Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Döyüşən heykəllər, yanan heykəllər...

  91
16:50 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Tələbə və ya şagird olduqlarını bilmədim. Onu bildim ki, tariximizdən, ədəbiyyatımızdan bixəbərdilər.

        
Azərbaycan kinoteatrının qarşısında Xan qızı Natəvanın heykəlinin çevrəsinə əkilən güllər ona xüsusi gözəllik verirdi və bu diqqətimdən yayınmadı. Heykəlin şəklini çəkəndə birdən yaxınlıqdan keçən iki-üç nəfər qızın yarı rus, yarı ana dilimizdə: “Bu xaricilər bunun şəklini nəyə çəkirlər e, bu quru heykəldə nə görüblər axı”,- deməsi bir anlıq başıma od ələdi, ovqatımı korladı, elə bil ürəyimdə mərmi partladı. Özümü güclə saxladım.

        
Zaman-zaman yağmalanan Vətənimin, soyqırımlara məruz qalan xalqımın XXI əsrdə yaşayan övladları Xan qızı Natəvanı tanımırlar. Təəssüf, min təəssüf...

        
Əcnəbi musiqilərin qulağımızı yağır etdiyi, beynimizi döyəclədiyi Fəvvarələr meydanında gəzib-dolaşan onlarla soydaşım bəlkə də bu heykəlin kimin olduğunu bilmir. Hardan bilsinlər? Və yaxud da rəhmətlik Sabirin “Oxutmuram əl çəkin” şerinin tonunda: “Bilmirəm, əcəb edirəm, bilməyə borcluyam ki”,- deyənlər nə çox...

        
Qınayıram, özümü də, sizi də, elə hamımızı da. Belə “uşaqları” görəndə yada ilk düşən müəllimlər olur. Bəli, onlar da qınanılasıdırlar. Niyə? Heç olmasa o uşaqları dörd divar arasından çıxarıb ədəbiyyat dərslərindən birini də elə bu heykəlin yanında keçsinlər. Uşaqlar Natəvanı, tariximizi, soyumuzu, kökümüzü, lap elə mayın səkkizində yoxluğunun 26-cı ildönümünün ağrısını çəkdiyimiz Şuşanı tanısınlar. Ən azından Bülbülün, Natəvanın, Üzeyir bəyin güllə-boran edilmiş heykəllərini gözləriylə görsünlər. Görüb bilsinlər ki, düşmənlərimiz camızın, qanımızın qəsdinə durduğu kimi, min illər boyu yaratdığımız maddi-mənəvi sənət əsərlərinin, tarixi abidələrimizin, heykəllərimizin də qəniminə çevriliblər.

 

         Şair Bəhman Vətənoğlu demiş:

 

         Ehtibar, etiqat olub sər - səri,

         Ülfət də azalıb illərdən bəri,

         Siz ey məmləkətin müəllimləri,

         Ülfət dərsi keçin bu uşaqlara. 

 

         Bilsin doğrusunu, bilsin düzünü,

         Seçsin ləpirini, görsün izini,

         Dərindən tanısın özü-özünü,

         Millət dərsi keçin bu uşaqlara.

        

         Vətən satanları tanımaq ücün,

         Vətən alanları tanımaq ücün,

         Düşmən olanları tanımaq ücün, ,,

         NIifrət dərsi keçin bu uşaqlara.

 

         Elimlə göylərə uçmasanız da,

         Hippokrat andını içməsəniz də,

         Kimləri, nələri keçməsəniz də, 

         Qeyrət  dərsi keçin bu uşaqlara...

 

Bu uşaqlar, bu gənclər bilsinlər  ki, Fransız yazıçısı və səyyahı Aleksandr Düma Azərbaycana gələndə Xan qızı Natəvanla görüşüb, onun ağlına, dünyagörüşünə, istedadına heyran olub. Ona xatirə olaraq şahmat hədiyyə edib. Xan qızı da Aleksandra tikmələrini bağışlayıb.


Dərdin özü olub Natəvan. Gördüyünü, bildiyini, içində çəkdiyini gülə-çiçəyə, bu gün matəm gülü dediyimiz Qərənfilə danışıb və qərinələr, yüz illər keçməsinə baxmayaraq bu günümüzü də böyük uzaqgörənliklə, yanğı ilə qələmə alıb.

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

 

Səni gülşən ara aşüftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

 

Üzündən pərdeyi-nazın kənar et!

Unutma aşiqi, haşa, qərənfil!

 


Görəsən bu günlərimi düşünüb Natavanı belə qəmgin, gözü yolda yaradıb heykəltaraş. Və bu heykəlin düz şəhərin mərkəzində qoyulmasının bir sirri, şifrəsi varmı? Varsa da hələ ki, biz onu çözə bilməmişik.


Mən bir ipucu tapmışam. Heykəli bura qoyanlar əlbəttə ki, nəyisə biliblər, düşünüblər. Düşünüblər ki, nə vaxtsa Xan qızını tanımayan, unudan olsa ən azından bura yolu düşəndə onu görəcəklər, tanıyacaqlar, xatırlayacaqlar və heç zaman unutmayacaqlar. Unutmayacaqlar?!..


Yeri gəlmişkən, çoxdandı ki, məni sıxan, narahat edən bir fikri də yazmaq istəyirəm. Ötən yeni ildə Xan qızının heykəlinin yanında bir ayı personajı düzəltmişdilər. Özü də arxası Xan qızına tərəf. Düzü, ayını ora qoyanların kimliyi məni elə də maraqlandırmır. Demirəm ki, şəhərimizi gələn qonaqları əyləndirmək, onları cəlb etmək üçün yeniliklər olmasın. Olsun, amma baxır harda. O ayıdan biz azmı çəkmişik...


İnanıram ki, bu il yeni ildə ayı həmin heykəlin yanında olmayacaq. İnanıram ki, o heykəlin daha əzəmətlisini biz Xankəndində ucaldacağıq. Natəvanın heykəli Azərbaycan bayrağının kölgəsində ən xoşbəxt günlərini yaşayacaq. Bəli, yaşayacaq! İnanıram ki, Xan qızını tanımayan o qızlar və ya onların övladları nə vaxtsa orda-azad edilmiş yurd yerində heykəlin önünə gül-çiçək dəstələri düzəcək, hələ üstəlik xatirə şəkli də çəkdirəcəklər. Elə hər birimiz o günü gözləyirik. O gün isə...


Azərbaycan əsgəri deyir ki, çox da uzaqda deyil...

 


Hafiz Hacxalıl

 


Yazarlar