulturalizm" termini siyasi leksikona ilk dəfə ötən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərində gətirilib. Və bu termindən vahid mədəni məkanı ifadə etmək üçün istifadə edilib, eyni zamanda multikulturalizm mədəniyyətlərin assimilyasiya olmadan inteqrasiyasını təklif edib. Həqiqət budur ki, ötən əsr boyunca assimilyasiya Avropanın bəzi dövlətləri tərəfindən immiqrant mədəniyyətlərə münasibətdə istifadə edilən strategiya kimi bir çox hallarda özünü doğrultmadı və bu gün də belə əngəllər qalır. Məsələn, minarələrin tikilməsinə, müxtəlif geyim növlərinə, dini simvollara qoyulan qadağalar, etnik əlamətə görə dövri təqiblər və s. Bu da onu göstərir ki, bir çox Avropa ölkələri multikultiralizm prinsiplərindən imtina ediblər və hətta bu gün multikulturalizmin iflasa uğradığını qəbul və bəyan edirlər. Həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəf seçən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan qüvvələr buna səbəb kimi mürəkkəb kulturoloji vəziyyəti göstərirlər. Bu da bildiyiniz kimi, ən azından Azərbaycanın timsalında yanlış yanaşmadır. Əksinə, tolerantlıq və multikulturalizm bu gün inkişaf mərhələsindədir və Azərbacan bu baxımdan bütün ölkələrə örnək ola bilər. Bu gün bir çox Avropa ölkələri də, Azərbaycan nümunəsindən bəhrələnməyə çalışırlar və bu sahədə bir çox tədbirlər keçirilir. Məsələn, bir müddət əvvəl İspaniyanın Valensiya şəhərində keçirilən UNESCO İpək Yolu layihəsinin onlayn platformasının ikinci beynəlxalq forumu bu baxımdan təqdirəlayiq haldır."La seda y la paz" (İpək və sülh) devizi altında keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İspaniya ilə yanaşı, Livan, Xorvatiya, İtaliya, Çin, Fransa, həmçinin Dünya Turizm Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri iştirak ediblər. Tədbir dünya xalqları arasında dözümlülüyün təbliğatına, sülhə və əmin-amanlıq çağırışına həsr olunub.

“Paralel”in

Araşdırma Qrupu Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub
Oxunma sayı:22

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası